Onlayn ictimai-siyasi qəzet
Bu gün tanınmış jurnalist, satirik publisist, şair, bəstəkar ədəbi-mühitimizin görkəmli nümayəndəsi Hidayət Elvüsal vəfat edib.
Musavat.com xəbər verir ki, 1949-cu il iyun ayının 25-də Kəlbəcər rayonunda dünyaya göz açan Hidayət Elvüsal zaman-zaman bir sıra mətbu orqanlarda fəaliyyət göstərib.
Gənc yaşlarında Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər, Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib.
Daha sonra “Azərbaycan gəncləri”, “Kommunist”, “Ədalət” qəzetlərində, “Səhər” qəzetinin yaradıcılarından biri kimi, baş redaktorun müavini, “Belə-belə işlər”, “Kriminal” qəzetlərinin baş redaktoru olub. Dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə çıxış edib.
“Belə-belə işlər” rubrikası ilə dərc etdirdiyi saysız-hesabsız yazıları ilə populyarlaşan Hidayət Elvüsal eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınıb.
Hidayət Elvüsal tanınmış mərhum şair Sücaətin qardaşıdır. Çox təəssüf ki, qardaşı əbədiyaşar şairimiz Sücaət Kəlbəcərli Vətən həsrəti ilə bu dünyadan köçdü. Hidayət Elvüsal isə Kəlbəcərin işğaldan azad olunmasını görüb, sevincini yaşasa da amansız xəstəlik onun doğma Kəlbəcəri ziyarət etməsinə imkan vermədi.
Allah rəhmət eləsin.
Etibar Seyidağa,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ