Onlayn ictimai-siyasi qəzet
Səkkiz nəfər Azərbaycana gətirilib
Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində, mayın 14-də Suriya Ərəb Respublikasının münaqişə bölgələrinə getmiş 5-i uşaq və 3-ü qadın olmaqla 8 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
Daha sonra İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
Türkiyə Respublikasının İstanbul şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin olunub və onlar ölkəyə gətiriliblər. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşlarımızın repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.
Bəllidir ki, 2011-ci ildə Suriyada prezident Bəşər Əsədin hakimiyyətdən getməsi tələbi ilə xalq hərəkatı başlandı, sonradan bu hərəkat vətəndaş müharibəsinə çevrildi. Xarici dövlətlərin də cəlb olunduğu müharibə nəticəsində ölənlərin sayı yüz minlərlə, qaçqın düşənlərin sayı milyonlarla ölçülür. Hazırda Suriya ərazisinin müxtəlif bölgələrinə müxtəlif qüvvələr (hökumət qüvvələri və digər silahlı qruplar, o cümlədən terrorçular) nəzarət edir.
Suriyada ayrı-ayrı silahlı qruplara qoşulub döyüşənlər arasında Azərbaycan vətəndaşları da vardı. Onların bəzisi Suriya ərazisinə ailəliklə keçib. Suriyada Bəşər Əsədə qarşı döyüşən qruplaşmaların tərkibində əsasən Xaçmaz, Zaqatala, Qax, Yevlax, Şabran, Oğuz, Quba, Şəki, Qusar və Sumqayıtdan olanlar da vardı. Bu axın əsasən 2018-ci ilədək davam etdi. Valideyninin səhvi, günahı, cinayəti ucbatından (Azərbaycanın Cinayət Məcəlləsinə görə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək ağır cinayət sayılır) neçə-neçə azərbaycanlı uşaq hələ də Suriya ərazisində qalıb, əziyyət çəkir. O səbəbdən Suriyada döyüşmüş və həlak olmuş Azərbaycan vətəndaşlarının dəqiq sayının əldə edilməsi ən vacib məsələdir. Düzdür, rəsmi instansiyalarda bununla bağlı rəqəmlər var, amma bəzi adamlar təbii ki, yaxın adamlarının, qohumlarının Suriyadakı döyüşlərdə həlak olması haqda xəbəri tirajlamaya da bilər. O səbəbdən hazırda nə qədər azərbaycanlı uşaq və qadının Suriyada qaldığı haqda dəqiq bilgi əldə etmək çətinləşir.
Zahid Oruc
2024-cü ilin martında Milli Məclisin iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”nin müzakirəsi zamanı bu xüsusda maraqlı fikirlər səsləndirib. Komitə sədri bildirib ki, İraq və Suriyada döyüş zonalarında 469 qadın və uşağın ölkəyə qaytarılması - repatriasiyası üçün işlər görülür: “Xüsusi vurğulayaq ki, terrorçu dəstələrə qoşulanlara və onların yaxınlarına münasibət dünyada birmənalı deyil. Yaxın Şərqdə qeyri-qanuni silahlı qruplaşmalarda iştirak edənlərin və qohumlarının öz ölkələrinə qayıtması təhlükə sayılır. Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatına görə, Suriyaya gedən vətəndaşlarımızın sayı 1000-dən çox olub. Rusiya-Ukrayna müharibəsində də eyni vəziyyət yaranıb. Səngərin hər iki tərəfində bir-birinə güllə atanların həm də azərbaycanlılar olduğuna acıyırıq. Ona görə də Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi, Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır. Sözügedən insanların, hətta uşaqların belə psixoloji durumunda dərin kök salan zədələr onların inteqrasiyası və reabilitasiyasını çətinləşdirir. Ona görə qanunvericilik sisteminin daha da sərtləşdirilməsinə ehtiyac var”.
Arzu Nağıyev
Deputat, təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xaricdə terror qruplaşmalarında təlim keçmiş Azərbaycan vətəndaşlarının həbs olunaraq ölkəyə gətirilməsi, həmin şəxslərin məhkəmə qarşısına çıxarılması təqdirəlayiqdir. “Belə şəxslər ölkəmiz üçün də təhlükədir. İŞİD zəifləyəndən və Əfqanıstan ərazisinə sıxışdırılandan sonra Rusiya prezidenti demişdi ki, bu adamlar öncə İranın ərazisinə keçəcək, daha sonra isə postsovet məkanına. Bu mənada ilk olaraq biz nəzərdə tutuluruq, daha sonra isə Ermənistan. Ancaq təbii ki, islamçı Ermənistana keçməyəcək. O, müsəlman ölkəsi olan Azərbaycana üz tutacaq. Belə bir təhlükə hələ də qalmaqdadır. Biz bu adamları vətəndaşlıqdan çıxarsaq da, onların ölkə ilə müəyyən əlaqələri mövcuddur, gələ bilərlər. Əvvəllər Azərbaycan vətəndaşları olmuş terroristlər var və yeri gələndə ölkəni hədələyirlər. Hədələməyin də səbəbi budur ki, həmin şəxslər bir tərəfdən mövcud olduqlarını rəhbərlərinə göstərmək istəyirlər, digər tərəfdən isə bölgəni təhdid altında saxlaya bildiklərini nümayiş etdirməyə çalışırlar. Bu baxımdan DTX-nın belə şəxslərə qarşı əməliyyatları çox yaxşı haldır və bu, təqdirəlayiqdir. Təbii ki, terrorçularla bağlı görülən işlər tam olaraq ictimaiyyətə açıqlanmır, bu işlər məxfi qaydada aparılır”.
Deputat deyir ki, əməliyyat şəraitinə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən çox yaxşı nəzarət olunur: “Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulub. Ölkəmiz terrorçuluqla mübarizədə öz töhfələrini verir. Bu məsələdə təkbaşına hərəkət etmək mümkün deyil. Azərbaycan müxtəlif təhlükələrin olduğu məkanda yerləşir. Amma bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Azərbaycan beynəlxalq aləmdə öz yerini tutub, etibarlı tərəfdaş olub. Görülən işlər nəticəsində əməliyyat şəraitinə nəzarət olunur. Yeri gələndə müxtəlif terror qruplaşmalarına qoşulan şəxslər vətəndaşlıqdan çıxarılır, barəsində beynəlxalq axtarış elan olunur, həbs edilib ölkəyə gətirilir, məhkəmə qarşısına çıxarılırlar”.
Deputat xatırladıb ki, Azərbaycan vətəndaşının terror fəaliyyətində iştirakı və konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi, Azərbaycan vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnir.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ