İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa Bəyannaməsini ləğv etmək istəyənlərə Ərdoğandan ŞOK ZƏRBƏ

Mayın 14-də Türkiyədə prezident seçkiləri keçiriləcək.

Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçilik etməsi seçkilərdə onun əlini gücləndirə bilərmi?

husameddin-inanc-900x710.jpg (55 KB)

Politoloq Hüsamettin İnaç Musavat.com-a açıqlamasında bildirib ki, Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğan müharibənin lap əvvəlindən Rusiyanın işğalçı güc olduğunu, 2014-cü ildə Krımın ilhaqını, daha sonra hərbi əməliyyat adı ilə başladılan hərəkatın və Donbasın işğalının beynəlxalq hüquqa zidd olduğunu, bunun bir işğal hərəkatı olduğunu ortaya qoydu. Digər tərəfdən də Ukraynanın yanında yer alaraq ona verə biləcəyi hər cür dəstəyi göstərdi:

"Ancaq Türkiyə digər ölkələrdən fərqli siyasət - aktiv neytrallıq siyasəti həyata keçirdi. Yəni Rusiya ilə bağlı mövqeyi ortada olsa da, Rusiya və Ukrayna ilə müzakirələr apara, dialoq qura bilən yeganə ölkədir. Bu siyasət Türkiyəyə çox ciddi qazanc gətirdi. Həm Ərdoğan, həm də insanlıq lehinə irəliləyişlər oldu. Xüsusilə ərzaq böhranı yaşandığı bir vaxtda dünyanın taxıl anbarı kimi tanınan Ukrayna və Rusiyanın taxılını, gübrəsini, digər məhsullarını dünyaya çıxarmaq üçün çox önəmli addımlar atdı. Digər tərəfdən, Türkiyə enerji böhranını həll edə bilmək üçün özünü bir enerji dəhlizi vəziyyətinə gətirdi. Bunun üçün ciddi addımlar atılmağa başlandı. Türkiyə ilk dəfə olaraq Rusiya və Ukrayna XİN rəhbərlərini Antalya Diplomatiya Forumunda bir araya gətirdi. İstanbulda heyətləri atəşkəs müzakirələri üçün bir araya gətirən ölkə də Türkiyə oldu. Bunun bir neçə səbəbi var. Ərdoğan yalnız Türkiyənin deyil, dünyanın da yaxşı durumda olması üçün mücadilə aparan bir liderdir. Bunun da əlbəttə ki, nəticəsi olacaq. Bilirsiniz ki, Rəcəb Tayyib Ərdoğan yalnız Türkiyənin prezidenti kimi tanınmır, həm də dünya liderləri arasında xüsusi nüfuza malikdir. Dolayısı ilə bunun çox böyük üstünlüyü var.

putin.PNG (454 KB)

Türkiyənin Rusiyaya embarqo tətbiq etməməsi ölkəyə böyük mənfəət qazandırdı. Xüsusilə rus turistlərin Türkiyəyə axını başladı, rus şirkətləri Türkiyədə fəaliyyətini genişləndirdi, oliqarxlar Türkiyəyə sərmayə yatırdı. Türkiyə dünyada sözü daha çox keçən və qurulmaqda olan yeni dünya düzənində aktiv rol oynaya biləcək, yəni regional güc olmaqdan beynəlxalq aktor olmağa doğru yönələn bir güc oldu. Əlbəttə, bu durum daxili siyasətə də təsir etdi. Dolayısı ilə Ərdoğan bu gün dünyadakı balansı bu qədər dəyişdirə və dünya siyasətinə istiqamət verə bilən bir lider olaraq Türkiyədə də vazkeçilməz və yeganə lider mövqeyindədir".

Politoloqun sözlərinə görə, mayda keçiriləcək seçkilərdə Ərdoğanın alternativi yoxdur:

"Özlərini alternativ kimi təqdim etməyə çalışanların daxillərindəki problemləri, onların bacarıqsızlıqlarını Türkiyə xalqı çox yaxşı görür. Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçiliyi öncə insanlıq, sonra Türkiyə üçün edib. Əgər yaxın zamanda atəşkəs olacaqsa, Ərdoğan bunun İstanbulda baş tutması üçün əlindən gələn hər şeyi edəcək. Müxaliflər belə Ərdoğanın bir diplomatiya dühası olduğunu, xarici siyasətdə nə qədər önəmli addımlar atdığını qəbul etmək məcburiyyətində qalıblar. Həm Rusiya, həm də Ukrayna Ərdoğanın seçkilərdən qalib çıxmasını istəyəcək. Çünki Türkiyədəki müxalif kəsim tamamilə Avropa ilə bərabər hərəkət edir, onlar Avropanın qazancını Türkiyə qazancından üstün tuturlar. Xüsusilə Azərbaycanla bağlı Şuşa Bəyannaməsini ləğv edəcəklərini, Qarabağla bağlı məsələlərdə Azərbaycanı Ermənistanla baş-başa buraxacaqlarını, Liviyadan, Somalidən, Qətərdən, başqa yerlərdən hərbçiləri geri çağıracaqlarını, Türkiyənin xarici siyasətini 180 dərəcə dəyişdirəcəklərini ifadə etməkdədirlər. Şərqi Aralıq dənizindəki hər cür enerji mücadiləsini kənara atacaqlarını deyirlər. Dolayısı ilə Avropaya təslim olub onun təlimatları çərçivəsində ölkəni idarə etmək arzusunda olan bir müxalifət var. Bunu açıq şəkildə deməkdən də çəkinmirlər. Türkiyə xalqının böyük ölçüdə Ərdoğanın yanında olduğunu görürük".

Zəlzələdən sonra vəziyyət xeyli dəyişib. "Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçilik missiyası dəyişə bilərmi" sualına Hüsamettin İnaç belə cavab verib:

"Əlbəttə, zəlzələ balansı kifayət qədər dəyişdirdi. Çünki 11 rayonumuz demək olar ki, xəritədən silindi. Dünyanın 100 illərdir görmədiyi ən böyük fəlakəti yaşadıq. Rəcəb Tayyib Ərdoğanın zəlzələ təcrübəsi var. Bundan öncə Vanda, İzmirdə zəlzələlər olmuşdu. Van 1 il içərisində bərpa edildi. Dolayısı ilə bu mövzuda da Ərdoğana müdhiş bir güvən var.

973e1469-c2b2-364c-8b64-15dc5b77fa17_850.jpg (110 KB)

Ərdoğanın zəlzələ sonrası yaşananlara yüksək səviyyədə nəzarət edə bilməsi və dövlətin varlığını zəlzələ bölgəsində göstərə bilməsi olduqca önəmli idi. Zəlzələ diplomatiyası başladılıb. Yunanıstan ilk yardıma gəldi, sonra İsrail və digərləri gəldi. Zəlzələ istər-istəməz istənilən ölkənin xarici siyasətinə təsir edir. Lakin bu, zəifləmə mənasına gəlmir. Hesab etmirəm ki, zəlzələdən dolayı Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçiliyində dəyişiklik olacaq. Bilirsiniz ki, Baxmutda şiddətli əməliyyatlar gedir. Rusiya qəbul edilməyəcək addımlar atarsa, Türkiyə vasitəçilik missiyasını başa vura bilər. Məcburən Ukraynanın, Qərbin yanında yer alar. Lakin müharibə nəzarətli şəkildə davam edərsə, Türkiyə öz rolunu davam etdirəcək".

Politoloq vurğulayıb ki, son günlər ABŞ Rusiyaya qarşı embarqoya qatılması üçün Türkiyəyə təzyiqlər edir:

"Türkiyə BMT-nin qərarlarına qatıla bilər, ABŞ və Avropanın deyil. Onlar Türkiyənin fikrini soruşmadan qərarlar qəbul ediblər. Türkiyə onların qərarlarına qoşulmaq məcburiyyətində deyil. Bu gün Amerika ilə Türkiyə tarixlərinin ən pis münasibətlərini yaşayır. ABŞ Suriyanın şimalında bir terror dövləti qurmaq istəyir. Türkiyənin daxilini qarışdıraraq ölkəni parçalamaq niyyətindədir. Rəcəb Tayyib Ərdoğanı bir düşmən kimi gördükləri üçün müxalifətə dəstək verərək seçkilərə təsir göstərməyə çalışırlar. Lakin türk millətinin fərasəti və prezidentimizin fəaliyyəti bu cür müdaxilələrin qarşısını alacaq gücdədir. Dolayısı ilə Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçiliyinin aktiv neytrallıq fonunda davam edəcəyini və onun seçkilərdə qalib gələrək Türkiyənin missiyasını davam etdirəcəyini, Türkiyənin Avropa və ABŞ-ın himayəsi altına düşməyəcəyini düşünürəm".  

Aytən Novruz
Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR