İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalist: “Ermənilər Laçın dəhlizi məsələsində həmişə cığallıq ediblər”

“Bütün xalqımız, o cümlədən laçınlılar üçün sevincli gündür. Sevincimizi sözlərlə ifadə etməkdə çətinlik çəkirik. Laçınlılar bir-birinə gözaydınlığı verir. Bundan böyük sevincimiz olmayacaq”.

Bu fikirləri Musavat.com-a “Report” İnformasiya Agentliyinin redaktoru, Birinci Qarabağ müharibəsinin veteranı Əli Əliyevin oğlu İmdad Əlizadə deyib: “Mənim atam da daxil olmaqla, 19 nəfər Laçın və Kəlbəcər rayonları ərazisində 54 gün mühasirədə qalmışdılar. Bu yaxınlarda mühasirədə qalanların bir hissəsi, ailə üzvlərim ilə birgə Qarabağa səfər etdik. Kəlbəcərin Çaykənd kəndi, Laçın rayonunun Oğuldərə və Güləbird kəndlərində olduq, çəkilişlər etdik. Yeri gəlmişkən, mühasirə Güləbird kəndindən yarılmışdı. Çox qarışıq duyğunlar yaşadıq. Mən bu səfəri ziyarət kimi qiymətləndirirəm. Ermənilər evimizi dağıdıb, amma şükür ki, torpaqlarımız azaddır. Bir neçə il öncə bu yalnız arzu idi. Qarabağın azadlığı hər yerdə, hər zaman ən böyük arzumuz olub. Biz bu qələbəni Azərbaycan ordusuna, şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandana borcluyuq. Yeni nəsil torpağı işğal altında olmayan Azərbaycanda böyüyəcək. Məcbur köçkün olmaq çox çətindir. 30 ildir qanayan yara ilə yaşayırdıq. Yeni bir həyat qurmağımıza, sosial vəziyyətimizə baxmayaraq, doğma yurdumuz yadımızdan çıxmırdı. Məcburi köçkünlük insana ürəkdən gülməyə, sevinməyə imkan vermir. Biz əsl sevinci indi yaşayırıq”.

İ.Əlizadə xatırlatdı ki, Laçın həm birinci, həm ikinci Qarabağ müharibəsində kilid nöqtələrdən biri olub: “1992-ci ildə Laçın işğal olunanda Ermənistandan Qarabağa yol açıldı. Dünyanın müxtəlif nöqtələrindən terrorçular Azərbaycana Laçın dəhlizindən daxil oldular. Bu, çox böyük faciələrə səbəb oldu. Laçın şəhərinin, Zabux kəndinin işğaldan azad edilməsi ilə erməni separatçılarının Azərbaycana uzanan şah damarını kəsdik. Bu məsələdə Ermənistanın siyasi rəhbərliyi həmişə cığallıq edirdi. Onların əsas məqsədlərindən biri dəhlizini saxlamaq idi. Bununla həm də ermənilərin ərazi iddialarına ciddi zərbə vuruldu. Zabux kəndi strateji məntəqədir. Tarixdən məlumdur ki, XX əsrin əvvəllərində Ermənistandan Qarabağa yol açmaq üçün cəhdlər olub. Andranikin (red: Andranik Ozanyan 1918-ci il azərbaycanlıların soyqırımında iştirak edən dəstələrdən birinin başçısı olub ) dəstəsinə Azərbaycan döyüşçüləri Zabux kəndində ağır zərbə vurub.Qanunsuz məskunlaşmadan sonra Andranikə heykəl qoymuşdular. Tarixi hadisələr fonunda yaşadıqlarımızı da xatırlayaraq əminliklə demək olar ki, Qarabağın azadlığı hərbi, siyasi uğurumuzdur”.


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR