İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimlidən gənclərə sərt qınaq - Gələcəyimiz Qərbin ziyanlı təsiri altındamı?

“Gənclər niyə ancaq gecə küçəyə çıxmaq istəyirlər? Deməli, bunlar işləmirlər də, faydalı işlə məşğul olmurlar. Yoxsa gecə rahat yatarlar ki, səhər durub işə getsinlər. Nə üçün bunlar küçəyə ancaq elə qısa paltarda çıxmaq istəyirlər? Buna ”əyləncə" adı da verməzdim".

“Yeni Müsavat”ın məlumatına görə, bunu Pravda.az-a Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Sözünə davam edən deputat bildirib: “Doğrudur, dünya dəyişir, indi internet əsridir, bütün xəbərlər hamıya çatır, dünyanı idarə edənlər də Qərb dövlətləridir. Qərb dövlətlərində isə bizim mentalitetimizə uyğun olmayan cəhətlər var. Çox təəssüf ki, onların texnoloji üstünlükləri nəticəsində həmin mənfi tendensiyalar bizə gəlib çatır. Buna görə də gərək gənclər ailələrin - valideynlərin qadağa qoymasını başa düşələr. Onlar özləri də valideyn olacaqlar. Yəqin belə düşünürlər ki, öz övladlarına sərbəstlik verəcəklər. Yoxsa əks halda, bilərdilər ki, valideynləri doğru deyir. Bu nə deməkdir ki, Bakıda gecə gəzəsən, yaxud şortda?! Bizim mentalitetdə bu şeylər ayıb sayılır. Bu, ümumi tendensiyaya, xasiyyətə çevrilməməlidir. İnsanlar ətraflarına hörmət qoymalı, sevginin, məhəbbətin müqəddəsliyini dərk etməlidirlər. Ailə həyatı quracaqlarsa, onlar belə açıq-saçıqlıqla necə ailə quracaqlar? Yəqin ya faktiki nikahda olacaqlar, ya da sabah heç hüquqi cəhətdən nikaha da ehtiyac duymayacaqlar. Bunlar öz gələcəklərini necə görürlər? Belə düşüncəylə necə öz gələcəklərini quracaqlar? Bununla hara gedirlər? Düşünməlidilər”.

Millət vəkilinə görə, bütün bunlar özbaşınalığa, ailə institutunun darmadağın olmasına, yüngül əxlaqa gedib çıxır. “Bu nə deməkdir? Bəzən maşınla keçəndə, ya piyada gəzəndə görürəm ki, qızlı-oğlanlı bədənlərini ”döydürüblər", gərəksiz hərəkətlər edirlər. Nə deməkdir? İnternet məkanı da tam əxlaqsızlıqla doludur. Buna görə də valideynlərin həyəcan təbili çalması, qadağalar qoyması tam doğrudur", - deyə o qeyd edib.

Bəs ekspertlər, cəmiyyət “mühəndisləri” millət vəkilinin bu narahatlığını bölüşürlərmi? Gələcəyimiz olan gənclərə Qərb həyatının ziyanlı təsirləri gerçəkdənmi ciddidir?

Bakirəlik kimi mənasız anlayışlar artıq öz aktuallığını itirib” - Aydın Xan  Əbilov | KONKRET

Aydın Xan Əbilov: “Bəzi siyasətçilər öz işləri ilə məşğul olmaq əvəzinə, özlərini Dədə Qorqud kimi aparır”

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yenimedia.net saytının və kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq  Aydın Xan Əbilov “Yeni Müsavat”a danışdı: “Son illər bir sıra insanlar var ki, ”mentalitet babası" kimi çıxış edirlər və insanlara, cəmiyyətə “necə yaşamaq lazım olduğunu öyrətməyə” çalışırlar. İndi bunların sırasına təəssüf olsun ki, partiya rəhbərləri, siyasilər də qoşulub. Çox təəssüf ki, öz işləri ilə məşğul olmaq, siyasətdə, siyasi həyatımızın müxtəlif problemlərinin analizi ilə məşğul olmaq əvəzinə keçiblər müasir, çağdaş, modern “Dədə Qorqud”luğa", dinşünasların, kulturoloqların, mentalitetşünasların sahəsi üzrə danışmağa. Bir sıra hallarda açıqlamaları da onları gülünc vəziyyətə salır.

Tahir Kərimli tanınmış ictimai-siyasi xadim, yaşlı nəsil nümayəndəsidir. Onun üçün gənclərin həyat tərzi, döydürmələri, tatuları, geyimləri, yaşam tərzi qeyri-adidir, qəbuledilməzdir. Bu normaldır, çünki nəsillər arasında hər zaman mübarizə olub, bütün sahələrdə olduğu kimi. Lakin millət vəkilinə sual vermək lazımdır, millət vəkilləri olaraq nə zaman hökumətin qarşısında məsələ qoydunuz ki, işsizlik, sosial məişət problemləri həllini tapsın, gənc tələbə və məzunların öz sahələri üzrə iş tapa bilməsi, dövlətin, ölkənin, sosial və siyasi həyatımızı önə aparılmasında iştirak etməsi üçün imkan yaradılsın? Əlbəttə ki, işsiz gənc cürbəcür təsir altına düşəcək. Qərbdən gələn təsirləri pisləməkdənsə, bu cür təsirləri azaltmaq üçün yerli, lokal texnologiyalar düşünmək lazımdır.

İndi bir bəhanələri var - mental dəyərlər məhv olur. Mental dəyərlər dedikdə bunlar nəyi nəzərdə tutur?  Biz məgər 15-ci əsrdə yaşayırıq? Və yaxud biz məgər sivil cəmiyyət deyilik ki, bəşəriyyətdə özümüz üçün dəyərlər kəşf edirik? Ümumi dəyərlər, həyat tərzi var ki, internet texnologiyaları vasitəsi ilə dünyanın bütün xalqlarına, o cümlədən Azərbaycana təsir edir və gənclər daha qlobal, daha bəşəri, sivil təsirlərə məruz qalmaqla  yanaşı, öz yeniliklərini edirlər ki, bunu da normal qarşılamaq lazımdır".

Psixoloq Azad İsazadə isə məsələyə bu cür mövqe bildirdi: “Mən də gənc olmuşam və həmin zamanlarda mən də gecələr dostlarım ilə birgə küçələrdə, bulvarda gəzirdim, isti havada dənizə çimməyə gedirdik. Üstəlik bizim zamanımızda belə bir anlayış da var idi ki, əgər sən dərsini öyrənib, sessiyanı təhvil vermisənsə, gəzə, əylənə bilərsən. Beləliklə, bu gənclərə xas davranışdır. Çünki enerji çoxdur, onlar üçün evdə televiziyanın qabağında oturmaq darıxdırıcıdır. Ona görə başa düşməliyik ki, biz özümüz də vaxtilə gənc olmuşuq. İkinci də indi 21-ci əsrdir, qloballaşan dünyada yaşayırıq və bunun üçün sadəcə, evdə oturub, kitab oxumaq azdır.

Bütün dünyada gecə əyləncələri olur. Eləcə də ölkəmizdə  Novruz bayramını gecə vaxtı, qaranlıqda qeyd edirik, qonaq gedirik, qonşuya papaq atırıq. Həmçinin dekabrın 31-də Bakının az qala yarısı küçədə keçirir. Ümumiyyətlə, insanlar həyatın pis və ya yaxşı tərəfini küçədə tanıyır.  Mən deyə bilmərəm ki, küçə mənə yalnız yaxşı şeylər öyrədib. Məsələn, siqaret çəkməyi mənə küçədə öyrədiblər. Bu real həyatdır. Biz nə qədər küçədə az olsaq, o qədər də real həyatın həqiqətlərini, vəhşiliklərini daha az biləcəyik, təcrübə yığmayacağıq. Evdə oturub, sonra həyatda reallıqla rastlaşanda insan çox böyük problemlər yaşayır. Bəli, gecə küçədə risk də var. Belə ki, cinayətlər baş verə, narkotik vasitələrə meyl ola, sərxoş insanlar dava salar bilər və sairə. Amma bu reallıqdır və  bu reallıqdan ötrü bizi polis qoruyur. Ona görə də gecə növbəsində polislər daha çox olur".

Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi  dinləmək istəmirlər"

Azad İsazadə: “Şortik geyinənləri xoşlamayanlar üzünü çevirsinlər, baxmasınlar”

Psixoloq şortik geyinənlərin qınanılmasına da münasibət bildirib: “Mən də şortik geyinirəm, amma evdə. Küçədə bunu özümə icazə vermirəm, çünki mənim yaş qrupum üçün bu ayıbdır. Çünki belə böyümüşük. Lakin mentalitetə gəldikdə mən papaqsız gəzirəm. Amma babam üçün papaqsız gəzmək ayıb idi. Mən üzümü taraş edirəm, halbuki babam saqqal saxlayardı. Və yaxud həyat yoldaşım, qızım, bacım başı açıq gəzir. Deməli, lazım olanda biz mentaliteti yada salır, lazım olmayanda yaddan çıxardırıq. Bəli, mənim də şortik geyinən kişilərdən xoşum gəlmir, amma sadəcə, üzümü çevirirəm, onlarta baxmıram. Biz azad cəmiyyətdə yaşayırıq. Kimsə belə geyinmək istəyirsə və sənin xoşuna gəlmirsə, sadəcə üzünü döndərirsən, baxmırsan. Mənim xoşuma gəlməyən amillər həddən artıq çoxdur, amma indi hamısına reaksiya versəm, dözmərəm. Biz başa düşməliyik ki, həyat rəngbərəngdir. Həyata bir qədər sərbəst baxmalıyıq. Mənim xoşuma gəlmirsə o demək deyil ki, mən haqlıyam, digərləri haqsız.

Əsasən Bakıda şortikdə gəzənlər mərkəzi küçələrdə, o cümlədən “Fəvvarələr meydanı”, “Torqovı”da olur. Onlar daha çox Şərqdən, o cümlədən Hindistandan gələn, ərəb turistləridir. Qərbdən gələn şortikdə gəzən daha səliqəli  görünür, çünki əksəriyyəti idmanla məşğul olur, qarınlı, piyli deyil. Amma Şərqdən gələnlərin əksəriyyəti artıq çəkili piyli olur, estetik görünüşü xoş olmur. Üstəlik yanında olan qadın tamamilə örtülü, üzü bağlı olur. İndi bilmirəm nə yaxşıdır, nə pis. Biz indi sizinlə xaricdə icad və istehsal olunmuş telefonla danışırıq, siz bu müsahibəni xaricdə istehsal olunmuş internetlə kompüterdə qeydə alacaqsınız. Bəs onda bunları necə edək? Əgər hər şeyi qadağan ediriksə, bunları da edək.

Mən unutmuşam ki, sonuncu dəfə nə vaxt Azərbaycan istehsalı olunan paltar və ayaqqabı alıb, geyinmişəm, əsasən xarici istehsala üstünlük verirəm. Amma bazara gedəndə xarici məhsullar deyil, yerli məhsulları alıram, çünki yerli məhsul həm dadlı olur, həm də təbiidir. Deməli özümüz düzgün seçim etməliyik".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR