Onlayn ictimai-siyasi qəzet
Əvvəllər işlədilən “sonsuz ailə” ifadəsi tibbin inkişafı sayəsində köhnəlib. Son illərdə təbii yolla və ya müalicə ilə övlad sahibi olmayanlar süni mayalanmanın köməyi ilə valideyn ola bilirlər. Dünyada ilk dəfə 1978-ci ildə tətbiq edilən süni mayalanmadan Azərbaycanda 2004-cü ildən istifadə edilir. Süni mayalanma daha çox yumurta ehtiyatı az olan, ümumiyyətlə, olmayan, kişi sonsuzluğundan əziyyət çəkənlərin köməyinə yetir.
Lakin bunun müsbət tərəfi olduğu kimi, mənfi tərəfi də mövcuddur. Orqanizmdə yarana biləcək riskdən əlavə, problemlərdən biri də donorlarla bağlıdır.
Qanunvericiliyə görə, ər və arvad donor haqqında məlumatlı olmalıdırlar. Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Ər və arvad süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdirlər və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir.
Lakin bəzi məhkəmə işlərindən aydın olub ki, bəzən qadınlar süni mayalanma zamanı donorun köməyindən istifadəni ərlərindən gizlədiblər. Nəticədə doğulan körpənin atası süni mayalanma zamanı özünün donor olduğunu zənn edib. Əslində isə aldadılıb. Amma hər ikisinin razılığı ilə donordan istifadə qanunidir.
Bəs bu nə ilə nəticələnə bilər? Ümumiyyətlə, bir nəfərin bir neçə şəxsə donorluluğu hansı problemlər yarada bilər? Süni mayalanmanın müsbət və mənfi tərəfləri nələrdir?
Mövzu ilə bağlı Bizim.media-ya danışan ginekoloq Rəşad Sultan deyib ki, ailənin məlumatlandırılmaması tibbi etikanın və hüququn ciddi şəkildə pozuntusudur:
“Donorun spermatozoidi və ya donorun yumurtahüceyrəsindən istifadə imkanları var. Yəni heç spermatozoid, heç yumurtahüceyrəsi olmayan cütlüklərdə də biz donor yardımından istifadə edirik. Bunun sayəsində də ümidsiz ailələr uşaq sahibi ola bilirlər.
Bu, ailənin istəyi ilə edilir. Tibdə ən xırda müalicə haqqında belə, insan məlumatlandırılıb, sonra müalicəyə başlanılmalıdır. Bəzilərinə elə gəlir ki, süni mayalanmada ailənin icazəsi olmadan başqasının yumurtasından və spermatozoidindən istifadə edilir. Amma bu, belə deyil. Tam tərsi, yəni cütlük özü xahiş edir ki, mənə donor yardımı olunsun və bunun üçün əlavə xeyli miqdarda ödəniş edirlər”.
Həkim süni mayalanmanın müsbət və mənfi tərəflərinə toxunub:
“Süni mayalanma bir sıra ümidsiz xəstəliklərə, problemlərə rəğmən, ailələrə uşaq sahibi olmağa imkan verir. Yəni borular bağlıdırsa, kişidə spermatozoid tək-tükdürsə və ya sıfırdırsa, başqa üsulla hamilə qala bilməyəcək ailələrə övlad sahibi olmağa imkan verir. Eyni zamanda, bir problemi olmayıb, uzun illər müalicə olunub, fayda görməyən cütlüklərə də faydalı olur. Bu, elmdə bir inqilabdır. 40 ildir, bunun sayəsində bir çox ailə övlad sahibi olub.
Süni mayalanma dərmanların vasitəsilə yumurta yetişdirilməsi, dərman müalicəsi və cərrahi müdaxilə, yəni yumurta toplama hissəsindən ibarətdir. Hər bir hissənin özünəməxsus riskləri və ola biləcək fəsadları mümkündür. Dərman müalicəsi zamanı yüksək təsirdən hiperstimulyasiya adlı ağır, ölümə gətirib çıxara bilən ağırlaşma ola bilir. Müdaxilə zamanı isə qanaxma və infeksiya ehtimalı mümkündür. Süni mayalanma hamiləliyində çoxdöllü hamiləlik ehtimalı 30 faiz civarındadır ki, bu özü də riskli hamiləlik sayılır”.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ