İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalisti məhkəməyə verən Aslan İsmayılov iclaslara gəlmir-Açıqlama

Hüquqşünas Aslan İsmayılov tanınmış jurnalist, “Prime Tv” nin rəhbəri Aygün Muradxanlını məhkəməyə verib.

A.İsmayılov Aygün Muradxanlını onun şərəf və ləyaqətini alçaltmaqda  ittiham edir. A.Muradxanlı proseslə bağlı Musavat.com-a açıqlama verib. O bildirib ki, bizi cavabdeh kimi qəbul ediblər:

“Məhkəmə şikayəti icraata götürüb. Biz də ona qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldıracağıq. Çünki o, “Facebook” səhifəsində, eyni zamanda “Laf  Tv”nin efirində dəfələrlə məni təhqir edib. Onun kontekstindən yanaşsaq, o məni daha ağır formalarda təhqir edib. A.İsmayılov 1 il ərzində ünvanıma ağır təhqir, böhtan səsləndirdikdən sonra mən onun haqqında məqalə yazmışam. Təhdidlərini davam etdirdiyinə görə onun haqqında birinci filmi çəkdim. Hakimiyyət təzyiq etdiyi üçün biz o filmləri “YouTube”  kanalımızdan çıxardıq. Bu gün də o film kanalımızda yoxdur. Buna görə məhkəməyə filmlə bağlı müraciət etmək absurddur. Film bizim kanalda deyil”.

Aygün Muradxanlı bildirib ki, təhdidlər davam etdiyi üçün 2021-ci ilin sonunda ikinci filmi çəkiblər:

 “Filmdə A.İsmayılovun Sumqayıt hadisələrindəki rolu, azərbaycanlılara ölüm hökmü istəməsi, ittiham aktının itməsi ilə bağlı suallar var.  Həmçinin, A.İsmayılov zəbt olunmuş dövlət torpağında 3 mərtəbəli villa tikib. Həmkarlar İttifaqına məxsus Bayıl yamacında yerləşən torpaqda villa necə tikilib? Elə villa tikmək üçün ciddi vəsait lazımdır. Villanın qiyməti təxminən 20 milyondur. A.İsmayılov niyə 1 ildən sonra bizi məhkəməyə verməyə qərar verib? Düşünürəm ki, o, hakimiyyət içindəki bir qruplaşma ilə bunu müzakirə edib. Əminəm ki, dəstək almasa idi məhkəməyə müraciət etməzdi. Hətta deyərdim ki, həmin qruplaşma bir zamanlar A.İsmayılovla işləyib, indi isə ona ehtiyacları yoxdur. Sırf A.İsmayılovu bitirmək üçün onu mənimlə məhkəmə müstəvisinə çıxardılar. Çünki A.İsmayılovun filmdə səslənən suallara cavabı yoxdur. O, Gürcüstan vətəndaşı kimi Rusiyaya necə getdiyini, daha sonra Azərbaycanda Sumqayıt hadisələrinin istintaqına necə cəlb olunduğunu, qəfil prokuror olmasını heç cür açıqlaya bilməz”.

A.Muradxanlı həmçinin bildirdi ki,  heç zaman A.İsmayılovla nə telefonda, nə də üzbəüz görüşməyib: “Mən onunla heç vaxt danışmamışam. Heç vəkil kimi də müsahibə götürməmişəm. Onun adı çəkilən proseslərə də münasibət bildirməmişəm. Çünki onun hansı keyfiyyətlərə malik olduğunu çox yaxşı bilmişəm. O, çox keyfiyyətsiz adamdır. Onun “Facebook” səhifəsinə baxmaq kifayətdir. Çıxışlarını yazır, canlı efirə çıxır, minlərlə insan ən aşağılayıcı sözləri yazır. A.İsmayılov onların hamısını məhkəməyə verir? A.İsmayılov həm də uzun illərdir Azərbaycan ictimai-siyasi həyatını kirlətməklə məşğuldur. Biz onun yalanlarını cəmiyyətin həyatından siləcəyik. 3 dəfə məhkəmə prosesi olub. İlk iclas məktub köhnə ünvana göndərildiyinə görə təxirə salınmışdı, yəni mənim məhkəmədən xəbərim olmayıb. İkinci dəfə vəkilimlə iştirak etdim və şikayəti qəbul etdik. Bu həftənin ikinci günü də iclasda iştirak etdik. A.İsmayılov bu iclasların heç birində iştirak etməyib.”.

Qeyd edək ki, məhkəmə işi üzrə ilk iclas Sabunçu Rayon Məhkəməsində noyabrın 29-a təyin olunub.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR