İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalist: “Korlanmış zövqün üzərində oyunlar qurmaq peşəkarlıq deyil”

“Aparıcıların istər milli, istərsə də dünyəvi maraqları nəzərə alması üçün ən etibarlı yol jurnalistikanın qaydalarına, standartlara, xüsusilə jurnalist etikasına əməl etmələridir. Aparıcı bilikli, savadlı olmalıdır”.

Bu fikirləri tanınmış telejurnalist, yazıçı İlqar Rəsul günlərdir müzakirə olunan,“ARB” kanalında yayımlanan “Həmin Zaur” proqramının aparıcısı Zaur Kamalın müğənni Afşin Azərini efirdən qovması ilə bağlı danışarkən bildirib: “Peşəkar öz işini yaxşı bilir. Jurnalist üçün peşə maraqları öndə dayanmalıdır. Jurnalistdən həm də əxlaqlı, tərbiyəli, qərəzsiz olmaq tələb olunur. Güneyli soydaşımızın efirdən qovulmağı Arazın hər iki tayında yaşayan azərbaycanlıları qəzəbləndirib. Buna baxmayaraq, baş verən hadisənin ciddi fəsadlarının olacağını düşünmürəm. Nə aparıcı, nə də müğənni ümumi maraqlara mənfi təsir edəcək nüfuza malik deyillər. Müvəqqəti narazılıqdır. Təxribatçılar araya nifaq salmaq istəsələr də, onların cəhdləri baş tutmaz. Min illərlə mövcud olan qardaşlığa, doğmalığa efirdə iki nəfər arasında yaşanan insident mənfi təsir edə bilməz”.

İ.Rəsul hesab edir ki, belə hadisələrin yaşanmasının ən böyük səbəbi medianın ümumi durumudur: “Media öz-özünü tənzimləyə bilmir. Belə halları kompensasiya edə bilmir. Sosial şəbəkələr, internet azaddır. Efir isə ən güclü mediadır, müəyyən resurslardan istifadə edən vasitədir, lisenziya alır, tezlik əldə edir. Bu baxımdan tənzimləyicilərin üzərinə böyük məsuliyyət düşür. Bu günə qədər baş verən neqativ hadisələrə lazımi reaksiya verilsəydi, bəlkə də bu gün bu hadisələr yaşanmazdı, aparıcı boynunun arxasında ədalət əli hiss edər, anlayar ki, kənarlaşdırılma, cəzalandırılma ola bilər. Qanunvericilikdə hər hal nəzərə alınıb, sadəcə icraatda problem var. Çıxış yolu mətbuatın azad olması, rəqabətliliyin sərbəst buraxılması, peşəkarlığın artırılmasıdır. Mediada peşəkarlara üstünlük verilməlidir. Cəmiyyətin zövqünü korlayıb, sonra korlanmış zövqün üzərində oyunlar qurmaq peşəkarlıq deyil. Peşəkarlıq cəmiyyəti yenidən televiziyaya qaytara bilməkdir”.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR