Onlayn ictimai-siyasi qəzet
Aprelin 2-dən taksi sürücülüəri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qaydalarına etiraz olaraq fəaliyyət göstərməyəcəklər.
Musavat.com xəbər verir ki, sürücülər taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin götürmək və ya endirmək üçün avtobus zolaqlarından istifadəyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər.
Bəs sürücülərin bu tələbləri yerinə yetiriləcəkmi? Onların bu tələblərinin əsası varmı? Qeyd edək ki, məsələ ilə bağlı AYNA-nın hələ ki rəsmi açıqlaması yoxdur.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzunu Musavat.com-a şərh edərkən bu aksiyanı dəstəkləmədiyini deyib:
“Əslində taksi sürücülərinin həll olunası üç vacib problemi var. Birincisi taksi şirkətlərinin sürücülərin qeyri-nağd ödəmələrini vaxtında çatdırmamasıdır. Elə buna görə də sürücülərlə sərnişinlər arasında problemlər yaşanır. Taksi sürücüləri bəzən qeyri-nağd ödənişləri görəndə sərnişinlərdən imtina edirlər. Digər səbəb də, taksi şirkətləri bu gün taksi sürücülərinin hüquqlarını tapdalayırlar. Onları normadan çox işlədirlər. Müəyyən şirnikləndirici kompaniyalarla taksi sürücüləri 14 və yaxud 16 saat işləməli olurlar. Eyni zamanda, taksi şirkətlərinin taksi sürücülərindən aldığı komissiya haqlarını qaldırmasıdır, bu, 25 faizə qədər yüksəlir. Sürücülərin xeyrinə olan bu əsas problem tələblər sırasında yoxdur. Fikrimcə, boykot kompaniyasında qazanan tərəf taksi şirkətləri olacaq”.
Qeyd edək ki, hazırda paytaxtda 35 min taksinin fəaliyyət göstərdiyi deyilir. Bu əvvəlki ilə müqayisədə iki dəfə azdır.
Afaq Mirayiq,
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ