İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tezliklə Xankəndi və digər ərazilərdə bərpa prosesi genişlənəcək”

Musa Quliyev: ""Böyük Qayıdış" proqramı çərçivəsində yaxın 5 ildə..."

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin qayıdışı prosesi bundan sonra daha da sürətlənəcək. Ali Baş Komandan İlham Əliyevin ötən həftə “Füzuli Şəhəri Günü”ndə bu şəhərə köçürülmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı dedikləri bunu deməyə ciddi əsaslar verdi.

“Bizim bütün şəhərlər Füzuli kimi olacaq. Çünki Füzulidə biz birinci şəhərsalma layihəsini icra edirik. Füzuli indi tamamilə yenidən qurulur. Burada olarkən bir neçə önəmli obyektin təməlini qoyduq. İki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu. Yəni aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq. "Böyük Qayıdış" proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Laçınlıların öz doğma yurduna füzulilərdən bir qədər tez qayıtdıqlarını vurğulayan dövlətimizin başçısı deyib: “Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün orada binaların bəziləri qalmışdı və biz o evləri, sadəcə olaraq, bərpa etdik, ən gözəl şərait yaratdıq. Deməli, Laçının əvvəlki şəhərsalma mənzərəsi yerindədir. Burada isə şəhər tamamilə yenidən qurulur”.

Azərbaycan Prezidenti işğaldan azad edilmiş digər ərazilərə də qayıdış prosesindən danışıb: “İndi bütün şəhərlərdə ya tikinti gedir, ya da tikintiyə hazırlıq gedir. Mən əminəm ki, gələn il Cəbrayılda şəhər günü qeyd ediləcək. Bu il qeyd edilmədi, çünki orada hələ ki vətəndaşlar yerləşməyib. Amma gələn ilin oktyabr ayına qədər, - çünki birinci azad olunmuş şəhər Cəbrayıl olmuşdu, - oktyabrın 4-də orada da şəhər günü keçiriləcək, hər yerdə - Şuşada birinci yaşayış məhəlləsi yəqin ki, 5-6 aya hazır olacaq. Birinci qrup keçmiş köçkünlər qayıdacaq. Ağdam da böyük tikinti meydançasıdır. Bu yaxınlarda Zəngilanda olarkən orada da, Qubadlıda, Kəlbəcərdə gələn ilin sonuna qədər keçmiş köçkünlər artıq şəhərə yerləşəcəklər. Bizdə bütövlükdə 8 şəhər, 92 kənd və qəsəbə Birinci "Qayıdış Planı"na salınıb. Onların da böyük əksəriyyəti 2026-cı ilin sonuna qədər başa çatacaq. Yəni, üç ildən sonra azad edilmiş ərazilərdə minimum, - biz belə təxmin edirik, - 140 min insan yaşayacaq".

Qeyd edək ki, ötən ay həyata keçirdiyimiz 23 saat 51 dəqiqəlik antiterror tədbirlərindən sonra azad edilən Xankəndi və digər ərazilərdə insanların yaşayışı hazırda qayıdış prosesi çərçivəsində ən çox müzakirə edilən məsələlərdən birinə çevrilib.

“Ötən ilin sonunda cənab Prezident böyük bir dövlət proqramı qəbul etdi. "Böyük Qayıdış" proqramı çərçivəsində yaxın 5 ildə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə bizim məskunlaşma prosesimiz sürətlənəcək. Təqribən 3 minə yaxın ailənin köçürülməsini nəzərdə tuturuq. Yaxın zamanda Xankəndi və digər işğaldan azad olunmuş ərazilərdə bərpa prosesi gedəcək".

Musa Quliyev 70 yaş məsələsinə aydınlıq gətirdi: Fikirlərim təhrif olunub

Bu sözləri Sonxeber.az-a müsahibəsində Milli Məclisin deputat, Əmək və Sosial-Siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat qeyd edib ki, erməni əsilli sakinlərlə və Qarabağdan məcburi köçkün düşmüş vətəndaşlarımızın birlikdə yaşamağı psixoloji cəhətdən çətin olacaq: “Arada 30 ilin düşmənçiliyi var. Qarabağda erməni silahlı birləşmələrinin böyük əksəriyyəti bizə qarşı silah işlətmiş adamlardır. Ermənilərə uzun illər anti-Azərbaycan təbliğatı aparılıb. Bu təbliğatın özünün mənfi təsirləri olacaq. Bu baxımdan, Rusiya sülhməramlılarının bölgədə qalmağı müəyyən dövr üçün lazımdır. Ermənistanın Türkiyə ilə iqtisadi əməkdaşlığı başlayarsa, prosesə müsbət təsirini göstərəcək. Hesab etmirəm ki, ciddi bir qarşıdurma olsun. Amma psixoloji cəhətdən bir-birini qəbul etmək, həzm etmək o qədər asan bir məsələ deyil”.

Sonda onu da bildirək ki, məcburi köçkünlər arasında “Böyük Qayıdış”la bağlı növbəti “fokus-qrup” müzakirəsi Qaradağ rayonunda keçirilib.

Qrup müzakirələrində ümumilikdə 28 keçmiş məcburi köçkün iştirak edib. Onlar müzakirə zamanı könüllü, ləyaqətli və təhlükəsiz formada doğma torpaqlarına qayıdış ilə bağlı rəy və təkliflərini, gözləntilərini, eləcə də reinteqrasiya ehtiyaclarını və potensiallarını aşkarlayan sualları cavablandırıblar.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış” proqramı çərçivəsində, eyni zamanda gələcəkdə bu ərazilərdə yaşayan şəxslərin ipoteka kreditlərindən faydalanması üçün müvafiq tədbirlər hazırlanıb.

Bunu İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) baş direktoru İlham Kələşov deyib.

“Bundan başqa, əhalinin ipoteka kreditləşməsinə çıxış imkanının genişləndirilməsi məqsədi ilə sabit vergi ödəyicilərinin də (aşbaz, bərbər, dayə və digərləri) ipoteka kreditlərinə çıxşını təmin etmək üçün müvafiq tədbirlər hazırlanıb”, - İ. Kələşov deyib.

Onun sözlərinə görə, bu yeniliklərin tətbiqi ilə bağlı təkliflər qanunvericilik şəklində aidiyyəti üzrə təqdim edilib: “Müvafiq qaydada təsdiq prosesini keçdikdən sonra, yəqin ki, yaxın vaxtlarda bu yeniliklərin də istifadəsi mümkün olacaq”.

İKZF-nin baş direktoru vurğulayıb ki, son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində, eyni zamanda “2022-2026-cı illərdə sosial-İqtisadi inkişaf Strategiyası”, “Böyük Qayıdış”la bağlı I Dövlət Proqramı çərçivəsində əhəmiyyətli işlər görülür.

Yazını hazırladı: Cavanşir ABBASLI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR