İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın Bakıdakı səfirliyi bağlanır, yoxsa köçürülür? - diplomatlara casusluq ittihamı

Səfirliyin 4 əməkdaşı Azərbaycandan qovuldu!

Tehranın Azərbaycandakı səfirliyinin qarşısında olan İran bayrağı götürülüb. Söhbət Səbayel rayonu Bünyad Sərdarov küçəsində yerləşən İran səfirliyinin binasından gedir. Məlumata görə, səfirliyin binası bu ünvandan Şərifzadə prospektindəki İran Konsulluğunun binasına köçürülür. İran səfirliyinin köçürülməsi və  səfirlə bağlı müəmma nə ilə bağlı ola bilər? Mümkündür ki, Bakı İran səfirliyinə qarşı üçüncü qüvvələrin təxribatını önləmək üçün daha təhlükəsiz yerə köçürülməsinə qərar versin?

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, son iki ildə İran dövlətinin Azərbaycana qarşı düşmən mövqeyi İranla bağlı hər hansı bir hadisənin ictimaiyyət tərəfindən diqqətlə izlənməsinə səbəb olur. İranın Bakıdakı səfirliyi ətrafında baş verənlər də bu məhz bu qəbildəndir. Son iki ildə Azərbaycanı açıq şəkildə təhdid edən və hədələyən, qeyri-diplomatik, dövlət tərbiyəsinə uyğun olmayan davranış, leksikon İran tərəfindən adi hal alıb: “İranın Azərbaycandakı səfiri Abbas Musəvi isə görünən o ki, İran teokratik rejiminin rəhbərliyinin bu cür aqressiv leksikonundan fərqli davranış sərgiləyib. Səfir Musəvi ən azı ekran qarşısında hər zaman iki ölkə arasında münasibətlərin dialoq və danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarı olduğunu bəyan edib. Ola bilsin ki, səfirin bu cür mövqeyi, nisbətən yumşaq davranışı, diplomatiyanın önə çıxarılmasına çalışması, Azərbaycanla münasibətlərin korlanmasına tərəfdar olmaması Tehranı qane etməyib. İranın səfirinin dəyişdirilməsində bu amilin rol oynadığını söyləmək mümkündür. O ki qaldı yeni təyin olunduğu deyilən səfirə, əlbəttə, görünür ki, həmin şəxs hazırda daha çox sərt xətt tərəfdarı olan qrupa aiddir. Nəzərə almaq lazımdır ki, İranda son illər xarici siyasət daha çox diplomatlar tərəfindən deyil, SEPAH-ın generalları tərəfindən həyata keçirilir. Son bir neçə vacib diplomatik görüşlərdə də məhz İran tərəfini ölkənin xarici işlər naziri deyil, Seyid Əli Xameneyinin hərbi məsələlər üzrə müşaviri təmsil edib. Bu da İranın xarici siyasət anlayışının nədən ibarət olduğunu bir daha ortaya qoyur”.

Oqtay Qasımov FHN-də baş verən olaylardan DANIŞDI: “Əlbəttə ki, bu  məsələlər…”

 Oktay Qasımov

Ekspertin sözlərinə görə, Bakıdakı İran səfirliyinin həmişə fəaliyyət göstərdiyi binadan konsulluq binasına köçürülməsi isə müxtəlif səbəblərlə izah oluna bilər: “Məncə, burada təhlükəsizlik məsələsi də ehtimal kimi irəli sürülə bilər. Amma İran səfirliyinin yerləşdiyi ərazi Bakı şəhərinin ən təhlükəsiz və ən çox mühafizə olunan səmtində yerləşir. Ona görə səfirliyin həmin yerdəki binanı dəyişməsində təhlükəsizlik məsələsinin səbəb olduğu ehtimalı çox azdır. Bayraq ona görə endirilib ki, binadan köçürlər. Nədən həmin binadan çıxdıqlarını isə səfirlik özü dəqiq izah edə bilər. Onlar həmin binada 30 ildən artıq fəaliyyət göstəriblər və heç bir problem yaşamayıblar. İndi həmin binadan köçmək barədə qərar veriblərsə, öz işləridir. Azərbaycanla İran arasında münasibətlərin gərginliyi bölgədə marağı olan və vəziyyəti daha da gərginləşdirmək istəyən xüsusi tərəflər üçün də müəyyən bəhanə ola bilər. Bu məsələdə bütün variantlar nəzərə alınmalıdır. Çünki vəziyyəti gərginləşdirmək istəyən beynəlxalq güclər təxribatlar törətmək fikrinə düşə bilərlər.  Ona görə də  hesab edirəm ki, İranın Bakıdakı səfirliyi bundan sonra da daha ciddi şəkildə mühafizə olunacaq və təhlükəsizliyi təmin ediləcək”.

Güney Azərbaycan şəhərləri manatla tədavülə keçir”-Əziz Əlibəyli

Əziz Əlibəyli

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli isə bildirdi ki, səfirliklər üzərindən gündəmə gələn məsələyə nota müharibəsi və ya diplomatik savaş demək mümkündür: “Bunu İran tərəfi başlatdı. Azərbaycan tərəfi İrandakı səfirliyimizə qarşı həyata keçirilən terrorla bağlı aparılan istintaqın və verilən hüquqi qiymətin nəticəsinə etiraz kimi Tehrandakı səfirliyimizi geri çağırdı. İranın Azərbaycandakı səfirinin dəyişdirilməsi və səfirliyin 30 ildən artıqdır fəaliyyət göstərdiyi binadan konsulluq binasına köçürülməsini Səfir Musəvinin Azərbaycan hakimiyyəti ilə yaxın olub-olmaması məsələsinə bağlamıram. Lakin yeni təyin edilən səfir Dəmirçinin siyasi və diplomatik kimliyinə baxdıqda onun SEPAH mənşəli kadr olması faktoru önə çıxmaqdadır. Belə çıxır ki, Tehran nisbətən loyal mövqedə səfirin deyil, SEPAH mövqeli səfirin olmasını istəyir. Qəribə təzad bütövlükdə İran hakimiyyət rəhbərlərinin heç birinin nə siyasətçi, nə də diplomat olmamasından qaynaqlanır. Yəni onların leksikonunda birmənalı şəkildə müharibə, qarşıdurma ritorikası önə çıxmaqdadır.  İran səfirliyinin bağlanması kimi addıma gedərsə, bu, artıq iki ölkə arasında münasibətlərin müharibə səviyyəsinə daşınması anlamına gələ bilər. Lakin İranın Azərbaycandakı səfirliyi ilə bağlı hansı ssenarilər icra oluna biləcəyi məsələsində mənim əvvəlcədən də bir neçə qənaətim var idi ki, İranla Azərbaycanın toqquşmasına çalışan bir neçə mərkəz var. Yəni Bakıdakı İran səfirliyinə qarşı terror aksiyasını törətmək istəyən mərkəzlər mövcuddur. Qərbin müəyyən xüsusi xidmət orqanları, Rusiyanın xüsusi xidmət orqanlarının ermənilərlə əməkdaşlıq edən nümayəndələri, ermənilərin özü bu cür çirkin addımları reallaşdırmaq istəyə bilərlər. Ona görə də Azərbaycan tərəfi indi daha böyük həssaslıqla prosesləri izləyir ki, İranın Azərbaycandakı səfirliyi hər hansı təhlükə və ya  hücumla üz-üzə qalmasın”.

Günün sonunda məlum olub ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə  çağırılıb. Bu barədə Musavat.com-a XİN-dən məlumat verilib.

Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Musavat.com-a etibarlı mənbələrdən daxil olan məlumatda bildirilib ki, sözügedən səfirliyin 4 əməkdaşı ölkəmizdə casusluq fəaliyyəti ilə məşğul olurmuş. Onlar məhz bu səbəbdən  “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edilərək ölkədən qovulub. Həmin şəxslərə ölkədən çıxmaları üçün 48 saat vaxt verilib.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR