Onlayn ictimai-siyasi qəzet
Yunanıstanda nəşr olunan “Pentapostagma” qəzetində qalmaqallı təhlil dərc olunub. Teleqraf.com xəbər verir ki, Suriyanın şimalında “kürd dövləti”nin qurulması ssenarisinin müzakirə edildiyi məqalədə hazırda şərtlərin bunun üçün uyğun olduğu iddia edilir. Aralıq dənizindəki Rusiya və ABŞ donanmalarını müqayisə edən yunan nəşri hərbi güc baxımından üstünlüyün tamamilə Qərbdə olduğunu yazır.
“Ümumilikdə 4 təyyarə gəmisi/helikopter daşıyıcısı, 120 döyüş gəmisi və onlarla nüvə sualtı gəmilərindən ibarət misli görünməmiş dəniz qüvvələri Şərqi Aralıq dənizində toplaşıb. ABŞ-ın iki təyyarədaşıyan zərbə qrupu rəsmi olaraq çəkindirmə fəaliyyəti həyata keçirərkən, qeyri-rəsmi şəkildə onlara Türkiyə, İran və Rusiyaya qarşı "əzələ nümayişi" rolu həvalə edilib", - təhlildə vurğulanır. Nəşr ABŞ gəmilərinin Britaniya, Fransa və Yunanıstan hərbi və sualtı gəmiləri ilə birlikdə bölgədəki hər cür düşmənə qarşı nəhəng hücum gücü təşkil etdiyini bildirir: “ABŞ və İsrailin planlarında Amerika Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Suriyada kürd dövlətinin yaradılması ssenariləri var. Əslində belə bir şeyi görmək məntiqli olardı, xüsusən də bu nəhəng dəniz gücünün bir araya gəldiyi şəraitdə”.
Türkiyənin dünyada artan nüfuzu, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın bir sıra mühüm mövzularda, o cümlədən İsrail-HƏMAS müharibəsində tutduğu mövqe Qərbi ciddi narahat edir. O səbəbdən, mümkündür ki, “böyük başlar” Türkiyəni təhdid etmək üçün yenidən “kürd dövləti” məsələsini aktuallaşdırmağa çalışırlar. Yunan qəzetinin bunun yazması və xüsusilə “nəhəng dəniz gücünün bir araya gəldiyi şəraitdə” Türkiyə üçün ağrılı olan bu planın gündəmə gətirilməsi təsadüfi deyil.
Politoloq Əhəd Məmmədli qeyd etdi ki, Şimali İraqdakı kürdlərin lideri Bərzaniyə “müstəqilliyinizi tanıyacağıq” sözünü verib, sonrada sözündə durmayan amerikalılar olub:
“Ona görə durub indi demək ki, Şimali Suriyada Kürdüstan qurulacaq ciddi deyil və reallıqla uyğunlaşmır. Çünki daha məntiqli ilk olaraq Şimali İraqda Kürdüstanın qurulmasıdır. Bunu bacarmayanlar, Şimali Suriyada necə bacaracaqlar? Kərkükü rəsmi Bağdad nəzarətinə götürəndən sonra Kürdüstan mövzusu suya düşdü. İndi yenə bu mövzunu bu dəfə Suriyada diriltmək istəyirlər, amma çifayda, çünki buna nə Türkiyə, nə Ərəb küçəsi, nə İran, nə də Rusiya imkan verməz. Sadəcə, qeyd etdiyiniz yazıda yunanlar arzularını reallıq kimi göstərmək istəyirlər. İsrail dövlətinin müqəddəratı sual altında olan zaman hansısa Kürdüstandan danışmaq yersiz və gülüncdür. Əgər Şimali Suriyada kürdlər, ABŞ və İsrailə güvənib müstəqilliyini elan etməyə dursalar, bir tərəfdən Türkiyə, digər tərəfdən isə Əsəd, İran və Rusiya buna imkan verməz”.
Politoloq Elxan Şahinoğlu da o fikirdədir ki, Qərb ölkələrində 2000-ci illərdən başlayaraq, anti-Türkiyə mövqeyi güclənib:
“Çünki Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldiyi müddətdə ölkəsinin Qərbdən asılılığını azaltdı. Türkiyənin soyuq müharibə illərində həqiqətən də SSRİ-dən qorunmaq üçün Amerika ilə müttəfiqliyə ehtiyacı var idi. Amma soyuq müharibə bitdikdən, SSRİ dağıldıqdan sonra həqiqətən də qardaş ölkənin buna heç bir ehtiyacı qalmayıb. Türkiyənin Rusiya ilə də normal münasibətləri var, əməkdaşlıq edir. Bunun özü də Amerikada çox böyük narazılıq doğurur. Ona görə də Türkiyəyə əlavə problemlər yaratmağa çalışırlar. Bu problemlərdən biri də PKK və onun törəmə təşkilatları-YPG-PYD-yə Amerikanın və bir neçə Avropa ölkəsinin verdiyi gizli və ya açıq dəstəkdir, terrorçuları silah-sursatla təmin edirlər. İndi də kürd bölgəsi yaratmaqla Türkiyəyə əlavə problemlər yaratmağa çalışsalar da, təbii ki, Ankara buna imkan verməyəcək. Türkiyənin özünün milli və təhlükəsizlik maraqları var. Bu maraqlara görə, İraq və Suriya ərazisində Türkiyə hərbi əməliyyatlarını davam etdirir. PKK və onun törəmələri olan YPG-PYD ilə savaşır. Onun üçün savaşır ki, burada bir kürd bölgəsi yaradılmasın və buradan Türkiyəyə qarşı istifadə olunmasın. Hesab edirəm ki, Qərb bu oyunları Türkiyəyə qarşı həyata keçirə bilməyəcək. Yaxın Şərqdə "barıt çəlləyi" partlayıb və bütün diqqətlər oradadır. Yaxın Şərqdəki bu müharibə böyük dövlətlərə, o cümlədən Amerika və digərlərinə daha böyük problemlər yaradır. Bu problemlər varkən, indi Türkiyə əleyhinə də bir oyuna girişsələr, ümumiyyətlə, vəziyyət gərginləşəcək, Amerikanın, Qərbin özü üçün. Türkiyə bəli, Avrasiya bölgəsində ciddi oyunçuya çevrilib. Ankaranın Rusiya və Çinlə strateji əlaqələri var. Müxtəlif layihələrdə iştirak edirlər. Bu da yenə Amerikanın xoşuna gəlmir. Amma ABŞ onu da anlayır ki, Türkiyə ilə münasibətləri tamamilə korlasa, bu, Amerikanın təhlükəsizlik maraqlarına ciddi zərbə olacaq. Çünki Türkiyə birmənalı şəkildə Amerikanın rəqibləri ilə birləşəcək. Burada Rusiya və Çin öndə gələcək. Bu da ABŞ-ın maraqlarına çox ziddir. Baxmayaraq ki, Amerika PKK terrorçularına, onun törəmə təşkilatlarına dəstək verir, amma Ankara ilə də dialoqdan imtina edən deyil. Ona görə də Blinken səfərləri zamanı Türkiyəni da zaman-zaman siyahıya daxil edir. Amma onun son dəfə Ankarada soyuq qarşılanması Türkiyənin dünyaya və türk cəmiyyətinə bir mesajı idi ki, Ankara Vaşinqtonun regional siyasətinə, Yaxın Şərqə baxışına son dərəcə narazıdır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ