İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tərtər işi": Bəkir Orucovla yanaşı Mais Bərxudarovun da cəzalanması tələb olundu  

 

Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" üzrə proses davam edir. Müttəhimlər kürsüsünə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidov  çıxarılıblar.

Aprelin 28-də keçirilən prosesdə Qarabağ döyüşlərində minaya düşərək hər 2 ayağını itirmiş  Vurğun Əbilov zərərçəkmiş qismində ifadə verib. O, iş üzrə zərərçəkən qismində tanınan yüzlərlə hərbçidən biridir.

Məhkəmədəki ifadəsində deyib ki, 2017-ci ilin mayında xidmətdə olarkən Beyləqanda işgəncəyə məruz qalıb.

Həmin dövrdə Bəkir Orucov  Beyləqan korpusunun qərargah rəisi,  korpus komandiri isə Mais Bərxudarov olub.

Zərərçəkən deyib ki, həmlə taborunda komandirin maddi-texniki təminat məsələləri üzrə müavini kimi xidmət edib. Onun sözlərinə görə, telefonoqramla özü də daxil digər hərbçiləri işgəncə verilən köhnə hərbi hissə binasına gətiriblər. Deyir ki, orada onu hazırda təqsirləndirilən şəxslər arasında olan İntiqam Məmmədov sorğu-sual edib, ermənilərlə işbirliyində suçlayıb:

“O, Şəmkir korpusunda əmimlə birlikdə işləmişdi. Dedi ki, sən də, əmin də vətən xainisiz. Kürəyimdən taxta ilə vurub məni yerə yıxdı. Yerdə də döyürdü. Baş leytenant Ağayev də vururdu. İntiqam Məmmədov ona deyirdi ki, boynuna almırsa, ailəsini, uşağını gətirin, nə varsa danışacaq...”

Zərərçəkmişin sözlərinə görə, 3  gün orada işgəncələrə məruz qalıb. İşgəncə verənlər əsasən maskalı şəxslər olublar. İşgəncələrdən sonra isə onu hərbi polisə gətirib, “intizamsızlıq” bəhanəsi ilə 10 günlük cəzalandırıblar.

Beyləqanda hərbçilərə qarşı bu olaylar yaşanmamışdan bir müddət öncə o ərazidəki döyüş postlarından birində stəkanın içində F-1 əl qumbarası tapılıb. Bu barədə isə məhkəmədə başqa bir zərərçəkmiş Müseyib Tanrıverdiyev danışıb. O deyir ki, manqa komandiri kimi postda xidmət edib. Qumbaranı tapanda dərhal aidiyyəti üzrə məlumat verib. Heç gözləmədiyi halda Beyləqan korpusunun qərargah rəisi Bəkir Orucov posta gəlib:

“Məni təhqir elədi, yumruqla vurdu ki, haradan gəlib düşüb o qumbara ora? Sonra özü onu neytral əraziyə atıb partlatdı. Bizim manqanı dərhal o postdan çıxartdılar, kəşfiyyatçıları gətirdilər”.

Zərərçəkmişin sözlərinə görə, həmin vaxt ehtimal olunub ki, o posta ermənilər gəlib və nişan olaraq qumbaranı qoyub, gediblər. Postdan düşürdüldükdən sonra əlləri-gözləri bağlı vəziyyətdə 3-4 gün işgəncəyə məruz qaldığını deyən Müseyib Tanrıverdiyevin sözlərinə görə, qumbara məsələsi ilə əlaqədar onu Mais Bərxudarov da çağırtdırıb. Ona da baş verənləri olduğu kimi danışıb:

“Mən Bəkir Orucova qarşı şikayətçiyəm. Məni vurub, təhqir edib. Hərbi formamı darta-darta çıxartdılar əynimdən. Dedilər, erməniyə işləyirsiz. Mən istintaqda Mais Bərxudarovdan da şikayətçi olduğumu demişəm. Bilmirəm ki, yazıblar, yoxsa yox...”.

Zərərçəkmiş Kamil İbrahimov 2017-ci ilin mayında başına gələnləri əsirlərə verilən işgəncələrlə müqayisə edib. Onun sözlərinə görə, 1 həftə işgəncəyə məruz qalıb. O müddətdə həmin yerə korpus komandiri, general Mais  Bərxudarovun da gəldiyini görüb:

“Mais Bərxudarov gəlib-gedəndən sonra işgəncələr daha da şiddətləndi. Bizim indiki psixoloji halımız da o vaxt başımıza gələnlərə görədir. Elə adamlar var ki, rütbədə, vəzifədə irəli getmək üçün hər şeyi satar”.

Zərərçəkmiş Kamil İbrahimov təqsirləndirilən şəxslərdən İntiqam Məmmədovun ona qarşı işgəncələrdə iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu şəxsin əmri ilə ətrafdakılar onun gözlərini bağlayıb, soyundurub, təkcə alt paltarında üzü divara saxlayıb, döyməyə başlayıblar:

“İntiqam deyirdi ki, yuxarıların tapşırığı var, onu icra edirik, məcburuq bu işgəncələrə...”

İntiqam Məmmədov isə məhkəmədə geniş ifadə verməsə də, ittihamlara qısa münasibət bildirərkən özünü təqsirli bilmədiyini deyib. Ümumiyyətlə, 5 nəfər təqsirləndirilən şəxsin heç biri ittihamları qəbul eləmir. Onlar özlərini təqsirli bilmirlər.

Hazırki cinayət  işi üzrə ümumilikdə 63 nəfər zərərçəkən qismində tanınıb. İndiyədək onlardan 27 nəfəri dindirilib.

Yada salaq ki, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə 9 nəfərin işi məhkəməyə göndərilib.

“Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən 5 nəfərinə  bəraət verilib.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR