İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandakı səfirliyimizin fəaliyyəti bərpa edilə bilər - iki şərt

Deputat: “Vəziyyət bu həddə çatanda İran anladı ki, Azərbaycanla münasibətlər çox əhəmiyyətlidir”

Son günlərdə qarşılıqlı səfərlər, eləcə də açıqlamalar Azərbaycan və İran arasındakı gərginliyin nisbətən azaldığını göstərir. Oktyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. İranın Azərbaycandakı səfirliyinin yaydığı rəsmi məlumata əsasən, görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqları müzakirə edilib.

Münasibətlərdəki gərginliyin azalması ilk növbədə Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpa olunması ilə bağlı məsələni gündəmə gətirir.

Bu ayın əvvəlində İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani Azərbaycan səfirliyinin yenidən açılmasına dair sualı belə cavablandırmışdı: “Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı yekdil fikir var. Azərbaycan rəsmisinin (red: Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov) Tehrana səfəri iki ölkə rəsmiləri arasında aparılan danışıqların davamı olaraq baş tutub. Aparılan müzakirələr və atılan uğurlu addımlar çərçivəsində səfirlik yaxın vaxtlarda Tehranda fəaliyyətini bərpa edə bilər. Biz İran və Azərbaycan arasında ikitərəfli münasibətlərdə yaxşı abı-havada və tendensiyadayıq. Azərbaycanın Tehrandakı səfirliyinin açılması ilə bağlı konsensus var və tezliklə, səfirlik fəaliyyətə başlayacaq”. 

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş isə bildirmişdi ki, Azərbaycan səfirliyinin fəaliyyətinin qısa zamanda bərpası üçün İran tərəfi xahiş edib və Azərbaycan da bu istiqamətdə qısa müddətdə addımların atılacağına söz verib.

Qeyd etmək yerinə düşər ki, 44 günlük Vətən müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Sərhəddə hərbi təlimlərin keçirilməsi, anti-Azərbaycan bəyanatları, hədələyici çıxışlar münasibətlərin korlanmasına gətirib çıxarıb. Üstəlik, İran artıq erməni faktorundan məhrum olub, yəni Azərbaycana təzyiq üçün istifadə edə biləcəyi heç nə yoxdur. Görünür, bu səbəbdən Azərbaycanla olan gərginliyin azalması üçün addımlara cəhd edilir. Son aylarda hər iki ölkənin xarici işlər nazirləri arasında telefon danışıqları olub. XİN rəsmiləri  prezidentlərin qəbulunda olublar. Odur ki, səfirliyin yaxın aylarda yenidən fəaliyyətə başlayacağı ilə bağlı ehtimal aktualdır. Lakin bunun üçün Azərbaycanın irəli sürdüyü şərtlər yerinə yetirilməlidir.

Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə “Yeni Müsavat”a bildirdi ki, hələ ki Azərbaycanın İrandakı səfirliyinin açılması ilə bağlı yekun qərar qəbul edilməyib.

Aydın Mirzəzadə: "Tolstoy Azərbaycandan üzr istəməlidir"

Aydın Mirzəzadə 

Millət vəkili Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Azərbaycanın İrandakı səfirliyinin bağlanması məlum proseslərin nəticəsi idi. Millət vəkili vurğuladı ki, İranda siyasətçilər, hərbçilər Azərbaycanın suverenliyinə xələl gətirə biləcək, anti-Azərbaycan ruhunda bəyanatlar səsləndirirdi: “Azərbaycanın İrandakı səfirliyinə terror hücumu təhlükəsizliyin təmin edilmədiyini göstərdi. Azərbaycan da səfirliyin fəaliyyətini müvəqqəti dayandırmaqla bağlı addım atmağa məcbur oldu. Vəziyyət bu həddə çatanda İran anladı ki, Azərbaycanla münasibətlər çox əhəmiyyətlidir. İranın müəyyən dairələri artıq bunun fərqinə varıblar. Azərbaycan İran üçün dünyaya açılan pəncərədir. Ölkəmiz hər zaman İranla yaxşı münasibətlər saxlamağa çalışıb, İran əleyhinə heç bir addım atmayıb. Münasibətlərimizi mehriban qonşuluq siyasəti üzərində qurmuşuq. Digər ölkələrdən fərqli olaraq İranın suverenliyinə hər zaman hörmətlə yanaşmışıq. Bütün bu məqamları nəzərə alaraq İran tərəfi səfirliyimizin yenidən fəaliyyətə başlaması məsələsini qaldırıb. Azərbaycanın səfirliyin fəaliyyətinin bərpa edilməsi üçün iki şərti var: 1. Terrorçu və onu dəstəkləyən insanlar cəzalandırılmalıdır; 2. Səfirliyimizin təhlükəsizliyi təmin edilməlidir. Terrorçu cəzasını alsa belə, səfirliyin təhlükəsizliyi təmin olunmalıdır ki, növbəti terror aktı olmasın.

İran Azərbaycanın diplomatik nümayəndəliyində çalışanların beynəlxalq konvensiyalara uyğun təhlükəsizliyinə 100 faiz təminat verməlidir. Əsrlərdir mövcud olan qonşuluq münasibətlərinə görə İran buna əməl etməlidir. İran bu iki şərti yerinə yetirərsə, səfirliyimizin fəaliyyəti bərpa edilə bilər. İranda anti-Azərbaycan təbliğatına son qoyulması da arzuolunandır. Azərbaycanda anti-İran təbliğatı yoxdur. Rəsmi şəxsin, yaxud siyasi qrupun dilindən kəskin anti-İran bəyanatları səslənmir. Hər hansı məsələyə fərqli münasibət ola bilər, amma İran cəmiyyətində Azərbaycana qarşı olan qədər aqressiya Azərbaycanda yoxdur, ola da bilməz. Azərbaycan beynəlxalq hüquq normalarına hörmət edir, mehriban qonşuluğu əsas götürür. Azərbaycanın qanuni istəkləri yerinə yetirilərsə, İrandakı səfirliyinin fəaliyyəti bərpa edilə bilər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi məhkəmənin icraatına verilib. İranın Ədliyyə və Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayişi bildirib ki, hələ ki məhkəmə keçirilməyib və hökm çıxarılmayıb.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib. Azərbaycan Prezidenti İlham Əliyev səfirliyə hücumu terror aktı adlandırıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR