İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhlükə mənbəyinə çevrilən körpü - REPORTAJ

Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında “Qaqarin” körpüsü kimi tanınan “Cavanşir” yolötürücüsü hazırda təhlükə mənbəyinə çevrilib.

“Report” xəbər verir ki, 1962-ci ildə istismara verilən körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana və limandan yükləri daşıyan dəmir yolunun çəkilməsi ilə bağlı olub.

Körpü tikilərkən, onun konstruksiyası həmin dövrdə mövcud olan nəqliyyat axınına hesablanıb. Zamanla nəqliyyatın intensivliyinin dəfələrlə artması körpünün konstruksiyasında müəyyən problemlər yaradıb.

Yol hərəkəti üzrə ekspert Eldar Bəşirovun sözlərinə görə, körpünün istismar müddəti bitdiyindən yenidən təmir olunsa belə onu sadəcə 10 % bərpa etmək mümkündür: “Bu baxımdan körpünün sökülməsi daha məqsədəuyğundur. Əgər yerində yeni körpü salınarsa bu isə müasir standartlara cavab verməlidir”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, körpünün sökülüb- sökülməməsi ilə bağlı hazırda hansısa bir qərar olmasa da 2 dəfə xaricdən dəvət olunmuş ekspertlərin iştirakı ilə körpüyə baxış keçirilib: “Baxış zamanı körpünün ümumilikdə nəqliyyatın hazırkı intensivliyinə uyğun gəlmədiyi və riskli olduğu bəlli olub. Testin nəticəsinə uyğun olaraq isə belə qərara gəlinib ki, körpü təhlükəsizliklə əlaqədar artıq sökülməlidir”.

Qeyd edək ki, sözügedən yolötürücüsünün yükgötürmə qabiliyyəti XX əsrin 60-cı illərində qüvvədə olan hesabi yüklərə uyğun olaraq layihələndirilib. Keçirilmiş müayinələr zamanı yolötürücüsünün aşırım qurğularının tirlərində, rigellərdə, dayaqlarda korroziya meydana gəlməsi, qopmaların, dağılmaların olması, bəzi yerlərdə armaturların üzə çıxaraq dəmir-beton konstruksiyaların bütövlüyünün pozulması halları və polad dayaq yastıqlarında korroziya ilə yanaşı yerdəyişmələrin də olduğu müəyyən edilib.

Xatırladaq ki, “Cavanşir” körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Əvvəllər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb.

Ətraflı süjeti təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR