İnsanlara hürriyət, millətlərə istiqlal!

Süveyş kanalı ilə yükdaşımalar kəskin azalıb

Regionda davam edən geosiyasi münaqişə ilə əlaqədar 2024-cü ilin avqustunda Süveyş kanalından keçən gəmilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə azalıb.

Musavat.com xəbər verir ki, gəmi izləmə və reytinq xidməti olan VesselsValue tərəfindən aparılan araşdırmaya görə, kanaldan toplu daşıyıcıların keçidi 39 faiz, tankerlərin keçidi isə demək olar ki, 50 faiz azalıb.

Belə ki, 2024-cü ilin avqust ayında kanaldan ümumi dedveyti 27,9 milyon ton olan 427 yük daşıyıcısı keçib ki, bu da 2023-cü ilin avqust ayındakı dedveyti 45,9 milyon ton olan 703 gəmidən xeyli aşağıdır. Tanker keçidi 49,8 faiz və ya 385 gəmidən 202-yə qədər azalıb. Alternativ marşrutlar ton-mil və gəmi gəlirlərini artırıb. Capesize kimi toplu daşıyıcıların tarifləri illik 61,8 faiz artaraq gündə 14,400 dollardan 23,300 dollara yüksəlib. Tanker seqmentində tariflər də artmaqda davam edir, məsələn, MR tankerləri üçün illik dövr tarifləri 6,2 faiz artaraq gündə 44,3 min dollara çatıb.

Eyni zamanda demək olar ki, hər bir alt sektorda və ölçü kateqoriyasında gəmi xərcləri artır. 15 il əvvəl tikilmiş dedveyti 180 min ton olan kapessizlərin qiyməti 45,5 faiz artaraq 19,9 milyon dollardan 28,9 milyon dollara, eyni yaşda olan 50 min ton dedveytli tankerlərin qiyməti isə bir il ərzində 27,6 faiz bahalaşıb - 22,6 milyondan 29,1 milyon dollara qədər.

VesselsValue analitikləri hesab edirlər ki, vəziyyət qeyri-müəyyən olaraq qalır və gəmiçilik şirkətləri daha uzun, daha təhlükəsiz marşrutlar seçməyə davam edəcək. Bu isə qlobal ticarət axınlarının daha da pozulmasına gətirib çıxaracaq.

Qeyd edək ki, ötən ilin oktyabrından İsrail-HƏMAS qarşıdurması başlandıqdan sonra Qırmızı dənizlə yükdaşımalar təhlükəli hala gəlib. Artıq böyük daşıyıcı şirkətlər kənar marşrutlarla daşımaları intensivləşdirməyə başlayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR