İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşadakı Beynəlxalq Forum mediamıza nə verdi? Hadisə haqqında iştirakçılar danışır...

Milli Mətbuatın 147-ci ildönümündə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Beynəlxalq Media Forumu baş tutdu.

Prezidentin köməkçisi Hikmət Hacıyev elan edib ki, Beynəlxalq Media Forumunun ideyası prezident İlham Əliyevə məxsus olub. Yüksək səviyyədə təşkil olunan forumda həm də xarici media nümayəndələri iştirak edib.

Foruma dəvət alanlar arasında “Yeni Müsavat” Media Qrupunun 3 təmsilçisi olub. Media Qrupun rəhbəri Rauf Arifoğlu, baş direktoru Ələsgər Süleymanov və Minval.az saytının baş redaktoru Emil Mustafayev.     

Forumda iştirak edən media nümayəndələrinin bəziləri öz təəssüratlarını “Yeni Müsavat” qəzeti ilə bölüşüblər.

rerer.JPG (52 KB)

Ələsgər Süleymanov bildirib ki, media günü ilə bağlı keçirilən tədbir əvvəlki illərdən çox fərqli olub: “Çox gözəl təşəbbüs idi və maraqlı tədbir oldu. Həm simvolik mənada gözəl oldu ki, ilk dəfə media gününü, jurnalistlərin bayramını Şuşada qeyd etdik. Həm də əvvəlki illərdən fərqli olaraq media əhlinin bir araya toplaşıb, səmərəli vaxt keçirməsinə, müəyyən müzakirələr aparmasına imkan yaradıldı. Əvvəl belə günlərdə bir restoranda yığıncaq təşkil olunurdu, bir neçə saat masa arxasında əyləşib sonra da geri qayıdırdın. İndi isə Şuşada beynəlxalq forumla həmin günü qeyd edirik.

Beynəlxalq Forum çərçivəsində maraqlı çıxışlar və polemikalar da oldu. Düşünürəm ki, görüşdə iştirak edən hər kəs bu forumun nə qədər faydalı olduğunu qəbul edir.

Təşkilatçılıq baxımından da forum yüksək səviyyədə baş tutdu. Səfərin Füzuliyə qədər təyyarə ilə təşkil olunması, prezidentin köməkçisi Hikmət Hacıyevin də bu görüşə qatılması və digər təşkilatı işlər də alqışlanmalıdır”.

e039fea3-5110-47a7-9c8a-cbcd7ec8b0c6.jpg (371 KB)

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı isə qeyd edib ki, 22 iyulda prezidentin təşəbbüsü ilə təşkil olunan Media Forumu Milli Mətbuat Gününə xüsusi bir dəyər qatıb:

“Şuşada sözün həqiqi mənasında möhtəşəm bir tədbir keçirildi. İlk dəfə idi ki, Şuşada Beynəlxalq Media Forumu baş tuturdu. Təyyarədə Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyev elan etdi ki, Beynəlxalq Media Forumu ideyası cənab Prezidentimiz, Ali Baş Komandanımıza məxsusdur, həm də media təmsilçilərinin Füzuliyə qədər təyyarə ilə getməsi göstərişini verib. Bu, Prezident İlham Əliyevin media nümayəndələrinə qayğısının göstəricilərindən biridir.

Tədbir Himnimizlə, şəhidlərimizin anımı ilə başladı, ardınca isə Prezidentin media nümayəndələrinə təbriki oxundu. Bu da Media Gününə xüsusi bir dəyər qatdı.

200-ə yaxın böyük bir yaradıcı kollektivlə Şuşada ilk Beynəlxalq Media Forumunun keçirilməsi uğurlu layihə olmaqla bərabər, böyük bir təbliğat işidir və bu təbliğat artıq “şablon” deyil, tamamilə fərqlidir.

Davamlı olmasını arzulayıram və inanıram ki, MEDİA hər dəfə yeni-yeni ideyalarla, peşəkar təşkilatçılıqla ümumi təbliğatımızda müstəsna rol oynamağa davam edəcək”.            

İlkin Muradov,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR