Onlayn ictimai-siyasi qəzet
İlin fəsillərindən asılı olmayaraq bu məkana gələn ziyarətçilərin, o cümlədən xarici turistlərin sayı yetərincə olur.
Hələ sovet dövründə Novodeviçye qəbiristanlığında SSRİ-nin birinciləri də görünüblər. Xüsusi statusu olan qəbiristanlığı ziyarət etmək üçün ərazidə bütün lazımi şərait yaradılıb, ekskursiya büroları, gül mağazaları, qəbiristanlığın sxemini əks etdirən bukletlərin satışı və s. Moskvanın ayrı-ayrı məkanlarından Novodeviçyeyə xüsusi turlar da təşkil olunub. Elə fərdi şəkildə qəbiristanlığı ziyarət etmək də o qədər çətin deyil. Metronun “Sportivnaya” stansiyasından qəbiristanlığa 3-5 dəqiqəlik piyada yoldur.
Qeyd edək ki, Moskvadakı Novodeviçye monastırının ərazisində yerləşən eyniadlı məşhur Novodeviçye qəbiristanlığının tarixi 16-cı əsrin əvvəllərinə təsadüf edir. 8 hektara yaxın ərazisi olan qəbiristanlıqda bu günə qədər 27 mindən artıq insan dəfn olunub. Bu illər ərzində statutusunu bir neçə dəfə dəyişən Novodeviçye qəbiristanlığı 3 ərazidən ibarətdir: köhnə, yeni və ən yeni.
SSRİ dövrünün ilk illərində hökumətin qərarı ilə qəbiristanlığa xüsusi status verilib. Həmin qərara görə, qəbiristanlıqda yalnız dövlət qarşısında xüsusi xidmətləri olanlar, tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat və elm xadimləri, marşal və generallar üçün yer ayrılıb. Beləliklə, bu dünyanın tanınmışları o dünyada da eyni məkana “yığışıblar”.
Novodeviçye qəbiristanlığında dəfn olunmaq üçün SSRİ Nazirlər Sovetinin İşlər İdarəsi tərəfindən rəsmi razılıq orderi tələb olunub. Bəzi siyasi məmurların bu qəbiristanlıqda dəfn edilməsi isə birbaşa birincilərin razılığı ilə həyata keçirilib.
Yer üzündə olduğu kimi, yerin altında da məşhurlar arasında qruplaşmalar yaranıb. Belə ki, Novodeviçye qəbiristanlığında siyasətçilər bir sahədə, eyni səhnəni bölüşən sənət adamları eyni sahədə, marşal və generallar isə yerin altındakı eyni “cəbhə”də yer alıblar.
Ayrı-ayrı dövrlərdə qəbiristanlığın ziyarəti ödənişli olub. Hətta foto və video çəkilişlər üçün də ödəniş tələb edilib. Məhz Nikita Xruşovun dəfnindən bir neçə gün sonra Moskva şəhər İcraiyyə Komitəsinin qərarı ilə Novodeviçye qəbiristanlığını ziyarət etmək ödənişli əsasda həyata keçirilməyə başlanıb. Belə ki, həmin ərəfədə məzar daşlarına qəsdən zərər yetirmə halları çoxaldığından hökumət bu qərarı verməyə məcbur olub. Həmçinin Nikita Xruşovun məzar daşını dağıtmağa cəhd edənlər də olub və vaxtında qarşısı alınıb.
Bununla yanaşı, sovet dövründə Novodeviçye qəbiristanlığına girişə tez-tez qadağa qoyulub, qəbiristanlıq çoxsaylı mühafizəçilər tərəfindən qorunub. Düzdür, bu, maksimum 1-2 saat çəkib, amma təhlükəsizlik tədbirləri tam ciddi şəkildə həyata keçirilib. Bu qadağalar SSRİ rəhbərlərinin qəbiristanlığı ziyarət etmələri ilə bağlı olub.
İosif Stalin Novodeviçye qəbiristanlığında dəfn olunan həyat yoldaşı Nadejda Alliluevanı yalnız gecələr ziyarət edib. Ziyarətdən bir neçə saat əvvəl çoxsaylı mühafizə dəstəsi qəbiristanlığı tam nəzarətə götürüb.
Leonid Brejnevin də yolu tez-tez Novodeviçye qəbiristanlığından düşüb. Baş katib əlamətdar günlərdə bu qəbiristanlıqda dəfn olunan anasını ziyarət edib. Brejnevin qəbiristanlığa gəlməsi daha “təmtəraqlı” olub. Əsasən, həmin dövrdə müdafiə naziri olan marşal Dmitri Ustinov və Mərkəzi Komitənin katibi Andrey Kirilenko ilə ziyarətə gələn Brejnev məzar daşının qarşısında anasının ruhunun şərəfinə bir-iki qədəh də qaldırıb.
Uzun illər SSRİ Nazirlər Sovetinin sədri olmuş Aleksey Kosıgin Novodeviçye qəbiristanlığında dəfn olunan doğmalarını ziyarətə gələndə heç kimi narahat etməyib. Sürücüsü və köməkçisindən başqa heç kim baş nazirin ziyarətindən xəbərdar olmayıb. Kosıgin hər dəfə ziyarətə gələndə qəbiristanlıqda işləyənlərlə görüşüb, problemlərlə maraqlanıb.
1949-cu ildə İosif Stalinin göstərişi ilə Novodeviçye qəbiristanlığının ərazisi iki dəfə böyüdülüb. 1970-ci ildə isə qəbiristanlıq cənub tərəfdən iki hektara qədər genişləndirilib. SSRİ Nazirlər Soveti qəbiristanlıqda aparılacaq abadlıq və təmir işlərinə görə mütəmadi olaraq pul vəsaiti ayırıb.
Büdcədən ayrılan pul vəsaiti ilə yanaşı, qəbiristanlığa könüllü ianə edənlər də az olmayıb. Bu məsələyə daha çox Brejnev diqqət yetirib. Baş katib mütəmadi olaraq daxili işlər naziri Nikolay Şelokova qəbiristanlığa şəxsi vəsaitindən pul göndərməyi göstəriş verib. SSRİ-nin xalq artisti Lyudmila Zıkina bütün bayramlarda qəbiristanlıqda işləyənlərə bayram sovqatı göndərib. Uzun illər Moskvanın birinci katibi vəzifəsində işləyən Viktor Qrişin büdcədənkənar vəsait hesabına qəbiristanlığın işçilərinə bir avtobus və üç maşın ayırıb.
Novodeviçye qəbiristanlığı olduqca bahalı məzar daşları ilə də diqqət çəkir, bir-birindən fərqli olan qəbirüstü abidələrin hər biri böyük bir sənət əsəri kimi qiymətləndirilir.
İlham Cəmiloğlu,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ