Onlayn ictimai-siyasi qəzet
AZAL-ın müntəzəm Bakı-Füzuli-Bakı reysi ilə Qarabağa yollanan media nümayəndələri Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa məscidlərində və Xalça muzeyində olublar.
Musavat.com xəbər verir ki, hazırda Şuşada ciddi təmir-tikinti işləri aparılır.
Hər iki məscid tam təmir olunub. Və istifadəyə verilib. Eyni zamanda məscidlərin ətrafında da binalar restavrasiya olunur, yeni tikililər ucaldılır. Şəhərin hər yerində yenidənqurma işləri görülür. Bildirildi ki, Şuşa ən gözəl şəhərlərimizdən birinə çevriləcək və hazırda da turist qəbul etməyə hazırdır.
Xalça muzeyinə gəlincə məlumat verək ki, 2023-cü il mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak ediblər.
Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılıb. Binanın fasadındakı çatlar bərpa olunub və daşla üzlənib.
Qarabağ torpaqlarının Ermənistanın işğalına məruz qaldığı dövrdə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ