Onlayn ictimai-siyasi qəzet
Son zamanlar TikTok istifadəçilərinin yaydığı məzmun, təhlükəsizlik məsələləri, platformanın uşaqlar və gənclər üzərindəki təsiri geniş müzakirə mövzusuna çevrilib. Məhz bu kontekstdə tanınmış jurnalist İslam Qədirli şəxsi sosial şəbəkə hesabında narahatlıq doğuran paylaşım edib. O bildirib ki, TikTok təcili ləğv edilməlidir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan jurnalist qeyd edib ki, problem əsasən insanlarda deyil, platformanın alqoritmindədir:
“TikTok-un alqoritmi daha çox narahatedici məzmunları, xüsusilə də azyaşlıların qarşısına çıxarmağa meyllidir. Məni narahat edən əsas məsələ məhz budur,” – deyə o, bildirib.
İslam Qədirli bu fikrini konkret faktla əsaslandırıb. O bildirib ki, Yeni Zelandiyalı sənədli film istehsalçısı araşdırma apararaq özünə 13 yaşlı bir qız adına TikTok hesabı yaradır. Maraqlısı budur ki, bu saxta profil heç bir məzmunu bəyənmir, yalnız təhsil, heyvanlar və digər zərərsiz sahələri maraq dairəsi kimi qeyd edir.
Nəticədə cəmi 22 dəqiqə 15 saniyədən sonra qarşısına intihar, zorakılıq və dava-dalaşla bağlı videolar çıxarılır. Yəni, TikTok platforması bu istifadəçini 13 yaşlı bir qız kimi tanıyır və ona uyğun məzmun təqdim edir.
Digər tərəfdən, TikTok-un azyaşlıların məlumatlarını icazəsiz şəkildə topladığına dair məhkəmə işlərində dəfələrlə uduzduğu və cərimələndiyi vurğulanır.
Jurnalistin diqqət çəkdiyi başqa bir vacib məqam da platformada pul göndərmə (hədiyyə) sistemidir:
“Xatırladım ki, bir azyaşlı uşaq bu yaxınlarda ev almaq üçün toplanmış 70 min manatdan çox pulu TikTok-da fəaliyyət göstərən şəxslərə göndərib. Bu kimi hallar çox baş verir. Hətta əxlaqsızlıq açıq şəkildə təbliğ olunur. Bu reallıq, uşaqları və cəmiyyəti intihara, pedofiliya kimi təhlükələrə sürükləyir,” – deyə İslam Qədirli vurğulayıb.
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ