İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixdə ilk intellektual etiraz: Şuubilik hərəkatının formalaşması və Türk dünyasının İslam mədəniyyətində rolu

İslam dünyasının erkən dövrlərində mədəni və siyasi sahədə dominantlıq iddiaları ilə müşayiət olunan ərəb millətçiliyi digər müsəlman xalqlarının — xüsusilə türk, fars və süryani icmalarının — milli və dini haqlarına ciddi təzyiq yaratmışdır. Bu təzyiq və ayrı-seçkilik qarşısında türk dünyasının da daxil olduğu qeyri-ərəb müsəlmanlar ilk intellektual etirazlarını ortaya qoymuş, bu etiraz ideya və ədəbi müstəvidə “şuubilik” hərəkatı kimi formalaşmışdır.

Əməvi dövründə Azərbaycanın ilk müsəlman şairlərindən olan İsmayıl ibn Yəsarın sərgilədiyi ədəbi etiraz — ərəb irqçiliyinə qarşı qəsidəsi — yalnız fərdi bir hadisə olmayıb, türk dünyasının qədim mədəniyyət köklərinə və siyasi irsinə dayanan milli şüurun ifadəsi kimi tarixdə mühüm yer tutmuşdur. Bu etiraz hərəkatı türk xalqlarının İslam mədəniyyətində öz yerini qorumaq və inkişaf etdirmək istiqamətində atdığı ilk mühüm addımlardan biri olmuş, Abbasi xilafəti dövründə türk nüfuzunun yüksəlməsi ilə nəticələnmişdir.

Türk dünyası, İslam sivilizasiyasının siyasi və hərbi gücü olmaqla yanaşı, eyni zamanda fəlsəfi, ədəbi və elmi sahələrdə də mühüm rol oynamışdır. Şuubilik hərəkatı türk mədəniyyətinin İslam mədəniyyəti içində yalnız bir məzmun deyil, həm də fəal subyekt kimi mövqeyinin təzahürü olmuşdur. Bu proses türk dövlətçilik ənənələrinin, mədəni irsin və elmi potensialın formalaşmasında həlledici mərhələ kimi dəyərləndirilir.

Beləliklə, şuubilik təkcə ərəblərə qarşı intellektual müqavimət deyil, eyni zamanda türk dünyasının İslam dövlətinin mərkəzi simalarından biri olaraq yüksəlişinin və özünüdərkinin əlaməti kimi önəm daşıyır. Bu tarixi mərhələ, türk xalqlarının dini, mədəni və siyasi identitetlərinin formalaşmasında və onların İslam sivilizasiyasının inkişafına töhfəsində əsas rol oynamışdır.

Hər şey necə başladı?!

Rəvayətə görə, Əməvi xəlifəsi Əbdülmalik ibn Mərvan (685–705) sarayın baxçasındakı hovuzun kənarında dincələrkən, Azərbaycandan olan şair İsmayıl ibn Yəsar onun hüzuruna gəlir. Xəlifə ondan onu mədh etməsini istəyən bir qəsidə oxumasını xahiş edir. Bunun üzərinə İsmayıl “öz nəslini, əsl-nəcabətini, milli mənsubiyyətini mədh edən, ərəbləri isə təhqir edən” bir qəsidə oxuyur. Bərk əsəbləşən xəlifə şairin hovuzda boğulmasını əmr edir. Ayaqlarından tutularaq belinə qədər suya batırılan şair tam boğularkən, xəlifə anidən qərarını dəyişir və cəlladlarına İsmayılın Hizaca sürgün edilməsini tapşırır.

Bu hadisə tarixdə ilk ədəbi etiraz hərəkəti olan şuubiliyin başlanğıcı sayılır.

İsmayıl ibn Yəsar və Məvalilər

İslam tarixində Azərbaycandan ilk türk müsəlman şair İsmayıl ibn Yəsar olmuşdur. O, məvali şairlər arasında ən məşhuru idi. Məvali, ərəb olmayan müsəlmanlara verilən ümumi addır və mənası “yaxın olmaq, bir kəsin ardınca getmək və ona qoşulmaq” deməkdir.

İsmayılın atası Yəsar müsəlmanlarla döyüşlərin birində əsir düşmüş və qul kimi Mədinəyə gətirilmişdi. Burada İslamı qəbul edib, əsirlikdən azad olmuş və sərbəst buraxılmışdır. Mədinədə evlənən Yəsarın İsmayıl, Məhəmməd və İbrahim adında üç oğlu olmuş və hər üçü şair idi. İsmayıl özü Qüreyş qəbiləsindən Bəni Teym ibn Mürrənin məvlası hesab edilirdi. Mədinədə dünyaya göz açmış və orada böyümüşdür. Əməvi hakimiyyəti uğrunda mübarizə aparan Zübeyrilər sülaləsi ilə yaxşı münasibətlər yaratmış və bu yolla saraya daxil olmuşdu. Yüz ildən artıq yaşadığı qeyd edilir. Səlis və gözəl ərəbcə nitq qabiliyyəti ilə hamını özünə heyran edirdi. O, eyni zamanda Əməvi xəlifələrinin məddahı idi.

Əbul-Yəqzan Cuveyriyə əsaslanaraq belə yazır: “Mədinədə məvalilərdən elə bir şair yoxdur ki, o əslən Azərbaycandan olmasın. Sonra İsmayıl ibn Yəsar və onun qardaşının, Musa Şəhəvatın və Əbul-Abbasın adını çəkmişdir”.

Əməvilərin Nifrət Siyasəti

İsmayıl xəlifə Əbdülmalikin hüzurunda oxuduğu qəsidədə həm Sasani, həm də Xəzər-Sabir hökmdarlarını mədh etmiş, ərəbləri isə təhqir etmişdi. Əməvilər dövründə ərəbləri təhqir etmək cinayət sayılırdı.

Əməvilər ərəbləri bütün xalqlardan üstün hesab edir, müsəlman olsalar belə digərlərini özlərindən aşağı sayırdılar. İslam dinində bütün müsəlmanlar bərabərhüquqlu hesab edilsə də, Əməvilər ərəb qəbiləçiliyinə söykənən siyasət apararaq, ərəb olmayan müsəlmanın ərəblə evlənməsini belə qadağan etmişdilər. Əməvilərə görə, Quran ərəblərə gəlmişdir və onlar millətlərin ən şərəflisi idi. Hətta əməvilər başqa xalqların müsəlman olmasına da qarşı idilər. Xəlifə Ömər ibn Əbdüləziz (715–717) əməvilərin bu zülmkarlığına son qoymaq istəmiş, ancaq özü bu siyasətin qurbanı olmuşdur.

Şuubilik Nədir?

Əməvilərin ərəb millətçiliyinə əsaslanan siyasətinə ilk dəfə açıq şəkildə xəlifənin hüzurunda etiraz edən İsmayıl ibn Yəsar olmuşdur. İsmayılın bu davranışı ilk şuubi hərəkət hesab edilir.

Əslində nə Quranda, nə də hədislərdə “şuub” adı keçmir. Quranda “şab” sözü var ki, “şuub”un tək halıdır. Şuubiyyə termini Abbasilər dövründə ortaya çıxıb. Bu söz “ərəb olmayan” mənasına gəlir. Mənbələrdə bu ad ilk dəfə Azərbaycandan olan şair İsmayıl ibn Yəsar üçün istifadə edilib: “İsmayıl həddindən artıq əcəm təssübkeşi olan bir şuub idi”. Ərəblər İraqdan şərqə doğru uzanan oturaq əhaliyə (iranlı, türk, xorasanlı, sistanlı və s.) ümumi şəkildə əcəm deyirdilər. Əcəm ərəb dilində “kobud, pis, səviyyəsiz” mənasına gəlirdi. Əcəmlər də ərəblərə eyni mənada “tayy” deyirdi.

Abbasi Xilafəti ərəb olmayanlar, yəni məvalilər tərəfindən yaradılıb. Buna görə də ərəblər Abbasi xilafətini ərəb qəbul etməyib, hər zaman əməvilərin hakimiyyətdə olmasını istəyiblər. Abbasilər böyük ölçüdə türk və irani güclər tərəfindən yaradılmış və dəstəklənmişdir. Xəlifə Məmundan etibarən isə xilafətin idarəsi yavaş-yavaş türklərin əlinə keçmiş, hətta Xəlifə Mötəsim Samarrada türk əsgərlərinin qalması üçün xüsusi şəhər saldıraraq buranı xilafətin paytaxtı elan etmişdi. Bu fürsətdən istifadə edən məvali şair və alimlər Abbasilər dövründə ərəblərdən əməvilərin intiqamını almağa başlamışdılar. Artıq məvali ərəbləri təhqir edir, onları aşağı səviyyəli xalq adlandırırdı. Beləcə, bu dövrdə şuubiyyə “ərəb soyunu düşmən hesab edib, onu dünya xalqlarının ən adisi adlandıran” intellektual bir cərəyanın adına çevrildi.

Bu cərəyan Əndülüsdən (İspaniya) Orta Asiyaya qədər bütün İslam coğrafiyasına yayıldı. Əsla bir milli kimliyi ifadə etməyən şuubiyyə ərəb olmayan müsəlmanların (məvali) ərəblərə qarşı bir fikir üsyanı olmuşdur. Şuubiyyənin nümayəndələrinin çoxunu parisi, türk və rum (yunan) təşkil etdiyi halda, aralarında çox sayda süryani, nəbati, qopti, hətta ispan və slavyan da var idi. Şuubiyyənin siyasi və dini tərəfləri də olmuş, Ravəndilik, xürrəmilik, hətta qadəriyyə kimi siyasi cərəyanlara da təsir etmişdir. Şuubiyyənin ən güclü olduğu yerlər İraq, Xorasan və Əndülüs idi. İspaniyada Mozarap (Müsəlman-ispan) ədəbiyyatının formalaşmasına böyük təsir göstərmişdilər.

Şuubi – Ərəb Münasibətləri

Ərəblər şuubiləri “məcusi, zındıq, mülhid” hesab edirdilər. Məsələn, Abbasilər tarixinin ən böyük sərkərdəsi olan türk əsilli komandan Afşin şuubi idi və ərəblər tərəfindən məcusi və zındıqlıqla ittiham edilərək öldürülmüşdür. Yəhudi əsilli macar tədqiqatçı İ. Goldziher “şuubilər ilə ərəblər arasındakı münaqişə və mübahisələri boş şeylər” adlandırırdı.

Şuubilər ilə ərəblər arasındakı mübahisələr artıq elə bir həddə çatmışdı ki, iki tərəf bir-birini təhqir etməyə, söyməyə, alçaltmağa başlamışdı. Bu münaqişəyə Səlcuqlular son qoymuşdur.

Misal üçün, şuubilər ərəblərə belə deyirdilər:

“Ey ərəblər, siz körpə qızlarınızı diri-diri torpağa basdıran qövmün insanları deyilsinizmi? Nəyinizlə fəxr edirsiniz? Biz əcəmlər mədəniyyətlər, dövlətlər və şəhərlər yaratdığımız halda siz dəvə otarıb, südünü içirdiniz”.

Hər şeydən əvvəl şuubiyyə dedikdə, məhdud intellektual dairədə gedən mübahisə əsas alınmalıdır. Çünki belə mübahisələr ancaq yüksək elmi dairələrdə aparılırdı. Bütün müsəlmanları bu çərçivəyə, hətta bütün müsəlman aləmləri buraya daxil etmək doğru deyildir. Bir çox alim ərəb, əcəm, süryani, qopti, türk olduğu halda bu mübahisələrin içində yer almamışdır. Məsələn, Abbasilər dövründə böyük tərcümə hərəkatının başında duran, çox sayda pəhləvicə əsəri ərəbcəyə tərcümə edən, hətta zındıqlıqla da ittiham edilən İbn Müqəffa şuubi deyildir. Onun ərəb olmadığı halda ərəbləri tərifləyən fikirləri vardı.

Bunun kimi, şuubilər arasında şiə inanclı olanlar da çox azdır. Şuubilərin böyük əksəriyyəti müsəlman olmadan əvvəl manixeist inanca yaxın insanlar olmuşlar. Şuubiyyənin yayıldığı coğrafi areal ilə manixeizmin yayıldığı ərazi eynidir. Şuubilərin əlindəki əsas mənbələr də manixeist mənbələr olmuşdur. Şuubi üsyanı hesab edilən Üstadsız qiyamında güclü manixeist ünsürlər var idi.

Türk Qolu və Nümayəndələri

Şuubilik hərəkatı içərisində türk qolu xüsusi önəm daşıyırdı. Türklər Abbasi xilafətinin siyasi və hərbi dayağı kimi yüksəlməklə yanaşı, mədəni və elmi sahələrdə də hərəkatın fəal iştirakçıları olmuşlar. Onların hərəkatdakı rolu yalnız “məvali” kateqoriyasına daxil olmaları ilə məhdudlaşmır, həm də İslam mədəniyyətinin formalaşmasında həlledici təsir göstərmişdir.

Türk əsilli şair, alim və dövlət xadimləri Abbasi dövründə həm ədəbi, həm fəlsəfi müstəvidə ərəb irqçiliyinə qarşı intellektual müqavimət göstərmiş, həm də xilafətin idarə olunmasında, hərbi qüvvələrin formalaşmasında aparıcı mövqe tutmuşlar. Bu baxımdan türklər, həm öz milli kimliklərini qoruyub saxlamış, həm də İslam sivilizasiyasına zəngin mədəni irs bəxş etmişlər.

Türk qolu həm də Abbasi dövründə türk dilinin və mədəniyyətinin İslam dünyasında yayılmasına böyük töhfələr vermişdir. Xüsusilə türk şairlərin və alimlərin əsərləri ərəb mədəniyyətindəki ərəblərə qarşı intellektual dialoqu zənginləşdirmiş, müxtəlif elmi və fəlsəfi məktəblərin yaranmasına təkan vermişdir.

Beləliklə, türk qolu shuubilik hərəkatının ayrılmaz və aparıcı hissəsi olaraq, həm milli kimlik və mədəniyyətin qorunmasında, həm də İslam mədəniyyətinin inkişafında əvəzsiz rol oynamışdır.

Sonda...

Ümumilikdə isə, İsmayıl ibn Yəsarın Əməvi xəlifəsinin qarşısında ərəb irqçiliyinə qarşı sərgilədiyi cəsarətli ədəbi etiraz İslam tarixində yalnız bir fərdin etirazı deyildi – bu, ərəb hegemoniyasına qarşı əcəm və qeyri-ərəb müsəlmanların uzunmüddətli narazılığının ilk simvolik ifadəsi idi. Şuubilik kimi formalaşan bu fikir cərəyanı ərəb olmayan xalqların, o cümlədən türk dünyasının öz kimliklərini qorumaq, mədəni və siyasi haqlarını müdafiə etmək mübarizəsində mühüm mərhələ oldu.

Əməvilərin ərəb millətçiliyinə əsaslanan siyasəti əslində İslamın təməl bərabərlik prinsipinə zidd idi və bu ziddiyyət türk, fars, süryani və digər millətlərin içindən çıxmış maarifpərvər zümrələrin dirənişi ilə cavablandı. Abbasi dövləti dövründə bu dirəniş intellektual səviyyəyə keçdi və xüsusilə türklər siyasi və hərbi güc sahəsində ön plana çıxaraq İslam xilafətinin idarəsində həlledici rol oynamağa başladılar.

Türklərin bu prosesdəki rolu sırf müxalifətçiliklə məhdudlaşmırdı. Onlar xilafət daxilində mərkəzləşmədə, idarəçilikdə, mədəniyyət və hərb sahəsində aktiv mövqe tutaraq ərəb dominantlığını tədricən aradan qaldırdılar. Şuubilik cərəyanı bu baxımdan yalnız bir üsyan deyil, həm də bir tarixi dönüş nöqtəsi idi – qeyri-ərəb xalqların İslam sivilizasiyasında öz yerini təsdiqlədiyi bir prosesin başlanğıcı.

Bu tarixi gerçəklik Türk dünyasının İslam mədəniyyətinə tabe olmadan, əksinə, onun formalaşmasında iştirak etdiyini, təkcə hərbi deyil, həm də ədəbi və fəlsəfi səviyyədə İslam dünyasının əhəmiyyətli gücünə çevrildiyini açıq şəkildə göstərir.

Türk dünyasının müxtəlif bölgələrində — Xorasan, Maveraünnəhr, Anadolu, Azərbaycan və Əndəlüs kimi — inkişaf edən mədəniyyətlər və elmi məktəblər, şuubiliyin ideya və dəyərlər sisteminin genişlənməsində və İslam sivilizasiyasının zənginləşməsində mühüm rol oynamışdır. Bu hərəkat, türk xalqlarının yalnız döyüş meydanlarında deyil, həm də elmi, fəlsəfi və ədəbi müstəvidə İslam dünyasında aparıcı qüvvəyə çevrilməsinin təməlini qoymuşdur.

Beləliklə, şuubilik, türk dünyasının İslam dövlətində bərabərhüquqlu və fəal iştirakçısı kimi yüksəlişini simvolizə edən tarixi dönüş nöqtəsidir. Bu, həm də türk xalqının mədəni özünüifadəsinin və dövlətçilik ənənələrinin inkişafı üçün zəmin yaratmış, İslam mədəniyyətinin formalaşmasında dayanıqlı və çoxşaxəli təsirlərini təmin etmişdir.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Demokratiya və Qadın Təşəbbüsləri" ictimai birliyi tərəfindən icra olunan “Keçmişin kölgələri - türk dünyası tarixinin müqayisəli təhlili” layihəsi çərçivəsində hazırlanmışdır. Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 

Tarixçi: Əkbər N.Nəcəf

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR