İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tərtər işi”ndə bəraət alanların təzminat tələbi - Qərar nə olacaq?

Hüquqşünas: “Onların qanunsuz həbslərədək tutduqları vəzifəyə bərpa olunmaq hüquqları da var”

“Tərtər işi”ndə bəraət alanların bir qismi onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Artıq Nəsimi Rayon Məhkəməsində bəraət almış şəxslərdən biri, leytenant Nasif Əliyevin iddiası qəbul edilib. İddiaya hakim Səməd Cəfərovun sədrliyi ilə baxılır. İddia üzrə cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb.

Yada salaq ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanda hərbiçilərin kütləvi şəkildə istintaqa cəlb edilməsinə başlanıb, bu proses “Tərtər işi” adlandırılıb.

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və DİN birgə bəyanatlarında həbsləri şübhəlilərin Ermənistanın xeyrinə casusluqda iştirak etmələri ilə əsaslandırıb. 2017-ci ilin may-iyun aylarında saxlanılan şəxslərə verilən kütləvi işgəncələrdən ictimaiyyət 2019-cu ildə xəbər tutub. Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 nəfər uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən az doqquz nəfər işgəncələr nəticəsində dünyasını dəyişib. Qurbanların ailə üzvlərinin çoxsaylı etirazlarından və hüquq müdafiəçilərinin tələblərindən sonra iş üzrə istintaq yenilənib. 2022-ci ilin dekabrında iş üzrə cəza çəkən 19 nəfər bəraət alaraq azadlığa buraxılıb. Ömürlərinin 6 ilə yaxın dövrünü qapalı cəzaçəkmə müəssisənində keçirən vətəndaşlar azadlığa çıxdıqdan sonra da əvvəlki həyatlarına qayıda bilmirlər. Dövlət qurumlarının biganəliyi, bürokratiya və işsizlikdən əziyyət çəkdiklərini deyirlər. Bu günə qədər iş üzrə hərbçilərə işgəncə verməkdə ittiham olunan 12 nəfər həbs edilib, bir nəfər axtarışa verilib. Ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.  2021-ci ilin dekabrında Baş Prokurorluq “Tərtər işi”nin istintaqını yeniləyib. Cəmiyətdə çox ciddi rezonans doğurmuş bu iş üzrə istintaq hazırda da davam edir. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilmiş 19 nəfərin işinə baxılıb. Mərhum Mehman Hüseynov və Elxan Ağazadə də daxil olmaqla 12 nəfərə bəraət verilib.

Hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs barəsindəki hökmlər ləğv edilib. Hərbi qulluqçulara işgəncə verməkdə təqsirləndirlən şəxslərə Cinayət Məcəlləsinin  145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham verilib.

Zərərçəkmişlərə maddi və təzminat ödəniləcəkmi və kimin hesabına? Əgər həbsdəki keçmiş məmurların və MTN-çilərin əmlakları qaytarılırsa, “Tərtər işi” üzrə günahsız təqib edilənlər və işgəncəyə məruz qalanlar niyə təzminat almasın?

 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, iş üzrə bəraət almış hər bir hərbçinin təzminat davası açmaq və təzminat almaq hüququ var:  “Azərbaycan Konstitusiyasında məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı maddə var. Həmin maddədə bildirilir - zərərçəkmişə vurulmuş həm maddi, həm mənəvi ziyan dövlət tərəfindən ödənilir. Burada prosedura olaraq həmin şəxslər zərərin miqdarını sübut etməli, daha doğrusu, onlara vurulan maddi və mənəvi zərəri əsaslandırmalıdırlar. Təzminat olaraq ödəniləcək məbləğ də bu əsaslandırmadan asılıdır”.

Hüquqşünas bildirib ki, bəraət almış hərbçilərin təzminat almaqla yanaşı qanunsuz həbslərinə qədər iş yerinə qayıtmaq və tutduqları vəzifəyə bərpa olunmaq hüquqları da var: “Hərbçilərimizin bütün hüquqları bərpa olunmalıdır. Cinayət Prosessual Məcəllədə də qeyd olunub ki, bəraətverici əsaslarla hökmə xitam verilibsə, şəxslərin bütün hüquqları yenidən  bərpa olunur. Bu, istər əmək hüququ, istər digər əlahiddə hüquqlar olsun, fərq etmir bərpa edilməlidir”.

Hüquqşünas işgəncələr sonucu olaraq dünyasını dəyişmiş hərbçilərin yaxınlarının hüquqi varis olaraq məhkəməyə müraciət etmək hüquqlarının olduğunu da bildirib: “Ölümündən sonra bəraət verilmiş hərbçilərin yaxınları da təzminat məsələni qaldırmaq hüququna malikdirlər. Həmin şəxslər baş vermiş cinayət nəticəsində maddi və mənəvi zərəri əsaslandırmaqla sübut etməlidirlər. Mənəvi zərərdirsə, onu əsaslandırmalıdırlar. Əsaslandırmadan sonra həm maddi, həm mənəvi zərər dövlət tərəfindən ödənilməlidir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR