İnsanlara hürriyət, millətlərə istiqlal!

Talıbovlar təsisçidən zorla aldıqları universiteti itirdilər

Naxçıvan Dövlət Universitetinə publik hüquqi şəxs statusu verildi və ali məktəb yenidən təşkil ediləcək

Naxçıvan Dövlət Universiteti (NDU) yenidən təşkil olunacaq. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Naxçıvan Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. 

Qeyd edək ki, Bakı Dövlət Universiteti də daxil, ölkədəki əksər ali məktəbə publik hüquqi şəxs statusu verilib. Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var. Onun üçün mülki hüququn adi hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətləri yoxdur. Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir. Universitetlərin bu cür publik hüquqi şəxsə çevrilməsi büdcədən deyil, məhz öz qazancı əsasında inkişafını təmin etməlidir.

Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan Dövlət Universitetinin bağlanması ilə bağlı nazirliyə müraciət olunduğunu deyib. “Bu, özəl universitetdir və bağlanma da təsisçinin qərarıdır”, -  deyə nazir vurğulayıb. Ötən ilin sonunda Naxçıvan Universitetinin lisenziyasının 2024-cü ilin yanvar ayından dayandırılacağı xəbəri yayılmışdı.

Buna səbəb Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması olub. Artıq Naxçıvan Universitetinin bütün kollektivinə də universitetin fəaliyyətinin dayandırılması ilə bağlı xəbərdarlıqlar edilib.

Naxçıvan Universiteti 1999-cu ildə fəaliyyətə başlayıb. Bu universitetin təsisçisi İsmayıl Əliyev olub. O, həm də Naxçıvan Dövlət Universitetinin müəllimi idi. Sonralar Vasif Talıbov bu universiteti İsmayıl Əliyevin əlindən alıb. Naxçıvan Universiteti Seymur Talıbovun mülkiyyəti oldu. Məlumatlara görə, universitetin infrastrukturu yaxşı vəziyyətdədir.  Yataqxanası, korpus binası və şəraiti müasir standartlarla təşkil olunub. Hətta keçən il Naxçıvanın kitab sərgisi bu universitetin binasında keçirilmişdi. Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra universitetə nəzarət də onun əlindən çıxdı. Qeyd edək ki, Seymur Talıbov 2022-ci ilin sonlarında  Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edilib. Seymur Talıbov uzun illər  özünü Naxçıvan Dövlət Universitetinin rektoru kimi aparıb, universitetdə bütün məsələlərə şəxsən nəzarət edib. Universitetdə əlavə təhsilə qəbul, qabiliyyət imtahanları zamanı alınan rüşvət birbaşa Seymur Talıbova çatdırılıb. Universitetdə yoxlamalar başlayacağı xəbərlər yayıldığı günlərdə Seymur Talıbov ərizəsini yazmışdı.

Seymur Talıbov 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim işləyib. 2012-ci ildən Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq üzrə qiyabi doktorant olub. 2017-ci ildən isə NDU-nun dosenti idi.

Universitetlərin publik hüquqi şəxsə çevrilməsinin üstünlüyü nədir?

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır: “Publik hüquqi şəxs özü-özünü maliyyələşdirməlidir. Bunun maliyyələşməsində dövlətin rolu başqa subyektlərin rolu kimi kommersiya əsasında ola bilər. Publik hüquqi şəxs statusu alan universitetlər əvvəldə hüquqi şəxs idi, onların öz möhürü, bank hesabları var idi. Lakin hazırda onların hüquqi statuslarının müəyyənləşməsi prosesi gedir. Bilirsiniz ki, Mülki Məcəllədə hüquqi şəxsin yalnız iki forması-kommersiya və qeyri-kommersiya hüquqi şəxslərin adı çəkilmişdi. Amma əslində dövlətin tabeliyində olan elə struktur və qurumlar var ki, onlara kommersiya hüquqi şəxs statusu vermək düzgün gəlmirdi. Verilmiş qərarla universitetlərimiz öz həqiqi statuslarını aldılar. Bundan sonra universitetlərdə dövlət, hər hansı bir müəssisənin və fiziki şəxsin sifarişi ilə təhsil alan tələbələrin ödənişi sifarişçi tərəfindən ödənilir. Publik hüquqi şəxs statusu  universitetlərin özünü tanıması, müstəqil fəaliyyətini təmin edən dəyərdir”.

Natiq Ələsgərovun sözlərinə görə, publik hüquqi şəxsə çevrilən universitet hər hansı bir layihə həyata keçirə və ondan əldə etdiyi qazancı istədiyi kimi sərf edə bilər: “Yəni əldə olunan gəlirlər universitetin maddi-texniki bazasının inkişafına, professor-müəllim heyətinin əmək haqlarının artırılmasına sərf edilə bilər. Belə olan halda, təbii ki universitetlərdə rəqabət imkanları artacaq və onların hər biri elm, ictimai fəaliyyətdə, texnoparkların inkişafında daha çox layihələr irəli sürməyə çalışacaqlar ki, qazanc əldə etsinlər. Bununla da universitetlər müəllimlərin əmək haqlarının artırılması, ən yaxşı tələbələrin dövlət və ya universitet hesabına təminatı, sosial vəziyyəti aşağı olan tələbələrə yardım etməyə çalışacaqlar. Bundan başqa, publik hüquqi şəxs statusu olan universitetlər özlərinə nəzarəti gücləndirmiş olacaqlar. Onlar fəaliyyətlərində korreksiya edib yaxşı fəaliyyətlərini genişləndirə bilərlər. Bu imkanın verilməsi universitetlərdə müstəqil fəaliyyətin, özünüdərk imkanlarının və özünə inamın artmasına şərait yaradır”.

E.MƏMMƏDƏLIYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR