Onlayn ictimai-siyasi qəzet
Azərbaycan-ABŞ əlaqələri qarşıdakı illərdə necə olacaq?
ABŞ-da noyabrda keçiriləcək prezident seçkisi ərəfəsi bu ölkədə baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Təsadüfi deyil ki, 2-ci Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevə bu mövzuda da suallar verilib.
Prezident deyib ki, siyasi mədəniyyət anlayışı suala birbaşa cavab verməyə imkan yaratmır: “Qərarı Amerika xalqı verəcək. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı. Buna yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”.
Prezident tədbirdə bu barədə verilən digər suala cavabında bir qədər konkretləşdirmələr edib: “Əlbəttə ki, Azərbaycan-ABŞ əlaqələri, onun görünən tərəfi haqqında danışdıqda, bizim Respublikaçılar hakimiyyəti ilə daha nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü əlaqələrimiz olub. Prezident Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi. Bizim ABŞ-la münasibətlərimiz demək olar ki, hər zaman sabit olub. Əlbəttə ki, müəyyən enişli-yoxuşlu dövrlər olub və o da bizim günahımız deyildi. Çünki bəzən Azərbaycanla bağlı müəyyən şişirdilmiş gözləntilər olub. Digər tərəfdən, onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışıblar, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər. Bu cəhdlər birbaşa və ya müəyyən QHT-lər vasitəsilə olub. Bildiyiniz kimi, Azərbaycan balaca ölkədir və Bakıda hər kəs hər şeyi bilir. Ona görə bunu gizlətmək çətin olardı. Bütün bu enişli-yoxuşlu dövrlərə baxmayaraq, biz münasibətlərə strateji, vacib mövqedən yanaşmışıq və biz burada mümkün qədər əlimizdən gələni etməyə çalışmışıq. Xüsusilə də bizim praktiki baxımdan sülhməramlı əməliyyatlarda iştirakımızı nəzərdə tuturam”.
Əfqanıstandakı antiterror koalisiyasında Azərbaycanın fəaliyyətini yada salan dövlət başçısı təəssüflə vurğulayıb ki, bu missiya başa çatdıqdan sonra ABŞ hakimiyyəti yenidən ölkəmizə qarşı 907-ci düzəlişi-sanksiyanı bərpa edib: “Buna heç bir məntiqi əsaslandırma və izah təqdim etmədən, bu da onların bizə təşəkkürü. Uzun illər ərzində biz onlara qarşı etdiyimizin və yaxşı tərəfdaş olduğumuzun müqabilində Azərbaycan xalqı nə düşünə bilər bu Administrasiya (söhbət Bayden administrasiyasından gedir - red.) haqqında? Yəni deməli, siz onlara lazım olanda olursunuz yaxşı bir adam, yaxşı bir ölkə, sizin haqqınızda təriflər yağdırırlar. Onların sizə ehtiyacı olmayanda nəinki sizə biganə yanaşırlar, hətta sanksiyalar tətbiq edirlər. Nəyə görə? Çünki biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardıq. Bunu hərbi və siyasi yolla etdik və dərhal bizə qarşı sanksiya tətbiq edildi. Yəni bu, çox məyusedici bir haldır. Həmin o müxtəlif bəyanatlarda bizə qarşı istifadə edilən terminlər, yəni "Azərbaycanla bundan sonra əlaqələr əvvəlki kimi ola bilməz", (söhbət dövlət katibinin müavini O’Breyn söylədiklərindən gedir - red.) belə bir bəyanat verdilər, amma nə oldu? Yenidən adi qaydada əlaqələrə qayıtdıq".
Bəhruz Məhərrəmov
Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, qlobal miqyasda getdikcə dərinləşən qütbləşmə və artan ziddiyyətlər fonunda cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycana hər dövlətə bərabər məsafədən balanslı yanaşmağa imkan vermiş, nəticə etibarilə dövlətimiz ən çətin situasiyalarda belə öz milli maraq və mənafelərini qoruya və təmin edə bilmişdi. O cümlədən də Azərbaycan və Amerika Birləşmiş Ştatları münasibətləri həmişə xarici siyasətimizdə prioritetlərdən biri olmuş, dünyanın bu supergücü ilə əlaqələrimizin qarşılıqlı faydalı və bərabərhüquqlu əsaslarda davam etdirilməsində maraqlı olmuşuq: “Prezidentin Şuşadakı çıxışında da ifadə etdiyi kimi, ABŞ-Azərbaycan münasibətləri zaman-zaman enişli-yoxuşlu dövrlər yaşamış və hətta belə dövrlərdə belə biz əlaqələrin yüksək səviyyədə saxlanması üçün əlimizdən gələni etmişik. Lakin təəssüflə qeyd etməliyik ki, ötən dövr ərzində Amerika Birləşmiş Ştatları bir sıra hallarda regionda ikili standartlarla davranmış, hətta dövlətlərin daxili işlərinə qarışmağa çoxsaylı təşəbbüslər göstərmişdir. Cənab Prezidentin özünün də forumda toxunduğu kimi, hətta Amerika Birləşmiş Ştatlarının Azərbaycanda bəzi müxalif siyasi qüvvələri maliyyələşdirməsi ilə bağlı çox səhih faktlar mövcuddur. Bundan başqa, dünyanın supergücü və beynəlxalq hüququn aparıcı simalarından biri olmasına baxmayaraq Amerika Birləşmiş Ştatlarının Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ilə beynəlxalq hüququn aliliyini təmin etməsinə münasibəti də arzulanan formada olmayıb. Azərbaycanın özünün ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərqərar etməsindən, habelə ərazisində separatizmə son qoymasından sonra Amerika Birləşmiş Ştatlarının bir çox dairələri, o cümlədən Nümayəndələr Palatası və Senatında ölkəmizə münasibətdə isterik hücumların, habelə hətta Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri tərəfindən diplomatik etikaya sığmayan bəyanatların şahidi olmuşuq. Lakin tam şəkildə siyasi və iqtisadi müstəqilliyə malik olmağımız bizə imkan verdi ki, Amerika Birləşmiş Ştatları başda olmaqla, istənilən digər beynəlxalq hüquq subyektinin daxili işlərimizə qarışmasına imkan verməyək”.
Deputatın sözlərinə görə, Demokratların hakimiyyəti illərində də münasibətlərin ümumi formatı qənaətbəxş olsa da, təəssüf ki, daha çox nifrət dili və beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərin pozuntusu ilə müşahidə olunan yanaşmalara da şahidlik etmişik: “Xüsusən Azərbaycanda və regionda baş verən hadisələrə qeyri-obyektiv yanaşılması, Dövlət Departamenti və Ağ Evə bağlı ayrı-ayrı media strukturlarında ölkəmizə münasibətdə natamam, qeyri-dəqiq, manipulyasiya edilmiş hesabatların və məlumatların yayılması, təbii ki, bu dövr ərzində bizi məyus edib. Lakin istənilən halda biz irəli baxırıq, ABŞ-Azərbaycan münasibətlərinin perspektivlərinə inanırıq, xüsusən Azərbaycanın artan güc və imkanları fonunda Amerika Birləşmiş Ştatlarının regionda ölkəmizin mövqeyini və imkanlarını daha obyektiv dəyərləndirəcəyinə əminik. Heç şübhəsiz ki, Vaşinqton da artıq bunu dərk etməkdədir”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Prezident İlham Əliyev Şuşadakı çıxışından Azərbaycan-ABŞ münasibətlərini yüksək qiymətləndirib: “Amerikada erməni lobbisi və bir qrup ermənipərəst konqresmen münasibətləri gərginləşdirməyə çallşsa da, Vaşinqton Azərbaycanın bölgədəki əhəmiyyətini anlayır. Vaşinqton Azərbaycanın iştirakçısı olduğu bütün regional layihələri, o cümlədən yeni formalaşan Orta dəhliz layihəsini də dəstəkləyir. Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbədən 3 il sonra antiterror əməliyyatı ilə işğala və separatizmə birdəfəlik son qoydu. Gözləmək olardı ki, bu qələbəmizi həzm edə bilməyənlərin sayı çox olacaq, bizə təzyiq artacaq. Heç biri olmadı, kiçik istisnalar xaricində ərazimizdə separatizmə son qoymağımıza etiraz olmadı, əksinə, tərəfdaşlığa üstünlük verənlərin sayı artdı. Reallıq budur. Vaşinqton da Azərbaycanın Qarabağ üzərindəki suverenliyini qəbul edib. İlham Əliyev Trampa qarşı sui-qəsd cəhdini pislədi. ABŞ-ın indiki Prezidenti Cozef Bayden konqresmen olanda erməni lobbisi ilə sıx əlaqələri var idi. Trampın isə ABŞ-dakı erməni lobbisi ilə bağlılığı yoxdur. Bu baxımdan Trampın prezidentliyi Azərbaycan üçün daha münasibdir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ