İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt dələduzların "xidmətində" - klonlanmış səsi necə tanımalı?

Fərhad Mirəliyev: “Səhlənkarlıq və tamahkarlıq insanları fəlakətə aparır, onları dələduzların toruna salır”

Son dövrlərdə süni intellektin inkişafı ilə yanaşı, ondan sui-istifadə halları da artıb. Xüsusilə səs klonlama texnologiyası sosial şəbəkələrdə və müxtəlif platformalarda təhlükə mənbəyinə çevrilib.

Dələduzlar bu texnologiya vasitəsilə insanların səsini təqlid edərək onların yaxınlarını aldatmağa çalışırlar. Bunun üçün süni intellekt əvvəlcə real səs nümunələrini öyrənir, daha sonra isə istənilən mətnə uyğun şəkildə həmin səsi yenidən yaradır.

Mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə bu cür fırıldaqçılıq hallarına qarşı daha güclü müdafiə sistemləri tətbiq edilməlidir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də vətəndaşlara xəbərdarlıq edib.

Qeyd edilib ki, bu kimi kiberdələduzluq halları ilə qarşılaşan vətəndaşlar nazirliyin 102 xidmətinə və yaxud rəsmi sosial şəbəkə hesablarına müraciət etməlidirlər.

Bəs klonlanmış, yalançı səsləri necə tanımaq olar?

Mütəxəssislər qeyd edir ki, süni intellektlə klonlanmış səsləri tanımaq üçün bir neçə vacib məqam var:

Emosional qeyri-sabitlik. - klonlanmış səslər adətən emosional baxımdan qeyri-təbii səslənir. Hətta tanış bir səs olsa da, emosional çalarlar qeyri-adi və süni görünə bilər.

Axıcılıq və pauzalar - insan nitqi təbii pauzalar və ahənglərlə müşayiət olunur. Süni yaradılmış səslərdə isə bu cəhətlər ya həddən artıq mükəmməl, ya da qeyri-adi dərəcədə düz və monoton ola bilər.

Fonoqrafik səhvlər - bəzi klonlanmış səslər tələffüzdə qəribə səhvlər buraxa bilər. Məsələn, vurğuların səhv olması və ya bəzi səslərin qeyri-adi çıxması mümkündür.

Ətraf səs effektləri - real telefon və ya videozənglərdə ətraf mühit səsləri olur. Klonlanmış səs çox təmiz və süni səslənə bilər və ya əksinə, səhnəyə uyğun olmayan arxa səs effektləri ola bilər.

Şəxsi suallar vermək - əgər sizə tanış bir insanın adından zəng gəlibsə, amma səsdə qəribəlik hiss edirsinizsə, həmin şəxsə şəxsi suallar verin. Məsələn, yalnız ikinizin bildiyi bir hadisə barədə soruşun. Süni intellekt əsasən açıq mənbələrdən məlumat əldə etdiyindən bu cür şəxsi detallar haqqında düzgün cavab verməkdə çətinlik çəkə bilər.

Texnoloji analiz vasitələri - süni intellektlə yaradılan səsləri müəyyən edən proqramlar mövcuddur. Şübhəli səs yazılarını belə alqoritmlər vasitəsilə yoxlamaq mümkündür.

Mütəxəssislər həmçinin xəbərdarlıq edir ki, əgər şübhəli bir səs zəngi və ya mesajla qarşılaşsanız, həmin şəxslə başqa bir vasitə ilə (məsələn, videozəng və ya fərqli bir telefon nömrəsi ilə) əlaqə saxlayaraq doğrulama aparmaq, şübhəli hallarda aidiyyəti qurumlara müraciət etmək vacibdir.

Hamıya 100 meqabit internet lazım deyil: Bu çəkidə aldatmaq kimi bir  nüansdır -AÇIQLAMA

Fərhad Mirəliyev 

Mövzu ilə bağl İT mütəxəssisi Fərhad Mirəliyev “Yeni Müsavat”a danışıb. Mütəxəssis qeyd edib ki, bu cür dələduzluq ssenarisi neyron şəbəkələr vasitəsilə hazırlanır və feyk texnologiyaları adlanır: “Bu texnologiyalar vasitəsilə də müxtəlif video və foto materiallar hazırlamaq mümkündür. İstənilən adamın səsi və ya görüntüsü həm video, həm də foto şəklində montaj edilərək hansısa müraciət fonunda təqdim edilə bilər. Əsasən də bu cür videolar və müraciətlər hazırlanarkən cəmiyyətdə, el arasında tanınmış nüfuzlu şəxslərin, təşkilatların, eləcə də iri bankların və sənaye müəssisələrinin adı ilə müraciətlər ünvanlanır. Bu üsulla insanlarda saxta inam hissi formalaşdırmağa çalışır və onların etibarından sui-istifadə edərək vəsaitləri kiber dələduzluq yolu ilə mənimsəyirlər”.

Fərhad Mirəliyev vurğulayır ki, bu cür hallara qarşı mübarizə aparmaq üçün əsas məsuliyyət vətəndaşın üzərinə düşür: “Çünki qapalı bir mühitdə vətəndaş dələduzla artıq üz-üzə qalır. Qapalı mühit dedikdə burada istifadəçinin müraciətlə rastlaşdığı məkan nəzərdə tutulur. Məsələn, sosial şəbəkə lentini izləyərkən belə bir videomüraciətə rast gələn vətəndaş artıq öz analitik düşünmə qabiliyyətinə və rəqəmsal savadlılığına güvənməlidir. O, müstəqil şəkildə düşünərək təhlil aparmalıdır.

Bunu araşdırmağın yollarından biri budur ki, rəsmi olaraq yayımlanan, hansısa dövlət qurumu, nüfuzlu şəxs və ya təşkilat adından olan müraciətin məzmunu mütləq şəkildə rəsmi mənbələrdən yoxlanılmalıdır. Əgər bu müraciət hər hansı dövlət qurumu - məsələn, SOCAR, ASAN Xidmət və ya hansısa bank adından yayılırsa, ilk növbədə media və informasiya resursları incələnməlidir. Sosial şəbəkələrdəki rəsmi səhifələrə, veb saytlara nəzər yetirilməlidir və həmin məlumatın rəsmi mənbələrdə əks olunması yoxlanılmalıdır. Əmin olmaq lazımdır ki, həqiqətən də bu, rəsmi bir mövqedir.

Əgər görürsünüz ki, hansısa müraciət və ya cəlbedici təklif var, amma onun rəsmi kanallarda əksini görmürsünüzsə, bu zaman onun saxta olması artıq gün kimi aydındır. Yenə də burada məsələ vətəndaşın analitik düşünmə qabiliyyətinə və rəqəmsal savadlılığına dayanır.

Vətəndaşlar bu məsələlərdə səhlənkar və tamahkar olmamalıdır. Qısa müddətdə varlanmaq və ya heç bir əməyin qarşılığında maddi qazanc əldə etmək kimi hərislik və istəklər çox vaxt insanları fəlakətə aparır, onları dələduzların toruna salır. Yəni belə ucuz pul qazanmaq variantları reallıqda mövcud deyil".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR