Onlayn ictimai-siyasi qəzet
Ekspert: “DİM-in keçirdiyi imtahanlarda köməkçi vasitələrdən istifadə mümkün deyil, çünki...”
Son zamanlar mikroqulaqlıqlara maraq artıb. Ölçüsü cəmi bir neçə millimetr olan bu qulaqlıqlar qulağın içinə qoyulur, baxanda isə görünmür. İnternetdə axtarış vermək kifayətdir, onlarla satış platforması tapmaq mümkündür. Bu qulaqlıqları həm satın almaq, həm də müəyyən məbləğ qarşılığında icarəyə götürmək olar. Qiymətə gəlincə, rəqəmlər 60-260 manat arasında dəyişir. Əsasən tələbələr tərəfindən istifadə edilən bu qulaqlıqlar vasitəsilə heç nə oxumadan da imtahanlarda asanlıqla qiymət alanlar var.
Daha ətraflı bu linkdə: https://musavat.com/news/hec-ne-oxumadan-imtahanda-qiymet-almagin-asan-amma-qanunsuz-yolu-video_1068772.html
Göründüyü kimi, söhbət həm də milli təhlükəsizliyimizdən gedir. Çünki bir millətin gələcəyini məhv etmək üçün onun təhsilini yararsız hala gətirmək, “kadr bankı”nı savadsız etmək yetər.
Görəsən, belə əyri yolla imtahan “verib” həkim, diplomat diplomu alacaq şəxsin Azərbaycana, cəmiyyətə hansı faydası dəyə bilər ki?
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, ali təhsilin əlçatanlığının təmin olunmasına baxmayaraq, təəssüf ki, imtahanlarda köməkçi vasitələrdən istifadə hallarına rast gəlinir. Təhsil eksperti vurğulayıb ki, texnologiya təkmilləşdikcə ondan faydalı yox, qeyri-qanuni məqsədlər üçün, hədəfə daha rahat yolla çatmaq üçün istifadə olunur: “Biz bilik və bacarıqlarımızla daha yaxşı nəticələr əldə edə bilərik. Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda demək olar ki, köməkçi vasitələrdən istifadə mümkün deyil, çünki imtahanlarda xüsusi texnologiyalardan istifadə olunur. Bəzən şagirdlər elə bilir ki, ağıllı saat, kiçik qulaqcıq və digər köməkçi vasitələrdən istifadə edəndə DİM bundan xəbərdar olmur. DİM imtahan nəticələrini təhlil edir. Bir şagirdin 9-cu sinifdəki nəticəsi, yaxud sınaq imtahanının nəticəsi ilə qəbul imtahanının nəticəsi fərqli olduqda, yaxud əvvəlki illərdə nəticələri zəif olan şagirdlərin son nəticələri tamam fərqli olduqda bu, köçürmə ilə bağlı ehtimalı qaçılmaz edir. Təəssüf ki, son illərdə köməkçi vasitələrdən istifadə çoxalıb. Xüsusilə pandemiya dövründə onlayn dərslərdə iştirak etmək üçün şagirdlərə planşet, kompüter, telefon və s. verildi, lakin məlum oldu ki, bu vasitələr onları təhsilin keyfiyyətini, bilik və bacarıqları artırmaq üçün yox, daha çox neqativ məqsədlər üçün istifadə etməyə sövq edir. Bu isə yaxşı hal deyil. Dünyanın müxtəlif ölkələrində texnoloji yeniliklər fərqli məqsədlər üçün istifadə olunur. Hesab edirəm ki, şagirdlərin bu vasitələrə əl atması ilk növbədə bizim onları şəxsiyyət kimi yetişdirə bilməməyimizlə əlaqədardır. Köməkçi vasitələrdən istifadənin əsas səbəbi imtahanlara yaxşı hazırlaşmamaqdır. Bütün dövrlərdə "şparqalka", “konspekt” olub. Amma hesab edirəm ki, buna sərf edilən zamanla imtahana daha yaxşı hazırlaşmaq olar. Şagirdlərə öyrətməliyik ki, hər hansı qeyri-qanuni yollarla, yaxud digər köməkçi vasitələrlə uğur, imtahan nəticəsi əldə etmək, onların gələcəkdə kadr kimi yetişməsində o qədər də kömək etməyəcək. Sonrakı mərhələləri nəzərə almaq lazımdır. Şagird yüksək ixtisasa qeyri-qanuni yollarla qəbul olsa belə, mütəxəssis olması mümkün deyil. Yeri gəlmişkən, etiraf edək ki, ali təhsil müəssisələrinin semestr imtahanlarında köməkçi vasitələr daha çox işə yarayır. Bir çox ali təhsil müəssisələrində peşəkarlaşmış komanda yoxdur, çünki nəzarətçilər ali təhsil müəssisələrinin müəllimləridir".
Kamran Əsədov vurğulayıb ki, imtahan iştirakçısının bilik və bacarığı müvafiq keçid balını toplamağa uyğun deyilsə, həmin şəxslərin ali təhsil alması mütləq deyil: “Onlar təhsilin digər pillələrində təhsillərini davam etdirə bilərlər. Gəncləri ilk növbədə insan olaraq yetişdirmək lazımdır. Dəyərlər sistemi olduğunu başa düşməliyik. Şagird haqsız, qeyri-qanuni yollarla müvafiq bal toplayıb ali təhsil müəssisəninə daxil olduqda kiminsə haqqına girmiş olur. Nəticədə cəmiyyət zəif mütəxəssis qazanır. Yəni nəticə etibarilə əmək bazarı üçün faydalı ola biləcək uğurlu mütəxəssisi itirmiş oluruq. Bu cür qeyri-qanuni yolla bəlkə də bir insanın həyatı məhv olur. Bu həm günahdır, həm də cinayətdir. Bu inzibati xəta deyil, çünki nəticələri daha ağır ola bilər. Belə yollarla həkim olan minlərlə insanın canisi ola bilər, hüquqşünas ixtisasına yiyələnən insanların hüquqlarını qorumayacaq, əksinə, hüquqlarını tapdalayacaq. Uğur əziyyətlə əldə olunmadıqda nəticə də ürəkaçan olmur. Bu dəyərlər orta ümumtəhsil müəssisələrində formalaşdırılmalıdır. İmtahanlar çətin deyil. Minimum balla ali təhsil müəssisələrinə qəbul olmaq mümkündür. IV qrupa 150, II qrupa 180, III qrupa 190, I qrupa 170 balla qəbul olmaq olar. Hətta I qrupda 198 balla pulsuz təhsil almaq mümkündür. 700 baldan bu qədərini toplamaq o qədər də çətin olmamalıdır. 2010-cu ilə qədər proses kifayət qədər çətin idi. İmtahan iştirakçılarının sayı 110 min idi, plan yeri isə 29 min. Hazırda isə imtahan verənlərin sayı 85 mindir, plan yeri isə 60 minə yaxındır. Qanuna edilən dəyişikliyə əsasən kollec, peşə təhsili müəssisələrinin məzunları universitetlərə imtahansız qəbul olunurlar. Bir sözlə, universitetə qəbul üçün hər cür şərait yaradılıb. Odur ki, gəncləri maarifləndirməklə uğuru əziyyətlə qazanmağı aşılamalıyıq”.
Nigar HƏSƏNLİ,.
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ