Onlayn ictimai-siyasi qəzet
Bakıda narkotikin təsiri altında motosiklet idarə edən, polisdən qaçan 22 yaşlı şəxs hakim qarşısına çıxarılıb. Ona ağır cəza verilib.
Musavat.com xəbər verir ki, söhbət 2002-ci il təvəllüdlü Əliyev Tofiq Taleh oğlunun əməllərindən gedir.
Tofiqin polis əməkdaşlarından qaçmasını əks etdirən görüntülər 2024-cü ilin 25 aprelində sosial şəbəkələrdə geniş yayılmışdı. O, Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyasına yaxın ərazidə polisin “saxla” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmışdı.
Nizami RPİ-nin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları bir neçə dədiqə sonra Tofiqi saxlamağa nail olmuşdular. Tofiqin həmin zaman narkotik vasitənin təsiri altında olduğu, motosikletinin dövlət qeydiyyat nişanı və sürücülük vəsiqəsi olmadığı müəyyən edilmişdi.
İstintaq materiallarına görə, Tofiq saxlanılan zaman onun üzərindən külli miqdarda narkotik vasitə də aşkar edilib.
Tofiq ifadəsində özünü qismən təqsirli bilib: “Mən çilingər işləyirdim. Motosikleti işə getmək üçün almışdım. Sürücülük vəsiqəm yox idi. Motosikletə minməmişdən əvvəl “patı”dan istifadə etmişdim. Bir müddət idi ki, narkotikdən istifadə edirdim. Həmin gün polis “saxla” deyəndə nömrəm olmadığı üçün qaçdım. Qarşıda manevr edəndə yıxıldım. Mənim üzərimdə narkotik var idi, amma külli miqdarda deyildi. Əməlimdən peşmanam”.
Tofiq törətdiyi əmələ görə 9 il azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ