İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev Putinin iqtisadi ittifaqından çıxır?


Hazırda Qazaxıstan cəmiyyətində Aİİ və KTMT-dən çıxmaq əsas müzakirə mövzusudur

Rusiya-Qazaxıstan münasibətlərində gərginliyə çevrilmiş Xəzər Boru Kəməri Konsorsiumu ətrafında yaranmış vəziyyət Qazaxıstanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması riskini yaradıb. Eyni zamanda, Rusiya üçün də hadisələrin bu cür inkişafı çox ağır nəticələr verə bilər. Əgər Qazaxıstan Rusiyadan yan keçməklə öz neftini ixrac etmək üçün başqa yollar tapsa, o zaman Aİİ-ni tərk etmək də gündəmə gələ bilər. Maraqlıdır ki, Aİİ-nin yaradıcısı Rusiya və Belarusla yanaşı Qazaxıstandır. Bu beynəlxalq təşkilatın yaranmasında Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev böyük səy göstərib.

Rusiyalı və qazaxıstanlı ekspertlərlə Qazaxıstanın Aİİ-dən çıxması halında mümkün nəticələr barədə danışıb.

Politoloq Tolqanay Umetaliyeva “Moskovskiy Komsomelts”ə müsahibəsində Qazaxıstanın Aİİ-dən çıxması ilə bağlı fikirlərini açıqlayıb. Onun fikrincə, indi Qazaxıstan Rusiya ilə mehriban qonşuluq münasibətlərini saxlamaq üçün çətin ki, Avrasiya İttifaqından çıxsın. Bu, Qazaxıstanın maraqlarına uyğundur. Amma ölkə daxilində bunu dəstəkləsələr, belə bir qərar verilə də bilər. “Prezident Tokayev fəaliyyətində ictimai rəyə ciddi önəm verir. O baxımdan, belə bir ciddi qərar ölkə daxilində siyasi dəstək qazanmalıdır. İndi Tokayev belə bir addım atmayacaq, amma vəziyyət pisləşməkdə davam edərsə, Qazaxıstanın qurumdan çıxması mümkündür. Hazırda Qazaxıstan cəmiyyətində Aİİ və KTMT-dən çıxmaq bir nömrəli müzakirə mövzudur”,- deyə o bildirib.

MDB Ölkələri İnstitutunun Mərkəzi Asiya və Qazaxıstan üzrə şöbəsinin müdiri Andrey Qrozin bu ölkənin Avrasiya İttifaqından çıxmasının Rusiya üçün mümkün fəsadlarından danışıb. “Rusiya üçün bu, son dərəcə arzuolunmaz vəziyyətdir. Birincisi, bizimlə geniş sərhədi olan dövlətə təsir imkanlarımızı itirəcəyik. Üstəlik, Qərb sərhədləri ilə yanaşı, cənub sərhədlərində də müdafiəni gücləndirməli olacağıq. Bununla da Çinlə iqtisadi və nəqliyyat layihələri daha da mürəkkəbləşəcək.



Biz həm də əhəmiyyətli satış bazarını itirəcəyik. Qazaxıstan qlobal iqtisadi sistemə regionun digər ölkələri ilə müqayisədə daha sıx inteqrasiya olunub. Həm aqrar-sənaye kompleksi, həm maşınqayırma, həm də müdafiə sənayesi mallarının əhəmiyyətli bir hissəsi Qazaxıstana gedir. Bizim enerji sistemlərimiz də çox bağlıdır”-deyə, politoloq bildirib.

Politoloq deyib ki, Qazaxıstan iqtisadiyyatı daha çox Rusiyadan asılıdır və hər iki tərəf başa düşür ki, belə bir qərar Qazaxıstan üçün ölümcül, Rusiya üçün isə çox arzuolunmazdır: “İndi müşahidə olunanlar hələ də Rusiya rəhbərliyinin Qazaxıstan hakimiyyətini ağıllarına başına gətirmək üçün çox yumşaq cəhdlərdir. Hələ ki, Qazaxıstan nefti Rusiya ərazisi ilə axır, amma bu dayananda tamam başqa musiqi olacaq”.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR