Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın dörd köməkçisinin Ukraynada tezlikləi seçki keçirilməsi və president Vladimir Zelenskiyə təzyiqin artırılması imkanlarını müzakirə etmək üçün Yuliya Timoşenko və Petro Poroşenko ilə gizli görüş keçirdikləri təsdiqlənib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko və keçmiş prezident Petro Poroşenko ABŞ prezidenti Donald Trampın komandası ilə bir sıra məsələlər üzrə danışıqlar apardıqlarını etiraf ediblər. Onlar bu barədə öz Facebook səhifələrində məlumat veriblər.
“Biz Ukraynaya ikitərəfli dəstəyi saxlamaq məqsədi ilə amerikalı tərəfdaşlarımızla açıq və şəffaf işləyirik. Onlar dəfələrlə bu görüşləri hakimiyyətlə əlaqələndirməyi təklif ediblər, hətta səfirin onlara dəvət edilməsinə qədər. Biz də dəfələrlə güc komandası ilə Amerika administrasiyası arasında dövlət üçün risk yaradan kommunikasiyanın olmaması barədə ictimaiyyətə danışmışıq”, - Poroşenko yazıb.
Timoşenko həmçinin yazıb ki, o, “ədalətli sülhü mümkün qədər tez təmin etməyə kömək edə biləcək bütün müttəfiqlərimizlə danışıqlar aparır” və o, seçkilərin keçirilməsinin qəti əleyhinə olduğunu vurğulayıb.
“Politico”nun yazdığına görə, Trampın komandasından olan insanlar hesab edir ki, Ukraynanın hazırkı lideri uzun sürən müharibə və vətəndaşların ölkədəki korrupsiyadan narazılığı səbəbindən populyarlığını itirir. Bununla belə, jurnalistlər Zelenskinin reytinqinin hələ də əsas rəqiblərinin reytinqindən yüksək olduğunu vurğulayırlar.
Zelenskinin özü bu yaxınlarda bildirib ki, əgər bu, sülhün bərqərar olmasına və ya Ukraynanın NATO üzvlüyünə yaxınlaşmasına kömək edərsə, vəzifəsini tərk etməyə hazırdır. Onun sözləri artan xarici təzyiqlər və ölkə daxilindəki çətin vəziyyət fonunda səslənib.
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ