İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təkmilləşən” kiberdələduzluq - BUNLARI BİLMƏSƏNİZ...

Vüqar Bayramov: “Bu istiqamətdə məlumatlandırma çox vacibdir və bunun genişləndirilməsinə ciddi ehtiyac duyulur”

“Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün - bəli, hər gün - vətəndaşların bank kartlarından 25-30 min manat civarında vəsait kiberdələduzluq yolu ilə oğurlanır. Bu rəqəmlər artıq adi statistikaya çevrilib. Daxili İşlər Nazirliyi demək olar ki, hər gün bu barədə həyəcan siqnalı verir, lakin problem azalmır, əksinə, dərinləşir”. 

Bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

O qeyd edib ki, bu, artıq tək-tək hadisələr deyil, sistemli və kütləvi xarakterli cinayət dalğasıdır: “Təəccüblənməmək mümkün deyil: axı son 2-3 ildə ölkədə bu sahədə müsbət istiqamətdə ciddi addımlar atılıb. Yəni hər şey artma istiqamətində olub. Maarifləndirmə kampaniyaları güclənib, kibermütəxəssislərin sayı xeyli artıb, infrastruktur müasirləşdirilib, DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb, konkret müsbət nəticələr var ortada, Baş İdarə ilə banklar arasında real vəziyyətdə işləyən antifraud sistem qurulub və s. Amma maraqlı və absurd olan budur ki, nəticə fərqli istiqamətdə inkişaf edir: kibercinayətkarlıq artır. Çox güman ki, bu çatışmazlıq texnologiya deyil, insan amilidir”.

Ekspert müşahidələrinə əsaslanaraq belə qənaətə gəlib ki, bu fırıldaq sxemlərinin effektivliyi bankların müştəri məlumatlarının haradansa sızması ilə birbaşa bağlıdır: “Sadəcə, təsadüfi nömrələrə zəng vurulmur. Əksinə, dövriyyəsi olan, kartında pul olan "yağlı müştərilər" hədəf seçilir. Bu isə bizə əsas verir ki, məlumat sızıntısı ehtimalını ciddi şəkildə araşdıraq".

Onun sözlərinə görə, bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər, lakin ən çox ehtimal bank məlumat bazaları ilə bağlıdır: “Nə etməliyik?

Fərdi məlumatların qorunması haqqında qanunvericilik təcili şəkildə sərtləşdirilməlidir.

Banklarda və mobil operatorlarda müştəri bazasına çıxışı olan bütün əməkdaşlar üzrə daxili audit və təhlükəsizlik yoxlamaları həyata keçirilməlidir.

Məsuliyyət yalnız istifadəçiyə yox, məlumatı qorumağa borclu olanlara da şamil edilməlidir və s.

Əgər bu sahədə ciddi araşdırma və hüquqi mövqe ortaya qoyulmasa, kibercinayətkarlıq daha da sistemli xarakter alacaq. Hər gün açıqlanan statistikalarla yalnız vətəndaşlar yox, dövlətin rəqəmsal etimadı və maliyyə sabitliyi də zərbə altında qalacaq. Belə davam edərsə, vətəndaşlar kartlarında pul saxlamaq istəməyəcəklər".

Qeyd edək ki, dünyanın bir çox ölkələrində kiberdələduzlara qarşı müxtəlif mübarizə planları hazırlanır. Misal üçün, bu günlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fırıldaqçılıqla mübarizə üçün işçi qrupunun yaradılmasını nəzərdə tutan sənədi imzalayıb. Bu qrup maliyyə köçürmələrinə nəzarət edəcək və cinayət sxemlərində iştirakda şübhəli bilinən kartları dərhal bloklayacaq. Qrupa Mərkəzi Bankın, Daxili İşlər Nazirliyinin və ödəniş sistemlərinin əməkdaşları daxil olacaq. Yeniliyin məqsədi oğurlanmış vəsaitlərin xaricə köçürülməsinin qarşısını almaq və zərərçəkənlərə qaytarılmasını sürətləndirməkdir. İmzalanmış sənədə əsasən, məlumat sızmasına görə məsuliyyəti banklar və ödəniş xidmətləri daşıyacaq. Bu cür sızmalar nəticəsində müştərilər zərər görsə, təşkilatlar təzminat ödəməli olacaqlar. Fırıldaqçılıq etmək üçün bilə-bilə kartlarına, pul kisələrinə və ya hesablarına giriş imkanı verənlər üçün də məsuliyyət tətbiq edilir. Ölkə həmçinin zəif təhlükəsizlik səbəbindən məlumatların sızmasına və ya sındırılmasına icazə vermiş maliyyə qurumlarının “qara siyahı”sını yaradacaq.

Bəs kiberdələduzlara qarşı bu tədbirlər planı effektiv olacaqmı və eyni sənəd bizim ölkəmizdə də hazırlanmalıdırmı? Kiberdələduzluğa görə cəzalar artırıla bilərmi? 

Mütəxəssislər hesab edir ki, Özbəkistanda tətbiq edilən bu kimi tədbirlər planı mübarizənin effektivliyini artırmaq potensialına malikdir. İşçi qrupunun yaradılması, real vaxtda şübhəli kartların bloklanması, zərərçəkmişlərə təzminat mexanizminin tətbiqi və məlumat sızmasına görə bankların məsuliyyət daşıması kiberdələduzlara qarşı sistemli mübarizənin əsas sütunlarını təşkil edir. Əgər tədbirlər koordinasiyalı şəkildə icra olunarsa və texniki-təşkilati boşluqlar aradan qaldırılarsa, bu yanaşma həm maliyyə sabitliyini qorumaq, həm də ictimai inamı artırmaq baxımından səmərəli ola bilər.

Əlbəttə ki, Azərbaycanda da belə bir kompleks və hüquqi əsaslı tədbirlər planının hazırlanması zəruridir. Ölkədə kiberdələduzluq artıq sistemli və kütləvi xarakter alıbsa, deməli, ona qarşı da sistemli və koordinasiyalı reaksiya verilməlidir. Hüquqi baza təkmilləşdirilməli, məlumat sızması hallarına görə banklar və mobil operatorlar məsuliyyət daşımalıdır. Eyni zamanda bu tədbirlər yalnız texniki səviyyədə yox, qanunvericilik və cinayət məsuliyyəti çərçivəsində də həyata keçirilməlidir.

Mütəxəssislər həmçinin qeyd edir ki, bu sahədə cəza tədbirləri kifayət qədər sərt olmalıdır. Artıq təkliflər də var ki, kiberdələduzluq maddəsi ümumi fırıldaqçılıq anlayışından ayrılmalı, texnoloji fırıldaqçılığa xüsusi yer verilməlidir. Bu, həm də preventiv amil kimi çıxış edə bilər. Məsələn:

Məlumat sızmasına səbəb olan əməkdaşlar üçün cinayət məsuliyyəti;

Fırıldaqçılıq məqsədilə bilərəkdən hesab və ya kart təqdim edən şəxslərin cəzalandırılması;

Müştəri məlumatlarını kommersiya maraqları üçün yayan təşkilatlara qarşı cərimə və lisenziya itkiləri.

VÜQAR BAYRAMOV: 11 QƏSƏBƏNİN UZUN İLLƏRDİ İÇMƏLİ SU TƏMİNATI YOXDUR

 Vüqar Bayramov

Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov “Yeni Müsavat”a danışıb: “Son dövrlər kiber dələduzluq hallarının sayının artması müşahidə olunur. Xüsusilə də plastik kartlardan vəsaitin oğurlanması, eyni zamanda bəzi hallarda vətəndaşın aldadılaraq onun adına kreditin rəsmiləşdirilməsi və həmin kreditin kiberdələduz tərəfindən mənimsənilməsi kimi hallar var. Təbii ki, bu istiqamətdə məlumatlandırma çox vacibdir və məlumatlandırmanın genişləndirilməsinə ciddi ehtiyac duyulur.

Çünki vətəndaşlarımızın bu məsələlərdə maariflənməsi, xüsusilə də plastik kartlarla bağlı məlumatların üçüncü şəxslərlə paylaşılmamasının vacibliyinin dərk edilməsi olduqca önəmlidir.

Amma bütün bunlarla yanaşı, təbii ki, bütövlükdə kiberdələduzluğa qarşı banklarda təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsinə ehtiyac var. Bu istiqamətdə xüsusi tədbirlər planının hazırlanması məqsədəuyğun olardı. Mərkəzi Bank tərəfindən artıq bir sıra tədbirlər həyata keçirilir və bu tədbirlərin keçirilməsində məqsəd kiberdələduzluğa qarşı daha effektiv mübarizə aparmaq imkanlarını artırmaqdır.

Yuxarıda qeyd olunan məlumatlandırma, vətəndaşların məlumatlarını üçüncü şəxslərlə paylaşmaması kimi vacib tədbirlərlə yanaşı, banklarda təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi və xüsusilə də yeni texnologiyalardan istifadə olunması da təhlükəsizlik meyarlarının gücləndirilməsinə xidmət etməlidir. Çünki bu, bank xidmətlərinin daha təhlükəsiz şəkildə göstərilməsinə imkan yarada bilər.

Düşünürəm ki, xüsusilə son günlərin və son ayların statistikası göstərir ki, bu istiqamətdə sistemli tədbirlərin genişləndirilməsi olduqca vacibdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR