Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukraynanın geniş tərkibdə nümayəndə heyəti Suriyaya səfər edib. Kiyev Rusiyadan boşalan hər yerə özünü çatdırmaqda ustalaşıb.
Ukrayna mediası yazır ki, Dəməşqə gedən "desant məmurlar" iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində mühüm görüşlər keçiriblər: "Səfərin əsas məqsədlərindən biri humanitar yardım, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi olub".
Ukraynanın xarici işlər nazirinin müavini Andrey Sıbiga Dəməşqdə keçirilən görüşlərdə Suriyalı tələbələrin Ukraynada təhsilini bərpa etməyə hazır olduqlarını bəyan edib. O, bu qərarın iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb. Nazir müavini bildirib ki, Ukrayna universitetləri Suriyalı tələbələri yenidən qəbul etməyə hazırdır.
Səfər çərçivəsində Ukraynanın kənd təsərrüfatı və ərzaq naziri Vitali Koval Suriyanın faktiki lideri Əhməd Əş-Şaraya Ukraynanın milli geyimi olan "vışivanka" hədiyyə edib. Görüş zamanı Vitali Koval bu jestin iki xalq arasında dostluq və əməkdaşlıq mesajı daşıdığını qeyd edib. Əhməd Əş-Şara isə bu jestə görə minnətdarlığını bildirib və "vışivankanı" Ukrayna xalqının zəngin mədəni irsinin simvolu kimi qəbul etdiyini vurğulayıb.
Bundan əlavə, Ukrayna Prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə Suriyaya 500 ton buğda unundan ibarət humanitar yardım göndərilib. Bu yardım BMT-nin Qida Proqramı çərçivəsində həyata keçirilib və 33 250 ailəyə çatdırılması nəzərdə tutulur.
Nazir Vitali Koval görüşlərin görüntülərini sosial mediada paylaşaraq, bu hədiyyənin xalqlar arasında mədəni bağların möhkəmlənməsinə töhfə verdiyini bildirib. Eyni zamanda, Suriyalı tələbələr üçün təhsil proqramının bərpası Ukrayna hökumətinin humanitar yanaşmasını və mədəni əlaqələrə verdiyi əhəmiyyəti nümayiş etdirib.
Video: Vitali Koval / X platformasından
Musavat.com
02 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ