İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyələr birləşdirilir: nə dəyişəcək?  



Xəbər verdiyimiz kimi, Azərbaycanda 1,400 bələdiyyə birləşdirilir və ümumi say 684-ə endirilir. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunub. Qeyd olunub ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə” qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisi 3,000 nəfərdən az olan və ya ev təsərrüfatlarının sayı 1,000 vahiddən az olan bələdiyyələr, onların sosial-iqtisadi vəziyyəti, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla, Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdiriləcək.

 Birləşən bələdiyyələrdən ən böyüyü mərkəz hesab edilərək adlandırılacaq.

Bələdiyyələrin fəaliyyətsizliyi uzun müddətdir müzakirə mövzusu olub və indiyə qədər aparılan dəyişikliklərin bu sahədə irəliləyişə səbəb olmadığı müşahidə edilib.

Maraqlıdır, bəs bu yenilik bələdiyyələrin fəaliyyətinə necə təsir edəcək?

Bu amillər işsiz olmağı işsizlik kimi müəyyənləşdirmir-Xalid Kərimli |  Informator informasiya portalı

İqtisadçı Xalid Kərimli Musavat.com-a mövzu ilə bağlı bildirib ki, bələdiyyə sahəsində islahat istiqamətində atılan bütün addımlar müsbətdir:

“Çünki bələdiyyə institutu Azərbaycanda effektiv fəaliyyət göstərmir. Bələdiyyə institutu qarşısında qoyulan öhdəliklərin heç birini icra edə bilmir. 2022-ci ilin büdcəsinə baxdıqda, bələdiyyələrin 46-47 milyon manat topladığı görünür. Bu vəsaitlərin demək olar ki, hamısı özlərinin əmək haqqı fonduna və ofis xərclərinə sərf edilib. Hətta bələdiyyələrin sayı 2500 olanda da onların fəaliyyətini hiss etmirdik, 1284 olanda da. 684 sayda bu hissiyyatın olub-olmayacağı da sualdır. Birləşmənin nəyi ehtiva etdiyi vacibdir. Bələdiyyələrin maliyyə imkanları məhduddur. Çox sayda bələdiyyənin olması, toplanan maliyyə resurslarının öz ofislərinin saxlanılmasına yönəlməsinə səbəb olur. Əgər bələdiyyələri inkişaf etdirmək istəyiriksə, bir neçə kompleks addım atmaq lazımdır. Bu, təkcə sayın azaldılması deyil; bələdiyyələrin statusunun genişləndirilməsi, kadr təminatı, icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə ötürülməsi, icra hakimiyyətlərinin rolunun aşağı salınması, bələdiyyələrin yerli idarəedici orqan kimi funksiyalarının artırılması, büdcə imkanlarının artırılması kimi məsələlərə kompleks yanaşmalıyıq. Demokratik olaraq bələdiyyənin statusunu artırmağa çalışmalıyıq. Təkcə sayın azaldılması bələdiyyələrin inkişafını təmin etməyəcək. Lakin çox sayda kadr təminatı zəif olan, parçalanmış və nüfuzu olmayan bələdiyyələrdən daha böyük bələdiyyələrin olması müsbət haldır. Bu baxımdan sayın azaldılmasına müsbət yanaşıram”.

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib layihələr reallaşdırılacaq

İqtisadçı Eyyub Kərimli də Musavat.com-a mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Uzun illər bələdiyyələrin tədrisi ilə məşğul olmuşam. Bir dəfə bələdiyyələr birləşdirildi, indi növbəti birləşmə baş verir. Təcrübə göstərir ki, bələdiyyələrin iqtisadi səmərəliliyi demək olar ki, yoxdur. Onların büdcələri formalaşmır. Bəzən öz üzərlərinə düşən vergiləri yığa bilmirlər. Bu da onların fəaliyyətinə mənfi təsir göstərir. Düşünürəm ki, bələdiyyələrin birləşməsinin müsbət tərəfi, ərazilərinin böyüməsi ilə onların iqtisadi cəhətdən büdcələrinin formalaşmasına müsbət təsir göstərə bilər. Bu amil gələcəkdə bələdiyyə institutunun əhaliyə yönəlik fəaliyyətinin qurulmasına səbəb ola bilər”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR