İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir İmanov Bakı meriyasını niyə məhkəməyə verib?

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib. "Qaynarinfo" xəbər verir ki, iddiaçı İmanov Tahir Qorxmaz oğludur. İş Bakı İnzibati Məhkəməsindədir. Artıq iş üzrə hakim təyin edilib. İmanov Tahir Qorxmaz oğlunun iddiasına hakim Nəriman Abıyevin sədrliyi ilə baxılacaq. İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir. Xatırladaq ki, Tahir İmanov “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əməkdar artistdir.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı. Əməkdar artist Tahir İmanov isə məhkəmə ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi: "Bu haqda danışmaq istəmirəm. Yalnız sənətim və fəaliyyətimlə bağlı sualları cavablandıra bilərəm".

Bəs hansı halda İnzibati Məhkəməyə müraciət edilir?

Əsabəli Mustafayev: “Əsas məsələ məhkəmə sistemindəki korrupsiyanın aradan  götürülməsidir”

Əsabəli Mustafayev

Vəkil Əsabəli Mustafayev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Adından da göründüyü kimi, İnzibati Məhkəmə inzibati işlərə baxır. Burada bir tərəf mütləq inzibati orqan olmalıdır, sadə dillə desək, dövlət orqanı. Yalnız elə bir dövlət orqanı olmalıdır ki, özü müstəqil qərar qəbul edə bilir, məsələn, icra hakimiyyətləri, nazirliklər, komitələr, hüquq-mühafizə orqanları və sairə.

Burada şikayətin mahiyyətinə də baxmaq lazımdır. Məsələn, olur ki, vətəndaş hansısa dövlət orqanının qərarı ilə razılaşmır və onun barəsində İnzibati Məhkəməyə şikayət edir. Olur ki, vətəndaş icra hakimiyyətinə müraciət edir ki, ona ev növbəsi götürülsün, qurum bundan imtina edir, vətəndaş nəticə məhkəməyə müraciət edir. Yəni ortada ya hansısa qərar, ya da hərəkət və ya hərəkətsizlik olmalıdır. Məsələn, olur ki, vətəndaş hansısa məsələ ilə bağlı dövlət orqanına müraciət edir, çox sayda müraciətləri cavabsız qalır və buna görə hərəkətsizlikdən məhkəməyə müraciət edir.

O ki qaldı Tahir İmanovla bağlı məsələyə, əgər ortada torpaq məsələsi varsa, icra hakimiyyəti yalnız dövlət mülkiyyətində olan torpaq barəsində sərəncam verə bilər. Adətən bağ, mənzil tikintisi ilə bağlı olan torpaqların icra hakimiyyətinə aidiyyəti yoxdur, onlara bələdiyyələr baxır. Yəni icra hakimiyyəti yalnız ümumi istifadədə olan torpaq sahələrinə baxır, məsələn, küçələr, ictimai yerlərdə olan ərazilərə. Ola bilsin ki, bu cür yerlərdən torpaq sahəsi istənilsin və icra hakimiyyəti bundan imtina edib, sonda vətəndaş İnzibati Məhkəməyə müraciət edib. Belə olan halda məhkəmə işə baxacaq və məsələni mümkün, ya da mümkünsüz sayacaq".

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR