Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclası təşkil edilib. İclasda diqqətçəkən məqamlardan biri Türk Dövlətləri Təşkilatının (TDT) Türk dünyasının gələcəyi üçün nə qədər önəmli olduğunun növbəti dəfə vurğulanması idi.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun videomüraciətində bildirib ki, Türk Dövlətləri Təşkilatı Türk dünyasını siyasi, iqtisadi, mədəni və sosial sahələrdə bir araya gətirərək bölgəmizi ən güclü əməkdaşlıq strukturlarından birinə çevirib. F.Altun qeyd edib ki, Türk dünyası ölkələri ortaq tarix və mədəniyyətdən aldığı güclə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaq məsuliyyəti daşıyır.
“Bu məsuliyyəti dərk edərək ümid edirəm ki, panelimiz intellektual biliklərimizi zənginləşdirməklə yanaşı, konkret addımlarla irəliləməyimizi təmin edəcək ilham mənbəyi olacaq”, - deyə F.Altun vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışında TDT-ni təkcə regional təşkilat kimi deyil, strateji ortaq gələcəyin mərkəzi kimi dəyərləndirib. Sitat: “TDT dialoq kanallarını genişləndirmə platformasıdır. Türkiyə Türk dünyası regionunda sülh və sabitliyi dəstəkləyir. Həmçinin müxtəlif vasitələrlə bir çox istiqamətdə türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsini təşviq edirik. Türk dünyasının öz təşkilatının təsis edilməsi üzv ölkələrin həm təhlükəsizliyinə, həm ortaq məqsədlərinə xidmət edir”.
Diqqətçəkən çıxışlardan biri də Türk Dövlətləri Təşkilatının Macarıstan nümayəndəliyinin icraçı direktoru Balaz Hendrişin çıxışı olub. Hendriş vurğulayıb ki, TDT-nin Budapeştdəki ofisi Türk dünyasından kənarda yaradılmış ilk mərkəzdir: “Mərkəz TDT üzv dövlətləri ilə Avropa İttifaqı arasında iqtisadi və ticarət tərəfdaşlıqlarının asanlaşdırılması, mədəni və təhsil mübadiləsinin təşviqi, o cümlədən təqaüdlər, birgə tədqiqatlar və gənclər proqramlarını, türk diasporunu dəstəkləmək, o cümlədən Avropadakı türklər arasında icma ruhunu gücləndirmək məqsədilə yaradılıb. Nümayəndəlik ofisi TDT-nin səsini Avropanın mərkəzində daha da gücləndirir və ortaq kimliyin qorunması, dayanıqlı inkişaf və daha dərin inteqrasiyanı hədəfləyən "Türk Dünyası-2040" baxışının həyata keçirilməsinə töhfə verir".
Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, TDT-nin yaradılması və əməkdaşlığın genişləndirilməsi müasir dövrün ən maraqlı və məhsuldar layihələrindən biridir: “Tərəflər artıq siyasi əməkdaşlıqdan mədəni, diplomatik, iqtisadi əməkdaşlıq formalarına keçid ediblər. Maraqlı məqam ondan ibarətdir ki, Avropanın aparıcı dövlətlərindən birinin özünü türk dövləti elan etməsi və TDT-nin bütün tədbirlərində fəal iştirak etməsi, Macarıstanın paytaxtında tədbir keçirilməsi türk dünyası ideyasının Avropanın mərkəzində eşidilməsinə imkanlar yaradır. Bu ruh, əməkdaşlıq, birlik, qardaşlıq istəyi cəmiyyətin bütün təbəqələrini, ilk növbədə gəncləri əhatə edir. Gənclər türk birliyi məsələsində aktiv rol oynayırlar. TDT-nin gənclər birlikləri ilə əməkdaşlığı bariz nümunədir.
Hesab edirəm ki, gənclər türk dünyası birliyi məsələsində böyük rol oynaya bilirlər. Bu, türkün tarixinin öyrənilməsi, ümummədəni dəyələrin mənimsənilməsidir, o cümlədən türk dünyası dövlətlərinin qarşısına çıxan problemlərin həllində bütün türk dünyasının potensialından istifadə edilməsidir. Eyni zamanda gənclər təşkilatlarının bir-biri ilə əməkdaşlığı, əlbəttə, gələcək üçün dəyərli proqramların hazırlanmasında böyük rol oynayır. Təhsil, mədəniyyət əməkdaşlığı, dünya qarşısında duran problemlərin həllində fikir mübadiləsinin aparılması da böyük rol oynayır. Bir sözlə, Türk dünyası gənclərinin böyük potensialı var və bu potensial bütün sahələrdə olduğu kimi, Türk dünyasının inteqrasiyası məsələlərində də özünü hərtərəfli göstərir".
Yazını hazırladı: Nigar HƏSƏNLİ
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ