İnsanlara hürriyət, millətlərə istiqlal!

Taxıl sazişindən çıxandan sonra Rusiyanın taxıl ixracı kəskin azalıb

Taxıl sazişindən çıxdıqdan sonra Rusiyadan taxıl almaq istəyənlərin sayı sürətlə azalır.

Reuters-in sahə şirkətlərinə istinadən yaydığı məlumata görə, iyulun ortalarından etibarən Rusiya iri şirkətlərin işləmədiyi xırda daşıyıcıların kiçikölçülü və köhnə gəmilərini icarəyə götürməyə məcbur olub. Bunun nəticəsində belə icarələrin sayı illik ifadədə iki dəfə artaraq 257-yə çatıb.

Reutersə danışan şirkət təmsilçiləri sifarişlərin daha da artacağını gözlədiklərini bildiriblər. Çünki yeni mövsümün aktiv ixrac dövrü başlayır. Taxıl sazişindən sonra Rusiyanın aqrar ixracının maliyyələşməsində iştirak edən “Rosselxozbank”ı JPMorgan bankının sistemindən kənarlaşdırıblar. Bu isə Rusiyadan məhsul alan şirkətlərin işini daha da ağırlaşdırır. Buna görə də böyük şirkətlər Rusiyadan alışları dayandırırlar.

İxracdakı problemlər Rusiya üçün gəmi icarəsi haqqının yüksəlməsinə səbəb olur. İri şirkətlərin imtinası ilə üzləşən Moskva daha kiçik və tanınmayan şirkətlərin əsasən köhnəlmiş donanmasından istifadə edir. Bu isə ixrac həcmlərində, həmçinin ixrac olunan məhsulun qiymətində hiss olunacaq.

Ekspertlərə görə, yeni şərtlər dünya bazarında buğdanın bahalaşmasına gətirib çıxara bilər.

Rusiya Taxıl İttifaqının məlumatına görə, 1-7 avqust aralığında ölkənin taxıl ixracı illik ifadədə 43 faiz azalaraq 871 min ton təşkil edib. Bu, həm də son yarımildə ilk həftəlik azalmadır. Həftə ərzində buğda ixracı 42 faiz azalmaqla 735 min ton, çovdar ixracı 63 faiz azalmaqla 88,5 min ton, qarğıdalı ixracı isə 29 faiz azalmaqla 16,5 min ton təşkil edib.

Bu dövrdə Türkiyəyə ixrac 38 faiz azalaraq 125 min ton, Səudiyyə Ərəbistanına ixrac 31 faiz azalaraq 66 min ton, Misirə ixrac isə 13 dəfə azalaraq 32,4 min ton olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR