Onlayn ictimai-siyasi qəzet
İstənilən müharibədə yeni silahların işə düşməsi yeni qan-qada, yeni fəlakət deməkdir. Məsələn, Birinci Qarabağ müharibəsinin ilk vaxtlarında ermənilər “Alazan” deyilən mərmilərdən geniş istifadə edirdilər. “Alazan” o vaxtlar dolu əleyhinə unikal raket hesab olunurdu. Raketin texniki xarakteristikasını hazırlayan Tiflis Elmlər Akademiyası olub, ilk məhsullar da Gürcüstanın Alazani vadisində istifadə edilib, elə adını da oradan götürüb.
Şuşada döyüşən özünümüdafiə batalyonları tez bir zamanda “Alazan”ı avtomatla vurub zərərsizləşdirməyi öyrəndilər. Amma ermənilər “Qrad” raketlərindən istifadə etməyə başlayanda şəhərdə dağıntılar da artdı, ölüm-itim də, qorxu da. “Qrad” düşdüyü yerdə geniş sahədə dağıntı yaradırdı, həm də uzun atəş məsafəsi vardı. Bizim evimiz “Qrad”mərmisi ilə yanıb kül oldu... Kim verirdi erməniyə bu silahları, bəllidir. Eyni işi Qərb indi Ukrayna müharibəsində təkrar edir. Məsələn, müharibənin ilk aylarında Ukraynaya 155 mm kalibrli özüyeriyən artilleriya qurğusu verilirdi, onun atış məsafəsi cəmi 25-30 kilometrə qədər idi. Ukraynanın ixtiyarına verilmiş “Storm Shadow” (“Fırtına kölgəsi”) və SCALP raketləri isə 560 kilometrə qədər məsafəni, ATACMS 1A, 2A və 4A raketləri isə 220-300 kilometr məsafəni vura bilir. Bu o deməkdir ki, 300 kilometrə qədər məsafədə yerləşən şəhərlər və obyektlər, o cümlədən Krım, Krasnodar diyarındakı kurortlar və Novorossiysk potensial hədəf ola bilər. Tulanın da Ukraynın hədəfi olması mümkündür . Atış nöqtəsindən 500-600 kilometr məsafədə yerləşən şəhərlər də hücum hədəfinə çevrilə bilər, o cümlədən Minsk, Moskva və paytaxta qədər olan digər yaşayış məntəqələri, eləcə də Rostov, Soçi və digər şəhərlərin hədəf olması mümkündür. Dəfələrlə yazmışam, Rusiyanı vurmaq Ukraynanın haqqıdır. Amma bu çıxış yoludurmu, Rusiyanı dayandıracaqmı, bunu demək çətindir...
“Sky News” bu gün xəbər yayıb ki, Ukrayna müharibə başlayandan bəri ilk dəfə Rusiya ərazisindəki hədəfə təyyarə ilə birbaşa zərbə endirib. Britaniya televiziya kanalı qeyd edir ki, hədəf komanda qovşağı olub. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan təsdiq edib ki, Ukrayna döyüş meydanında Amerika silahları ilə Rusiya ərazisinə zərbə endirmək icazəsindən istifadə edir.Fransa prezidenti də Ukraynaya Rusiya ərazilərinə fransız silahları ilə hücumlar təşkil etməsinə icazə verdiyini təsdiqləyib. Berlin də həmçinin... Hələ ki, icazə Xarkov vilayəti yaxınlığında yerləşən Rusiya ərazisindəki hədəflərdən gedir, amma bu, müvəqqəti dövr üçün belədir, tezliklə Amerika silahlarından Rusiyanın dərinliklərini də vurulacağı şübhə doğurmur. Beləliklə, müharibənin əhatə dairəsi də, döyüşlərin şiddəti də artıb.
İndi diqqətlər Rusiya rəhbəri Putinə yönəlib. Rusiyanın Ukrayna paytaxtını yenidən hədəf alması rusları rahatlatmayıb, əhali arasında panika artıb. Ukraynanın da ciddi elektrik problemi var, bəzi vilayətlərdə bir sutkada cəmi 3-4 saat elektrik enerjisi verilir, çörəkbişirmə sexləri tam gücü ilə işləmir. Bu ölkə üçün ciddi problemdir. Rusiya ukraynalıların küçələrə çıxıb müharibənin dayandırılması, Zelenski rejiminə etiraz edəcəyini gözləyir, amma bu hələ ki, arzudur. Eyni şeyi Ukrayna və Qərb müttəfiqləri də gözləyir. Rusiyanın dərinkikləri və arxa cəbhəsindəki şəhərlər vurulduqca, Putinə müharibəni dayandırmaq tələbləri artsın və sairə. Amma bu, bəllidir ki, Putinin həyatının ən ciddi sınağıdır, onu nə yarıyolda qoymaq istəyər, nə geri çəkilmək. Qərb də eyni ağılla hərəkət edir, Ukraynada uduzmaq Qərbin və ABŞ-ın nüfuzuna ciddi zərbə olar. Ona görə bu müharibə “qırmızı xətti” keçməyə doğru gedir və axırı pis olacaq.
Putin əslində Peterburqda jurnalistlərə sonrakı gedişatı belə açıqlayıb: “Birincisi, biz təbii ki, biz Rusiyaya doğru atılan mərmiləri məhv edəcəyik. İkincisi, biz fikirləşirik ki, əgər kimsə ərazimizə zərbə endirmək üçün döyüş bölgəsinə belə silahların verilməsinin mümkün olduğunu düşünürsə və bizə problem yarada bilərsə, cavab simmetrik ola bilər. Bu barədə düşünəcəyik. Üçüncüsü - təbii ki, bu cür hərəkətlər beynəlxalq münasibətləri tamamilə məhv edəcək və beynəlxalq təhlükəsizliyə xələl gətirəcək. Nəhayət, görsək ki, bu ölkələr bizə qarşı müharibəyə cəlb olunurlar və bu, onların Rusiyaya qarşı müharibədə bilavasitə iştirakıdır, onda biz də analoji şəkildə hərəkət etmək hüququnu özümüzdə saxlayırıq”.
Blef edir, yoxsa doğru deyir, bunu özü bilir...
Nazim SABİROĞLU,
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ