Onlayn ictimai-siyasi qəzet
“Azərbaycana qarşı dəfələrlə açıq-aşkar qərəzli mövqe göstərən sənədlər qəbul olunub. Azərbaycanın 20 ildən artıqdır AŞPA-nın üzvü olmasına baxmayaraq, qurum 44 günlük Vətən müharibəsinə qədər keçmiş Qarabağ münaqişəsinə dair ciddi müzakirələr aparmamışdı. Hər zaman işğalçı Ermənistana və ərazisi işğal edilmiş Azərbaycana bərabərhüquqlu yanaşılıb. Hətta bir sıra hallarda işğalçıya dəstək verilib. Təkcə AŞPA deyil, digər qurumlar da belə mövqe nümayiş etdirib. Qərəzliliyin həddi o dərəcəyə gəlib çatıb ki, erməni lobbisinin təlimatı ilə çalışan AŞPA rəhbərliyi quruma üzv olan nümayəndə heyətlərinə də ciddi təzyiq göstərərək qərarın qəbul edilməsinə sövq edib”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin Azərbaycan-Serbiya parlamentlərarası işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı deyib.
Serbiyanın AŞPA rəhbərliyinə ünvanladığı etirazı şərh edən millət vəkili bildirib ki, Serbiya və Azərbaycan strateji tərəfdaşlardır:
“Dövlət başçılarının bir-birilə şəxsi münasibətləri var ki, bu, dövlətlərarası münasibətlərə də öz təsirini göstərir. Bu yaxınlarda Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib. Ötən illər ərzində Serbiya və Azərbaycan ərazi bütövlüyü ilə əlaqədar bütün beynəlxalq təşkilatlarda bir-birinə dəstək veriblər. Azərbaycan Kosovo məsələsində, Serbiya isə Qarabağ məsələsində hər zaman bir-birinin yanında olub. AŞPA kimi təşkilatlar 44 günlük Vətən müharibəsinə qədər imitasiya edirdilər. Açıq-aşkar Ermənistanı dəstəkləməsələr də, vaxtı uzatmaqla, müxtəlif bəhanələrlə, Azərbaycanda söz azadlığı, demokratiya, insan hüquqları kimi süni problemlər yaradaraq Qarabağın işğalından Azərbaycanın diqqətini yayındırmağa çalışıblar. Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunduqdan sonra bu qurumların maskaları düşdü. Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin etiraz məktubu AŞPA-nın iç üzünün ifşası deməkdir. Əminəm ki, qurumun üzvü olan başqa ölkələr də etiraz məktubu göndərəcəklər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ