Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda həkim reklamının qadağan olunması təklif edilib. “Yeni Müsavat” xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Musa Quliyev bildirib ki, bir sıra televiziya kanallarında şou proqramlarında, tibbi xidmətlərin, ayrı-ayrı həkimlərin və klinikaların heç bir reklam normalarına uyğun olmayan reklam edilməsi göz önündədir:
“Reklam edilməsi bir tərəfə, görürsən ki, şou proqramların sponsorluğunu da həkimlər edirlər. Bunun da olduqca mənfi nəticələri ortaya çıxır. Biz tibb sektorunda xidmətlərin reklamına qarşı deyilik, ancaq reklamın müəyyən çərçivələri, normaları var. O cümlədən tibbi deontologiya və tibbi etika da gözlənilməlidir. Son dövrlərdə bir çox ölüm, ağırlaşma hallarının baş verməsində, xüsusilə plastik cərrahiyyə, bədən şəkilləndirmə, mədə kiçiltmə əməliyyatlarında yaşanan hallarda bu reklamların, şou proqramların mənfi təsiri var. Bunların çoxunun tibbi göstərişi də yoxdur. Ümumiyyətlə, həkimlərin şəxs olaraq reklam edilməsi dünyanın heç bir ölkəsinin reklam praktikasında yoxdur”.
Deputat Aqil Abbas da təklif edib ki, yaz sessiyasının qanunvericilik işləri planına “Reklam haqqında” Qanuna dəyişikliklər daxil edilsin: “Sovet hökuməti dövründə heç bir həkimi qəzetdə tərifləməyə icazə yox idi. Jurnalistlər həkim haqqında xoş söz yazanda belə onu cəzalandırırdılar. Bu gün televiziyada bütün şou proqramlarda həkimlərin və dərmanların reklamı gedir. Buna bir əncam çəkmək lazımdır. Bu gün hərəsi bir yerdən diplom alanların, gedib Harvardda filan kurs keçənlərin reklamı gedir. Bu dərəcədə həkim reklamı düzgün deyil. "Reklam haqqında" Qanuna yenidən baxılsın. Bu, televiziyalara böyük ziyan vuracaq. Çünki özəl kanallar arvad davası və həkim, dərman reklamı ilə dolanır".
İnvaziv ağrı mütəxəssisi, həkim Zülfüqar Yusifov “Yeni Müsavat” a mövzunu şərh edərkən bildirdi ki, reklam bir çox sahəni əhatə edir. Z.Yusifov hesab edir ki, reklamlar müəyyən çərçivədə təqdim olunmalıdır: “İstər KİV, istərsə də sosial şəbəkələrdə qida reklamlarını görürük. Əslində qida da insan sağlamlığı üçün olduqca strateji əhəmiyyət daşıyır. Yaxud geyim reklamlarını görürük. Eyni zamanda bir çox xidmət də reklam olunur. Reklam bugünkü dünyanın tələblərindən biridir. Bu baxımdan, onu tamamilə kənara qoymaq mümkün deyil. Bununla yanaşı, reklamlar müəyyən qaydalar çərçivəsində təqdim olunmalıdır. Vətəndaşların məlumatlandırılmasına çalışmaq lazımdır. Bunun üçün başqa təbliğat-təşviqat üsullarından-proqramlar, tədbirlər, broşürlər və s. istifadə etmək olar”.
Z.Yusifovun fikrincə, bəzi həkimlər ictimaiyyətlə birbaşa təmasda olmaq istəyirlər: “Öz əməyini şişirdilmiş şəkildə təqdim etməyə üstünlük verirlər. Hesab edirəm ki, əsas məsələ maarifləndirici istiqamətin olmasıdır. İnsanlar hansı xidmətin harada olmasını tapmağın yolunu bilməlidirlər. Dövlət müəssisələrində standart xidmət göstərildiyi üçün vətəndaşlar yaşadıqları ərazidəki poliklinikalara müraciət edərək məlumat ala bilirlər. Özəl sektorda isə daha fərqli prosedurlar həyata keçirilir. Buna görə də özəl tibb müəssisələri öz saytları və s. vasitəsilə məlumat verməyə çalışırlar. Düşünürəm ki, bununla bağlı dünya təcrübəsi öyrənilməli, araşdırma aparılmalı, müzakirələr təşkil edilməlidir. Maarifləndirici xarakterli tədbirlərin, verilişlərin olması sıxıntılı deyil, amma bu müəyyən çərçivələr daxilində olmalıdır”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ