İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsildə din tədrisi yenidən müzakirədə

Rəsul Mirhəşimli: "Dini biliklərin dövlətin nəzarəti ilə öyrədilməsi gəncləri radikal düşüncələrdən qoruya bilər"

Bir neçə gün öncə Bakıda Din Xadimlərinin Forumu keçirildi. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də burada iştirak etdi. Dünyaya Azərbaycanın necə dini tolerantlıq və multikulturalizm nümunəsi olması ilə bağlı ismarışları ötürdülər. Forumda bir çox məsələlər müzakirə edildi, eyni zamanda təhsil sahəsində dinin rolu da müzakirə edildi.  

Azərbaycan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Din Xadimlərinin Forumunda panel müzakirəsi zamanı ölkədə din və təhsilin əlaqəsindən danışıb: “Hazırda ölkədə din və təhsil bir-birindən ayrılıb. Bu səbəbdən hər kəsin seçim azadlığı var”.

O bildirib ki, eyni otaqda həm təcrübəli dini xadimlərinin, həm də pedaqoqların birgə çalışması uğurlu nəticəyə gətirib çıxara bilər.

Yaxın günlərdə elmi-praktiki konfransda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib ki, təhsil müəssisələrində dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir: “Təhsil bir neçə pillədən ibarətdir və burada əsas məqsəd təhsilin burada özünü doğrulda bilməsidir. Valideynlər daim övladlarına dini təhsil səviyyəsi barədə nəzarət etməlidir. Çünki sinif otağında qapı bağlıdır və müəllim öz fənnini tədris edir. Amma biz bilmirik din adı altında uşaqlara nə aşılanır”.

Nazir dini sahədə kadr hazırlığına xüsusi önəm verilməli olduğunu vurğulayıb.

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli

Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli “Yeni Müsavat”a deyib ki, cəmiyyətdə dinin rolu çox böyükdür və bu rolu nəzərə alaraq dinin tədrisinə xüsusi önəm vermək lazımdır: “Çünki dinin tədrisi insanların həyatında düzgün istiqamət verilməsi, həmçinin cəmiyyətin sosial-iqtisadi inkişafına müsbət təsir göstərə bilər. İlk növbədə, dini biliklərin tədrisi cəmiyyətin tərbiyəsində mühüm rol oynayır. 

Dini tədrisin başlanğıcı xüsusilə orta və ali məktəblərdə olmalıdır. Din öyrədilən zaman müqayisəli şəkildə tədris edilməli, insanlarda rasional düşüncə tərzinin aşılanmasına ciddi fikir verilməlidir. Hələ bir neçə il öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ozamankı sədri də bu təkliflə çıxış etmişdi. Dini bilikləri Azərbaycan dövlətinin nəzarəti altında öyrədilməsi gəncləri radikal düşüncələrdən də qoruya bilər, dinin gerçək mahiyyətini öyrədilməsində yardımçı olar. Bu, gənclərin din haqqında düzgün və məlumatlı anlayış əldə etmələrini təmin edər və onları radikalizm kimi mənfi təsirlərdən qoruyar. Din həmçinin insanlara mənəvi dəyərləri, ədaləti, qayğıkeşliyi, başqalarına hörmət və sevgi kimi əxlaqi keyfiyyətləri aşılayır.

Dini biliklərin tədrisi sırasında onun müqayisəli şəkildə öyrədilməsi çox vacibdir. Bu yanaşma, tələbə və şagirdlərin müxtəlif dinlər və mədəniyyətlər haqqında məlumat əldə etmələrinə, həmçinin qarşılıqlı hörmətin və anlayışın formalaşmasına yardım edər". 

Rəsul Mirhəşimli əlavə edib ki, müxtəlif dinlər haqqında obyektiv məlumatlar verilməsi həm də dini təbliğatda radikal meyllərin qarşısının alınmasına yardımçı olar: “Burada xüsusi diqqət xüsusən Quranın öyrətdiklərini əsas götürərək, dinin əsas prinsiplərinin öyrədilməsinə verilməlidir. Bununla da Qurani-Kərimin təbliğ etdiyi insanlıq, ədalət, mərhəmət və toleriantlıq kimi dəyərlər cəmiyyətdə müsbət əks-səda tapar.

Eyni zamanda dinin cəmiyyətdə birləşdirici rolunu vurğulamaq lazımdır. Din fərqli cəmiyyətlərdə bir çox müsbət xüsusiyyətləri birləşdirərək, insanları daha da yaxınlaşdırır. Müxtəlif mədəniyyətlərdə, dinlərdə və dillərdə olan insanlar arasında din həm birləşdirici əlaqələr yarada bilər. Bu yanaşma cəmiyyətin birliyini qorumağa və möhkəmləndirməyə yardım edir.

Din və mənəvi dəyərlər həm də cəmiyyətin müasir problemlərinə, xüsusən də sosial ədalətsizliyin aradan qaldırılması, insanlar arasında normal ünsiyyət bağının formalaşmasına yardımçı olur. Yetər ki, dini təbliğatı bu dinin gerçək mahiyyətini anlayanlar aparsın. Cəmiyyətdə dini düşüncəsi ilə həyat tərzini bütövləşdirə bilən din xadimləri var. Həmin adamların biliklərindən maksimum dərəcədə istifadə etmək lazımdır. Din adamları da davranışlarına, cəmiyyətlə münasibətlərinə xüsusi diqqət etməlidir. Çünki cəmiyyətin fərdləri bu insanların davranışları və dünyagörüşünə görə dinə qiymət verir. Başqa sözlə, din adamında görünən neqativ xüsusiyyətlər insanların dinə münasibətini də zədələyir. 

Bir də onu qeyd etmək gərəklidir ki, gənclərə dinin yalnız bir inanc deyil, həm də həyati prinsipləri olduğu öyrədilməlidir. Dinin tədrisi yalnız fərdi mənəvi inkişaf üçün deyil, eyni zamanda cəmiyyətdə anlaşma və tərəqqi üçün də vacibdir. Dini biliklərin düzgün şəkildə və əhatəli tədrisi cəmiyyətin mənəvi inkişafına mühüm təsir göstərəcək, insanları doğru yola yönəldəcək və sosial harmoniya yaradacaq. 

Ən mühüm məsələlərdən biri də cəmiyyətdə İslamofobiya meyllərinin qarşısını almaq üçün addımlar atmaq olmalıdır. İnanclı insanlara qarşı radikal, nifrət dolu və aşağılayıcı münasibət özünü daha çox sosial şəbəkələrdə göstərir. Dini bayramlarda, din tarixi baxımdan önəmli olan günlərdə inanclı insanların dini əqidəsi hədəfə alınır. Bu münasibət də cəmiyyətdə normal münasibətləri zədələyir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu meyl və düşüncələr Azərbaycanın ali qanunvericilik aktlarına və insani davranış tərzinə də ziddir. İnsanların dini dünyagörüşü radikal düşüncədən uzaq sərgilənirsə, bu, kimsənin ziyanına deyil. İnanmayan insanlar da insanlıq xatirinə ya bu əqidəyə sayğı ilə yanaşmalı, bu sayğını göstərə bilmirlərsə, heç olmazsa, susmalıdırlar". 

Hazırladı: Afaq MİRAYİQ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR