Onlayn ictimai-siyasi qəzet
İlham İsmayıl: “Bu platforma ilə ölkəmizin hədəfə alınması problemi olduğunu düşünmürəm, çünki...”
Finlandiya parlamentinin üzvü Hanna Kosonen Çin hökumətinin mümkün casusluğu səbəbindən TikTok sosial şəbəkəsinin tam qadağan edilməsi məsələsini qaldırıb. Bu barədə Kosonenin hökumətə müraciətində deyilir (Medianews.az).
“Çin Kommunist Partiyasının nəzarətində olan bir şirkət tərəfindən yaradılan TikTok, casusluq uşaqların və gənclərin sağlamlığı və ictimai asayiş baxımından təhlükəlidir. Bir neçə Qərb rəsmisi təsdiqlənmiş casusluğa istinad edərək, TikTok-un iş telefonlarına endirilməsini qadağan edib", - deputatın məktubunda deyilir.
Hazırda təkcə Finlandiyada bir milyon yarım istifadəçi bir milyon yarım mikrofon və kameradan istifadə edərək Çin dövlətinə məlumat göndərir. Virtual casusluq bir proqramla effektivdir, halbuki insanlar üzərində ənənəvi casusluq bu miqyasda belə yaxınlaşmır. Deputatın fikrincə, əsas təhlükələrdən biri, tətbiqin alqoritminin istifadəçiyə hansı məzmunun göstəriləcəyini müəyyən etməsidir.
“Çin özü vətəndaşlarına belə bir proqramdan istifadə etməyə icazə vermir. Sırf bu səbəbdən Aİ-də həyəcan təbili çalınmalı və yüksək səslə çalınmalıdır”, - Kosonen vurğulayır. Bununla əlaqədar o, hökumətə TikTok-un ölkədəki fəaliyyəti ilə bağlı riskləri başa düşüb-düşməməsi ilə əlaqədar bir sıra suallar verir: “Hökumət TikTok-un finlərin, xüsusən də fin uşaq və gənclərinin sağlamlığı və təhlükəsizliyi üçün yaratdığı təhlükələrlə necə məşğul olur? Hökumət bütün Aİ və ya Finlandiya ərazisində TikTok-u qadağan etməklə vətəndaşları qorumaq üçün tədbirlər görmək niyyətindədirmi?" - deputat soruşur.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden ölkədə TikTok sosial şəbəkəsini qadağan edən qanun layihəsini imzalayıb və buna baxmayaraq, seçki kampaniyasında bundan istifadə etməyə davam edib.
Onu da qeyd edək ki, bu il ən çox TikTok istifadəçisi olan 20 ölkənin siyahısında ABŞ yenə də birincidir. Siyahı aşağıdakı kimidir:
ABŞ: 148,9 milyon nəfər;
İndoneziya: 126,8 milyon nəfər;
Braziliya: 98,5 milyon nəfər;
Meksika: 74,1 milyon nəfər;
Vyetnam: 67,7 milyon nəfər;
Rusiya: 58,5 milyon nəfər;
Pakistan: 54,3 milyon nəfər;
Filippin: 49 milyon nəfər;
Tayland: 44,3 milyon nəfər;
Türkiyə: 37,7 milyon nəfər.
Bəs sadalanan risklər Azərbaycan üçün də keçərlidirmi?
Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a danışıb: "TikTok-un casusluqla bağlı nə qədər rol oynadığını deyə bilmərəm, amma şəxsən mənim üçün bu sosial şəbəkə mənasız xəbərlər məkanıdır. Bu sosial şəbəkədən istifadə etmirəm.
Ümumiyyətlə, sosial şəbəkələr bir vasitədir və yeni texnologiyalarla bağlı artıq yeri gələndə casusluq məqsədilə istifadə oluna bilər. Yəni ola bilsin ki, hansısa sahənin təbliğatı ilə bağlı TikTok-dan istifadə olunsun. Amma hələ ki TikTok-da ciddi təbliğata rast gəlməmişik. Bu sosial şəbəkədə əsasən bayağı təbliğlər müşahidə olunur.
İlham İsmayıl
Hər bir ölkənin özünə əxsus təhlükəsizlik konsepsiyası var. Bu təhlükəsizlik, onun elementlərinə görə kimlərsə qəbul edə bilər ki, TikTok-dan maksimum istifadə olunmasın, hətta qadağan olunsun, amma şəxsən mən Azərbaycanın TikTok vasitəsilə hədəfə alınması problemini görmürəm. Çünki qeyd etdiyim kimi, ölkəmizdə bu sosial şəbəkədə əsasən çox aşağı səviyyəli, bayağı materialların təbliğatına geniş yer verilməsinə rast gəlirəm. Ona görə xüsusi xidmət orqanı deyil, mədəniyyət, təbliğat-təşviqatla bağlı məşğul olan qurumlar məsələ qaldıra bilərlər ki, nələrsə qadağan olunsun".
Onu da əlavə edək ki, bu günlərdə Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda TikTok media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe öyrənib. Sorğunun nəticələrinə əsasən, 74,9% TikTok sosial media platformasına məhdudiyyətlərin tətbiq edilməli olduğunu ifadə edib. 21,2% məhdudiyyətləri dəstəkləmədiyini bildirib, 3,9% fikir bildirməkdə çətinlik çəkib. Respondentlərin bu barədə rəylərində əsas fərq yaş qrupları üzrə qeydə alınıb. Belə ki, gənc yaş qrupuna aid hər üç nəfərdən ikisi məhdudiyyətlərin tətbiq edilməməsi mövqeyindən çıxış edib. Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaş və ondan yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ