Onlayn ictimai-siyasi qəzet
Dekabrın 12-də Türkiyə və Qətərin kəşfiyyat rəisləri İbrahim Kalın və Xalfan əl-Kəəbi Dəməşqə səfər etdilər. Hər iki şəxs çevrilişdən sonra Suriya paytaxtına gəlmiş ilk yüksək vəzifəli dövlət rəsmiləri hesab olunur. Kəşfiyyatçıları Colani şəxsən öz maşınında Dəməşqin qədim Əməvi məscidinə gətirdi. İbrahim Kalın Ərdoğanın 12 il əvvəl səsləndirdiyi arzusunu yerinə yetirərək namaz qıldı.
Aydın məsələdir ki, bu səfər Əməvi məscidində namaz qılmaq üçün təşkil olunmamışdı. Kalın və Kəəbi yeni Suriyanın əsl sahiblərinin kimliyini nümayiş etdirmək üçün orada idilər. Yeni Suriyanın inşasının sponsoru Qətər, icraçısı isə Türkiyə olacaq. Bu arada məlum olub ki, Türkiyə hökuməti Dəməşqdəki səfirlik və Hələbdəki konsulluğun fəaliyyətini yenidən bərpa etməyə hazırlaşır.
Qeyd edək ki, hazırda Türkiyə və Qətər kimi Suriya üsyançılarının dəstəkçi ölkələri üçün bir neçə prioritet məsələ var. Bunlardan birincisi, Suriyada silahlı üsyançılar arasında birlik yaradılması və siyasi keçid prosesinin ağrısız və qansız baş verməsidir. Çünki bu olarsa, Suriyanın yeni hakimiyyətinin dünyada tanınıb qəbul olunması, həmçinin Suriyanın yenidən bərpası üçün xaricdən maliyyə yardımı cəlb eləmək mümkün olacaq. Əks təqdirdə daxildə çaxnaşmalar keçid prosesini ləngidə, hətta yeni silahlı qarşıdurmalara qədər uzana bilər.
İkincisi prioritet məsələ Suriyanın şimal-şərqində möhkəmlənmiş PYD və onun silahlı qolu YPG-nin qurduğu Suriya Demokratik Qüvvələri adlı qeyri-rəsmi idarəçilikdir. Bu ərazi Suriyanın təxminən 20-25 faizini təşkil edir. Amma ən əsası Suriyanın bütün neft və qaz ehtiyatları, həmçinin əsas taxıl istehsalının həyata keçirildiyi Cizrə rayonu burada yerləşir. Türkiyə YPG və PYD-ni terror təşkilatı hesab edir və onların siyasi status almasına qarşıdır. Lakin ABŞ ordusunun 900 nəfərlik heyətinin burada yerləşməsi kürdlərə qarşı əməliyyatın riskini artırır. Buna görə də Ankara indi yeni Suriyada İraqda olduğu kimi kürd muxtariyyətinin yaranmaması üçün hərbi-siyasi qruplarla iş aparır.
Üçüncü prioritet məsələ İsrailin Suriyaya hücumları və həyata keçirdiyi işğal siyasətidir. Bəşər Əsədin devrilməsi ilə İsrail Suriya ərazisində mövcud olan hərbi obyektlər, aviasiya, hava hücumundan müdafiə qurğuları, təyyarələr, hərbi elmi-tədqiqat mərkəzləri, gəmilər və kəşfiyyat mərkəzlərini bombalayaraq məhv edib. Həmçinin 1974-cü il razılaşmasını pozaraq Colan yüksəklikləri bölgəsindəki tampon bölgəni, həmçinin Suriya-Livan sərhədinə doğru əraziləri işğal edib.
İsrailin bu addımı Suriyanın sabitliyini və bütövlüyünü təhdid etməklə yanaşı, Suriya inqilabının “müəllifi” kimi Türkiyəni çətin vəziyyətdə qoyur. Ankara anlayır ki, İsrailin bu şəkildə irəliləməsi Suriyada yeni silahlı qarşıdurmalara və kataklizmlərə, işğal və bölücülüyə səbəb ola bilər. Nəticədə Suriyada siyasi keçid prosesi pozula və proseslər mənfi istiqamətə sürüklənə bilər. Necə deyərlər, hakimiyyəti qorumaq, onu ələ keçirməkdən daha çətindir.
Yeri gəlmişkən, bu gün ABŞ dövlət katibi Entoni Blinken də Ankaraya gələrək prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşüb. Düşünürəm ki, İbrahim Kalının dünən gözlənilmədən Dəməşqə getməsinin əsas səbəblərindən biri də Blinkenin Ankara səfəri olub. Güman ki, Kalın və onun qətərli həmkarı Suriyanın yeni liderləri ilə keçid prosesi və ABŞ-ın mövqeyi ilə bağlı məsləhətləşmələr aparıblar. Blinken də Ankarada bildirdi ki, onlar Suriyanın gələcəyi ilə bağlı razılaşıblar. Lakin bu razılaşmanın nələri əhatə etdiyi məlum deyil. Çünki konkret olaraq kürd məsələsi və İsrailin Suriya ərazisinə müdaxiləsi birbaşa Vaşinqtonla bağlı olan məsələdir.
Vaşinqtonun Suriyanın yeni hakimiyyətini tanıması üçün çox mürəkkəb olmayan tələbləri var. Yeni dünyəvi konstitusiya və hökumət, etnik və dini azlıqların qorunması və sair. Qərbdə hazırda Colaniyə münasibət göstərir ki, Vaşinqtonun ən azı indiki administrasiyasının çox ciddi tələbləri yoxdur. Lakin kürd məsələsi ilə bağlı Ankara və Vaşinqtonun anlaşması o qədər də asan olmayacaq. Kürd məsələsində yeganə ortaq PYD və YPG-nin HTŞ-də olduğu kimi adını və imicini dəyişməsidir. Düzdür, bu dəyişikliyin Ankaranı nə qədər qane edəcəyi ayrı məsələdir. Lakin fakt budur ki, Ankara kürd separatizmi məsələsində geri addım atmaq niyyətində deyil.
Bu məsələdə, yəni kürd mövzusunda mümkündür ki, Suriyanın yeni hakimiyyəti də Ankara ilə ortaq hərəkət edə bilər. Çünki Dəməşqin yeni sahibləri ölkənin neft və qaz yataqlarının, kənd təsərrüfatına ən yararlı torpaqların kürdlərdə qalmasına razı olmayacaq.
Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün
13 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ