Onlayn ictimai-siyasi qəzet
Tanınmış amerikalı jurnalist Taker Karlson Almaniyanın “Bild” qəzetinin baş redaktor müavininə verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putin haqqında danışıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Putin “möhtəşəm iş görüb və Rusiyanı yüksəldib”.
Karlson bildirib ki, 1990-cı illərin sonlarında Rusiya zəif, dağılmış və daxili sabitlikdən uzaq bir ölkə idi, lakin Vladimir Putinin hakimiyyətə gəlişindən sonra bu vəziyyət köklü şəkildə dəyişib:
“O, Rusiyanı xaosdan çıxarıb, iqtisadiyyatı sabitləşdirib və ölkəni yenidən qlobal gücə çevirib. İstəsək də, istəməsək də, bu, faktdır. Putin Rusiyanı ayağa qaldırıb və bu, danılmazdır”.
Jurnalist həmçinin Qərb ölkələrinin, xüsusilə də Almaniyanın hazırkı vəziyyətinə toxunaraq, kəskin tənqidlər səsləndirib. O qeyd edib ki, Almaniya uzun müddətdir səhv iqtisadi və enerji siyasəti yürüdür, bunun nəticəsində sənaye zəifləyib, inflyasiya artıb, əhalidə narazılıq yüksəlib:
“Almaniya batır, Rusiya isə qalxır. Bunu görməmək mümkün deyil. Əgər siz öz sənayenizi çökdürür, enerji təminatını qeyri-sabit edirsinizsə, gələcəyiniz parlaq ola bilməz”.
Taker Karlson əlavə edib ki, Qərb mediası Rusiyanın real vəziyyəti barədə obyektiv məlumat vermir və bu səbəbdən ictimai rəy ciddi şəkildə manipulyasiya olunur:
“Əgər Qərb vətəndaşları Rusiya ilə bağlı yalnız rəsmi təbliğatla bəslənirlərsə, onlar necə düzgün qərar verə bilərlər? Mən Moskvada olanda gördüm ki, şəhər müasir, təmiz və təhlükəsizdir. Bu, bizim mediada göstərilən “bataqlıq Rusiya” obrazı ilə uyğun gəlmir”.
Musavat.com
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ