Onlayn ictimai-siyasi qəzet
Anti-Azərbaycan çıxışları ilə tanınan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Almaniyadan olan üzvü Frank Şvabe “Amerikanın Səsi”nə müsahibəsində yenə ittihamlarla çıxış edib. Şvabe iddia edib ki, Azərbaycanla bağlı vəziyyət olduqca pisdir, hətta guya Azərbaycan “AŞ PA-nın etimadını sarsıtmağa çalışır”.
“Bununla bağlı bir neçə hal var ki, bizim məruzəçilərimizin ya ölkəyə girişinin qarşısı alınıb və ya orada olarkən, məsələn, həbsxanaları ziyarət etmələrinə, siyasi məhbuslara baş çəkmələri bir neçə dəfə mümkün olmayıb. Bu isə təşkilatın qaydalarına və ideyasına tamamilə ziddir”, - deyə o bildirib. “Son damla 7 fevralda keçiriləcək növbədənkənar seçkilərə dəvət olunmamağımızdır. Azərbaycan nəinki dəvət göndərməyib, eyni zamanda onlarla seçki müşahidə missiyası təşkil edib ki, bunları saxta seçki müşahidə missiyaları adlandırardım. Bu şəxslər dəvət olunaraq onlar üçün yaxşı proqram təyin edilir, səfərləri yaxşı şəkildə təşkil edilir. Sonda onlar sadəcə deməlidirlər ki, seçkilər yaxşı keçib. Həmçinin, ATƏT də dəvət edilib. Azərbaycanın üzv olduğu iki beynəlxalq qurum var ki, həmin qurumları seçkiləri müşahidə etmək üçün dəvət etməlidirlər. Biri ATƏT-dir, biri də AŞ PA. Siz "mən bu müşahidə missiyasını daha çox bəyənirəm" deyərək, sadəcə, bir qurumu dəvət edib, o birini etməyə bilməzsiniz". “
Frank Şvabe iddia edir ki, AŞ PA-nın qərarı Qarabağla bağlı deyil. “Dağlıq Qarabağ sualı, necə istəyirsiniz adlandırın, Avropa Şurasındakı müzakirələrin mərkəzində deyil. Biz beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə sadiqik. Qarabağ və ya Dağlıq Qarabağ, necə istəyirsiniz adlandırın, Azərbaycanın bir hissəsidir. Ancaq bu təşkilat ərazi məsələlərinə baxmır. Avropa Şurası ərazi problemləri ilə bağlı qərar verə, həll yolu tapa bilməz, bununla Birləşmiş Millətlər və ya Minsk Qrupu kimi digər beynəlxalq qurumlar məşğul ola bilər. Avropa Şurasının belə bir səlahiyyəti yoxdur. Avropa Şurasının səlahiyyəti üzv ölkələrdə insan hüquqlarının, qanunun aliliyinin və demokratiyanın vəziyyətinə nəzarət etməkdir”.
Almaniyalı deputat iddia edib ki, Ermənistan da monitorinq altında ölkədir, “ancaq bir fərq var, Ermənistan xalqı ölkəni təmsil edən şəxsləri dəyişmək istəsə, bunu edə bilir”.
Frank Şvabe deyib ki, Azərbaycanın AŞ PA-da, bütün Avropa vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsində üzv qalmasını istəyirlər: “Çünki bu, bir çoxları üçün milli səviyyədə əldə edə bilmədiklərini əldə edə bilməsi üçün son imkandır. Bizim etmək istədiyimiz budur. Bizim qapılarımız açıqdır. Əgər Azərbaycan desə ki, bəli, biz təşkilatın dəyərlərinə və qaydalarına hörmət edəcəyik, onlar ən qısa zamanda geri qayıtmağa dəvət ediləcəklər”. Alman deputat bunları da deyib: “Biz üzv ölkələrin məhkəmə qərarlarını icra etməsində israr edirik, Azərbaycanda bununla bağlı çoxlu problemlər var. Onlar təşkilatı dağıda, sarsıda bilməzlər. Əgər Azərbaycan qaydaları ciddiyə almırsa, qaydalar bizim üçün keçərli deyil və ya yarıkeçərlidir deyirsə, digər 45 ölkə niyə bütün qaydalara riayət etdiyini desin?! Onlar təşkilatı dağıdacaqlar, biz bunun baş verməsinə imkan verməyəcəyik”. Şvabenin iddialarına Bakıdan reaksiyalar olub.
Prezidentliyə namizəd: “Azərbaycan AŞ PA-ya seçkini müşahidə etmək üçün dəvət göndərsəydi belə, başqa bir bəhanə ilə təzyiq edəcəkdilər”
Prezidentliyə namizəd Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, Qərbin müəyyən dairələrinin son dövrlər Azərbaycana qarşı qərəzi açıq-aşkar hiss olunur. Ermənistan üzərində qazandığımız qələbə görünür ki, çoxlarını yuxusuna haram qatıb. Ona görə də Azərbaycana qarşı ən müxtəlif bəhanələrlə təzyiq edirlər, hədələyirlər: “Anti-Azərbaycan çıxışları ilə tanınan Şvabe yenə də Azərbaycan əleyhinə ittihamlarla çıxış edib. Onun məhz indi bu cür çıxışlar etməsi bir daha təsdiq edir ki, əslində məsələnin kökündə Azərbaycanın Ermənistanın üzərində qələbə qazanması, Qarabağın azad olunması dayanır. Sadəcə olaraq, Şvabe və onun kmilər seçkilər, demokratiya, müşahidəçilərə dəvət göndərilməməsi məsələsini qəsdən qabardırlar və dramatikləşdirirlər. Azərbaycan AŞ PA-ya seçkini müşahidə etmək üçün dəvət göndərsəydi belə, yenə başqa bir bəhanə ilə Azərbaycana təzyiq edəcəkdilər. Çünki onların dərdi əslində erməni məsələsidir. Onlar Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsini, separatizm kartının əldən çıxmasını qəbul edə bilmirlər. Bunu dilə gətirə bilmədikdə isə başqa mövzuları gündəmə şişirdərək gətirməklə Azərbaycanı sıxmağa çalışırlar. Azərbaycanın hansı beynəlxalq təşkilatın müşahidəçilərini seçkiyə dəvət etməsi onun hüququdur. AŞ PA-nın müşahidəçiləri yoxdursa, o demək deyil ki, seçkilərə hansısa kölgə salınmalıdır. Bizim qarşımızda duran əsas məqsəd Şvabe kimilərinə cavab vermək yox, ölkəmizdə tam azad, ədalətli, demokratik seçkilər keçirməkdir. Biz bunu edəndə Şvabe kimilərini fakt qarşısında qoyacağıq və susduracağıq”.
Politoloq Murad Sadəddinov isə bildirdi ki, Şvabenin çıxışı təəccüblüdür və bu fikirlər onun təmsil olunduğu təşkilata qeyri-adekvat siyasətçi olduğu rəyini yaradır: “Mən Azərbaycan Avropa Şurasına yeni daxil olduğu dövrdən uzun müddət aktiv QHT kimi orada fəaliyyət göstərmişəm, praktiki olaraq AŞ PA-nın sessiyalarında iştirak eləmişəm. Kifayət qədər bu təşkilatın iş prinsiplərini, fəaliyyətini bilirəm.
Şvabe böyük siyasi qrup olan sosialistlər qrupunun və Almaniyanın nümayəndə heyətinin rəhbəridir. Çox təzadlı bir fiqurdur. Onun AŞ PA-nın anti-Azərbaycan mövqeyinin arxasında ancaq insan haqları, seçkilər dayandığını söyləməsi, sadəcə olaraq, riyakarlıqdır. Vaxtilə Rusiya Krımı işğal etdiyi üçün Avropa Şurasından çıxarılmışdı. Bir müddət sonra Avropa Şurası Rusiyanı geri qaytarma fikrinə düşmüşdü. Halbuki Krım azad edilməmişdi. O zaman da AŞ PA-da canfəşanlıq eləyən məhz bu Şvabe idi. Sual yaranır ki, əgər siz demokratiya, insan haqları, qanunun aliliyindən danışırsınızsa, məgər Rusiya irəli sürdüyünüz tələbləri yerinə yetirmişdi? İndi isə bu adam Azərbaycanın guya Avropa Şurası tələblərinə uyğun olmadığını, müşahidçilərin seçkiyə dəvət edilməməsini əsas göstərir. Hətta bəyan edir ki, Azərbaycan AŞ PA-nı dağıdır. AŞ PA-nı dağıdan, nüfuzdan salan onun qərəzli davranışları, işğalçının tərəfini tutması, zaman-zaman üzvlərinin korrupsiyaya, rüşvətə bulaşdığı barədə məlumatların meydana çıxmasıdır".
Politoloq: "“ATƏT-lə öz aralarında hansısa razılaşmaların pozulmasının hirsini sanki Azərbaycanın üstünə tökür"
M.Sadəddinovun sözlərinə görə, Şvabenin müsahibəsindən həm də o görsənir ki, bu adam sanki incimiş kimidir və ATƏT-in nümayəndə heyətinin dəvət edilməsini elə bil qısqanır: “ATƏT-lə öz aralarında hansısa razılaşmaların pozulmasının hirsini sanki Azərbaycanın üstünə tökür. Hətta ATƏT-in müşahidə qrupunun korrupsiyalaşmış olduğu barədə ciddi ittiham irəli sürür. Məhkəmə sübutları olmadan bu ittihamı səsləndirmək şər atmaqdır. Şvabe necə ki, Azərbaycanı şərləyir, indi də ATƏT-ə şər atır. Seçkinin müşahidəçiliyi məsələsində ATƏT ən təcrübəli, ən ixtisaslaşmış təşkilatdır. Azərbaycan dövləti də məhz seçkinin müşahidəçiliyində dünyada ən böyük təcrübəyə və nüfuza malik beynəlxalq təşkilatı 7 fevral prezident seçkilərini müşahidə etmək üçün dəvət edib. Belə görünür ki, Avropa Şurasında bunu qısqanırlar. Avropa Şurasının müşahidəçiliyi ATƏT-lə müqayisə olunan səviyyədə deyil. Onların aralarında rəqabət, bir-birilərinə olan kin Azərbaycana da Şvabenin hücumlarında öz təsirini göstərir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ