Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda hostellərin sayının artması insan alveri qurbanlarının çoxalmasına səbəb olur.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Tahir Kərimli mayın 17-də parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatın müzakirəsi zamanı çıxışında deyib.
O bildirib ki, insan alveri qurbanları arasında kişilərin sayının artması narahatedicidir:
“Ümumilikdə insan alveri qurbanları ilə bağlı ciddi mübarizə aparmaq lazımdır. Bəzən elektron sistemin inkişafının öhdəsindən gələ bilmirik. İnsan alveri qurbanları bəzən könüllü hallarda baş verir.
Ölkədə son zamanlar hostel sistemi inkişaf etdiyindən bir az bu sahədə nəzarətsiz hallar müşahdə edilir. Ona görə diqqəti bura yönəltmək lazımdır. Hesab edirəm ki, bu sahədə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zəruridir. Nəzarət tədbirləri daha da gücləndirilməlidir”.
Xatırladaq ki, deputat Tahir Kərimli 2019-cu ildə də parlamentdə hostelləri “insan alveri yuvası” adlandırmışdı.
Deputat yaşadığı ərazidə yerləşən hosteldən şikayətlənərək demişdi ki, hostel yaşayış binasında salınıb və bu da oradakı sakinlərin rahatlığını pozub:
“Mən yaşadığım ərazidə binanı hostelə, mehmanxanaya çeviriblər. Bir balaca abır-həyamız var. İndi biz hamımız oradan köçüb getmək istəyirik. Bu hostel “insan alveri yuvası”dır".
Qeyd edək ki, hostellər Avropa və Asiyanın bir çox ölkələrində artıq 15-20 ildir ki, geniş yayılmağa başlayıb. Azərbaycanda isə hostel anlayışı təxminən 7-8 il öncə yaranmağa başlayıb və əksəriyyət tərəfindən bir o qədər də birmənalı qarşılanmır.
Qeyd edək ki, ingiliscədən mənası “yataqxana” kimi tərcümə olunan hostellər qonaqları qısa və yaxud uzun müddətli yaşayış ilə təmin edən bir sistemdir. Hostellər adətən otellər kimi bir sıra imkanlara malik olmayan yataqxana hesab olunur. Əsasən aztəminatlı turistlər, hansı ki, ya avtobusla, qatarla və yaxud şəxsi maşınla ölkələrə səfərlər edir, daha çox onlar hostellərə müraciət edir. Təbii ki, hostellərdə çox nadir hallarda varlı ərəbə rast gəlmək olar.
Son bir neçə ildə Azərbaycana turist axını çoxaldığından hostellər də tələbar artmağa başlayıb. Amma qeyd etdiyimiz kimi, hətta bir sıra məmurlar tərəfindən hostel anlayışı sərt qarşılanır, "hostellər bağlanmalıdır!" kimi fikirlər səsləndirilir.
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a danışıb.
Ekspert qeyd edib ki, istənilən ölkədə turizmin inkişafı üçün konsepsiyalar hazırlanırsa, müasir turist profili nəzərə alınır:
"Müasir turist profili, əsasən də avropalı, Qərb ölkələrindən gələn, eləcə də Çin turistləri artıq bahalı otellərə üstünlük vermirlər. Onların turizmdə əsas qayəsi istəkləri getdikləri ölkənin tarixi abidələri, mətbəxi ilə tanış olub, gəzməli-görməli yerlərində olmaqdır və bir gecə üçün 100-200 dollar ödəmək istəmirlər. Ona görə də son 20 ildə bütün dünyada hostellər geniş yayıldı. Əgər Azərbaycan da istəyirsə ki, turizmi inkişaf etdirsin, ən azından hökumətin bununla bağlı planları olduğu deyilir, rəsmi açıqlamalar da verilib ki, turizm prioritet sahədir, təbii ki, hostellər də olmalıdır.
Hostellərin hansısa bir milli-mənəvi dəyərlər və yaxud mentalitetlə əlaqəsi yoxdur. Bunu bir-birinə qatmaq doğru deyil, hətta dünyanı anlamamaq deməkdir. Beləliklə də deputatın bu çıxışını anlamaqda çətinlik çəkirəm. Hostellər Azərbaycanda da geniş yayılmalıdır. Bu, turzimin inkişafına müsbət təsir göstərir, nəticə etibarı ilə əlavə iş yerləri, əlavə gəlir, iqtisadi fürsətlər deməkdir".
Xalidə Gəray
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ