İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıt hadisələrindən 37 il ötür - götürülən əsas dərs

Bu gün Sumqayıt hadisələrindən 37 il ötür. Bu hadisələr sonrakı illərdə əzəli Azərbaycan torpağı Qarabağda törədilən qanlı qırğınlara, işğala hazırlıq idi.

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub. Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Həmin hadisənin baş verməsində Sumqayıtda yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. O dövrdə SSRİ konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar.

1988-ci ilin yanvar-fevral aylarında, yəni Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanət götürülüb. İstintaqın gedişində məlum olub ki, həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib. O zaman aparılan istintaq zamanı müəyyənləşdirilib ki, 1988-ci il fevralın 27-29-da Sumqayıtda baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri məhz Eduard Qriqoryan olub. Eduard Qriqoryan öz ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, “ermənilərə ölüm”, “ardımca” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib. İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalmış erməni millətindən olan zərərçəkmişlər Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrlərinə əsasən hərəkət ediblər.

İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb. Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra - SSRİ mövcud olduğu zaman - 1991-ci il avqustun 26-da Ermənistan Respublikası, İrəvan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb və sonradan Rusiyanın  Sergiyev Rosad şəhərində peyda olub və orada yaşayıb.

2015-ci il fevralın 9-da Eduard Qriqoryanın 2000-ci il sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib. İstintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin “Krunk” cəmiyyətinə pul vəsaiti köçürdüyü müəyyənləşdirilib. Sumqayıtda zərərçəkən ermənilərin əksəriyyəti keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri “Krunk” cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürənlərdir. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Hətta müəyyənləşdirilib ki, erməni millətindən olan musiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini “Krunk” cəmiyyətinə köçürüblər. Cinayət işinin materialları göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib. SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə çəkilişi aparılıb və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb. Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib. Bütün bunlar bir daha sübut etdi ki, 1988-ci ildə Sumqayıtda törədilmiş hadisələr Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi. Qeyd olunan iğtişaşların bütün sifarişçisi və iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində istintaq-əməliyyat tədbirləri bu gün də davam etdirilir.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR