Onlayn ictimai-siyasi qəzet
Tədqiqatçıların sosial mediadan istifadənin psixi sağlamlığa təsir etdiyinə dair güclü dəlilləri var
Azərbaycan cəmiyyəti, özəlliklə onun azyaşlı kəsimi üçün sosial şəbəkələrin neqativ təsiri məsələsi aktual olaraq qalır. Valideynlər xüsusən də azyaşlı uşaqlarına virtual dünyanın geridönməz pozucu təsiri sarıdan ciddi narahatdırlar və bu narahatlıq get-gedə artır.
“Ola bilər sözüm bir çoxlarına xoş gəlməsin. İnsanlar oradan qazanc əldə edirlər. Elə qazanc heç lazım deyil. İllər əvvəl TikTok-dan qazanc gəlirdi?”
Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, bunu müğənni Şəbnəm Tovuzlu “Xəzər axşamı” proqramında deyib.
Sənətçi oğlu Əliyə TikTok-u qadağan etdiyini, amma bununla mübarizə apara bilmədiyini söyləyib: “TikTok bağlansa, daha gözəl olar. Uşaqlarımıza təsir edir. Əlidən eşitmədiyim sözləri eşidirəm, görmədiyim hərəkətləri görürəm. Gündə 1 saat ona telefon veririk, TikTok-u silirik. İki gün sonra baxırıq yenə TikTok-a baxır. Deyirik ki, haradan aldın bunu? Cavab verir ki, ana, özüm yüklədim”.
Şəbnəm Tovuzlu şübhəsiz ki, bu məsələdə narahat olan yeganə valideyn deyil.
İnternetin həyatımıza daxil olması ilə sosial şəbəkələr dediyimiz tətbiqlər həyatımıza daxil oldu. İlk populyar sosial şəbəkə tətbiqi Facebook-dur. 2006-cı ildə həyatımıza daxil olan bu sosial şəbəkə ilə birlikdə Twitter, Whatsapp, İnstaqram, TikTok kimi şəbəkələr də inkişaf etdirilib. Ümumilikdə, insanların sosiallaşması üçün hazırlanmış bu tətbiqlər zamanla insanların həyatında mühüm yer tutmuşdur. Sosial şəbəkələrin də iş həyatında mühüm yeri olub. Brendlər üçün əla PR iş mühiti yaradılıb.
Sosial şəbəkələr insanların həyatını asanlaşdırsa da, xüsusilə brendlər və şirkətlər üçün yaxşı bir vasitə olsa da , bu vasitələrin də bilinməyən gizli təhlükələri var. Xüsusilə uşaqlıq və yeniyetməlik dövründə istifadə edilən sosial şəbəkələr bir çox gizli təhlükələri ehtiva edir. Bu təhlükələrdən biri uşaqların pis vərdişlərə meyl etməsi və onlara maraq göstərməsidir. Belə ki, sosial şəbəkələrdə konkret filtr olmadığından və ümumiyyətlə, yaş məhdudiyyəti olmadığından uşaqlar görməməli olduqları bir çox vəziyyətlərin şahidi olurlar. Sosial şəbəkələrdə uşaqlar tərəfindən seksual məzmun, zərərli maddələrdən istifadə, zorakılıq və hər cür qeyri-qanuni hallara asanlıqla rast gəlinir. Bu, onların yanlış inkişaf etməsinə səbəb olur.
Avropada Uşaq və yeniyetmələr sağlamlığı qrupu 3 il ərzində İngiltərədə 16 yaşa qədər olan 12 mindən çox uşaq və yeniyetmələr arasında sorğu keçirilib. İlk mərhələdə 9 yaşlı uşaqlardan hər gün İnstagram, Facebook, Votsap və Tvitter kimi sosial media tətbiqlərindən hansı aralıqlarda istifadə etdikləri soruşulub.
Qızların 51, oğlanların 43 faizi sosial media tətbiqetmələrini gündə üç dəfədən çox istifadə etdiklərini söyləyib. Bu rəqəm 11 yaşında oğlanlar arasında 69 faiz, qızlar arasında 75 faizə qədər artıb. Eyni qrupdan 10 yaşındakı uşaqlardan zehni sağlamlıq ilə bağlı forma doldurmaları istənib və “kiber təqiblər”, yuxu, fiziki fəaliyyətlər haqqında suallar verilib. 11 yaşlarında isə onlardan xoşbəxtlikləri və həyatlarından nə dərəcədə məmnun olduqları barədə sualları cavablandırmaqları istənib.
Gün ərzində üç dəfədən çox sosial mediadan istifadə edən gənc qız və oğlanların zehni sağlamlıqlarının pozulduğu və psixoloji pozğunluqlar yaşadıqları müşahidə olunub.
Tədqiqatçıların sosial mediadan istifadənin psixi sağlamlığa təsir etdiyinə dair güclü dəlilləri var. Qızlarda daha çox yuxu problemi, “kiber təqib” və fiziki fəaliyyət əskiklikləri qeydə alınıb. Bənzər təsirlər oğlanlarda müşahidə olunsa da, qızlara nisbətən daha az olub.
Böyük Britaniyada sosial şəbəkələrdə uşaqların qorunması ilə bağlı hazırlanan qaydalar çərçivəsində 18 yaşdan aşağı olan uşaqlar və yeniyetmələr Facebook və İnstagramda bəyənmə (“Like”) imkanından məhrum olublar. İdarə tərəfindən hazırlanan yeni məcəllə sosial şəbəkələrdə yeniyetmələr üzərində nəzarətin güclənməsinə yönəlib. Cəmiyyətdə artan narahatlığı nəzərə alaraq ICO texnoloji şirkətlər üçün uşaqların məxfilik qaydalarını tənzimləyən yeni standartların siyahısını hazırlamağını tapşırıb.
Sosial şəbəkələr bir sıra tələblərə riayət etməli olublar. Onlar uşaqların internetdə daha çox vaxt keçirməsinə mane olmalı, uşaqların şəxsi məlumatlarının toplanmasını və saxlanmasını minimuma endirməli olublar. Eləcə də şirkətlər bu məlumatları bölüşmək və xüsusilə kommersiya məqsədləri üçün istifadə etmək hüququna malik olmayacaq və gənc istifadəçilərin hərəkətlərini izləyə bilməyəcəklər.
Sosial şəbəkə saytlarının iki versiyası olmalıdır: böyüklər və uşaqlar üçün. Texnoloji şirkətlər yetkinlik yaşına çatmayanları böyüklərdən fərqləndirə bilmədiyi təqdirdə onlar bütün istifadəçilərə eyni dərəcədə təhlükəsizlik və məxfilik vermək məcburiyyətində qalırlar.
Qaydalar yalnız Britaniya şirkətlərini deyil, ölkədə fəaliyyət göstərən xarici şirkətləri də əhatə edir. Qaydalara riayət etməyən şirkətlər illik dövriyyələrinin 4%-dək cərimələnirlər.
Bəs ölkəmizdə necə, çıxış yolu nədir? Qadağalarmı? Valideynlər öz övladlarını sosial şəbəkələrin neqativ təsirindən necə qorusunlar?
Aytən Ələkbərova
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova “Yeni Müsavat”a danışıb. Psixoloq qeyd edib ki, qoyulan qadağa hər zaman həmin qadağanın üzərinə doğru olan meylləri daha da artırır: “Hesab edirəm ki, bu məsələdə valideynlər qadağa ilə deyil, övladları ilə hər zaman söhbətlər aparıb, sosial şəbəkələrin, internet resuslarının mənfi təsirlərindən danışıb, bəzi məqamları da əyani şəkildə göstərdiyi halda bu problemin öhdəsindən gələ bilər. Bəzən valideynlər övladlarına telefonu, sosial şəbəkələrə, internet resuslarına girməyə qadağa qoyur, amma özü vaxtının əksər hissəsini sosial şəbəkələrə həsr edir, daim oradadır. Bu zaman övladına nə qədər qadağa qoysa da təsiri olmayacaq, ilk növbədə özü bu məsələdə nümunə göstərməlidir.
10-11 yaşlı uşaqların gecə səhərə qədər internet oyunu oynamasına yol vermək olmaz. Bu zaman yuxu pozulması zamanı insan orqanizmində metobolin turşusunun miqdarı yuxarı qalxır. Bu zaman da insanda psixi pozuntular, aqressiya yaranır. Onsuz da yetkinlik dövründə orqanizmdə bu dəyişiklik gedir, üzərinə bir də əlavə təsirlər gəldikdə yuxu rejimində 2 saat fərq yaranır. Gec yatan uşaqlar səhər məktəbə getmək üçün erkən durur və beyin özünü toparlaya bilmir. Bu, təkcə internet oyunlarından getmir, buraya digər informasiyayönümlü sosial şəbəkələr də aiddir. Yaşlarına uyğun olmayan, uydurma sevgi hekayələri üzərindən çəkilən filmlər, seriallar da onların psixologiyasına mənfi təsir edir. Nəticədə yaranan əlavə informativ stress gərginliyə səbəb olur. Bu gün informativ streslər intiharların əsas səbəblərindəndir.
Daha bir məsələ, hər bir valideyn öz övladının xüsusi xüsusiyyətlərini yaxşı bilməli, onu yaxından tanımalıdır. Bəzən valideynlər övladlarını yaxşı tanıdığını deyirlər, amma müşahidə edəndə bunun doğru olmadığını görürük.
Məktəblərdə apardığımız müşahidələr zamanı dərhal anlayırıq ki, hansı uşaq valideyni ilə daha çox təmasdadır, ailədə onunla daha çox söhbət aparılır.
Sosial problemlər səbəbindən valideynlər işləyir, yorğun olur. Hər şey başa düşülür, amma uşaqları diqqətdənkənar qoysaq, nəticəsi belə acınacaqlı sonluğa aparır. Onlarla danışın, suallarını dinləyin, onlara cavab tapmaqlarına kömək edin. Uşaq özünü pis hiss etdiyini deyirsə, valideyn onun fikrini qatacaq bir şey etməlidir. Birlikdə hava almağa çıxa, qısa söhbət edə bilərlər və s. Bu zaman uşaq özünə qarşı diqqət və qayğı hiss edəcək, cəmiyyət üçün gərəkli olduğunu düşünəcək. Əks hallarda isə faciələrin qarşısını almaq günbəgün çətinləşə bilər
Hər ötən gün xərçəng xəstəliyindən, sonsuzluqdan əziyyət çəkənlərin sayı artır. Bütün bunlar telefon və digər elektron cihazlardakı şüalanmanın nəticəsidir. Sosial şəbəkə insanları özünə o qədər bağlayıb ki, camaat təmiz hava almağa, gəzməyə belə getmək istəmir. Eyni zamanda qurulan ailələr belə uzun müddət davam edə bilmir. Çünki hər kəsi məşğul edən, həyatdakı problemlərdən uzaq tutan sosial şəbəkə var. Artıq insanlar narkomanlaşır. Hər kəs sosial media narkomanına çevrilir. Bu cür davam edən yolun, əlbəttə ki, sonlanacağı nöqtə yaxşı olmayacaq".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ