Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat” “Büdcə sistemi haqqında” Qanun ilə müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim olunub. Həm layihə, həm də hesabat tələb olunan məlumatları əhatə edərək qanunla müəyyən olunmuş qaydada tərtib edilib”.
Musavat.com-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə, 2023-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Komitə rəhbərinin sözlərinə görə, qanun layihəsi və hesabat tərəfimizdən Hesablama Palatasına rəy üçün təqdim edilib və bu rəy palata tərəfindən Milli Məclis üzvlərinə verilib: “Dövlət büdcəsi gəlirlərinin 97.8%-ni, xərclərinin isə 85.5%-ni əhatə edən vəsaitlərin qurumlar tərəfindən təqdim edilən hesabatlarla üzləşməsi nəticəsində hazırlanıb. 2023-ci ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi-siyasət və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, regionda baş verən hadisələrin, müdafiə və təhlükəsizlik çağırışlarının və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub. Təqdim olunmuş sənədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 23 may 2023-ci il tarixli iclasında ətraflı müzakirə edilib. İclasda Maliyyə və İqtisadiyyat Nazirlikləri, Hesablama Palatası, digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə dövlət büdcəsinin icrasının əsas parametləri, 2023-ci ilin makro iqtisadi göstəriciləri ətraflı müzakirə edilib”.
T.Mirkişili bildirib ki, 2023-ci il ölkəmizin tarixində mühüm hadisələrlə zəngin olmuş, gələcək nəsillər üçün yeni dövrün başlandığı il kimi tarixə düşüb:
“Müasir və müstəqil Azərbaycanın memarı olan Ulu öndər Heydər Əliyevin 100 illiyini ehtiramla yad etdiyimiz 2023-cü il Heydər Əliyev siyasətinə sadiq qalmaqla Azərbaycan dövlətinin ən böyük uğurlar əldə etdiyi il kimi tarixə keçdi. 2023-cü il Azərbaycan bayrağının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xankəndidə, Xocalıda ucaldıldığı, uzun illər dövlətimizə və xalqımıza böyük zərər vermiş erməni separatçılığına son qoyulduğu ildir. 2023-cü ilin dövlət büdcəsinin tam və çevik icrası isə bu tarixi anlara iqtisadiyyatımızın verə biləcəyi ən böyük töhfə olub. Ötən il dünyada geosiyasi və geoiqtisadi gərginliklərin artması fonunda qlobal iqtisadiyyatın zəif bərpası ilə xarakterizə olunub.
Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, qlobal iqtisadi artım 2023-cü ildə 3,2 faiz olmaqla gözləntiləri üstələsə də, bu 2022-ci ildə qeydə alınmış göstəricidən 0,3 faiz bənd az olub. Beynəlxalq ticarətin artım tempi zəifləmiş, ölkələrdə iqtisadi aktivlik əsasən daxili tələb amilləri hesabına təmin edilmişdir. 2021-ci ildə 11%, 2022-ci ildə 5.6% artan beynəlxalq ticarət 2023-cü ildə cəmi 0.3% artıb. 2023-cü ildə dünyada orta illik inflyasiya əvvəlki ilə nisbətən 1.9% azalaraq 6.8% təşkil etmişdir. Azərbaycanda orta illik inflyasiya isə 10.4%-lik proqnoza qarşı 8.8% təşkil edib. İnflyasiyaya səbəb olan amillərdən biri olan idxal olunan məhsulların ilin sonuna olan qiyməti 2022-ci ilin sonuna olan qiymətlərlə müqayisədə 15.8% artıb. Təhlillər göstərib ki, Azərbaycanda orta illik inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb”.
E.Paşasoy,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ