Onlayn ictimai-siyasi qəzet
Hindistanlıların kütləvi şəkildə Ermənistana axın etməsi xəbəri hələ ötən ilin yayından vardı. Bilgili mənbələr redaksiyamıza məlumat vermişdilər. Sonradan bu xəbər öz təsdiqini tapdı. Ancaq indusların Ermənistana axınının bu qədər kütləvi və arasıkəsilməz olacağı güman olunmurdu. Elə anlaşılırdı ki, bunlar əmək miqrantlarıdır və gəlib Ermənistanda qara işlər görəcəklər.
Əslində yerli ermənilərin özlərinin iş üçün Rusiya, Belarus, Qazaxıstan, Ukrayna və Avropa ölkələrinə səpələndikləri bir vaxtda Ermənistanda hindistanlılar üçün o qədər işin haradan tapılacağı da şübhəliydi.
Bu barədə hətta erməni mətbuatı da yazırdı. Yuxarıdakı fotoşəkili dərc edən media qurumları İrəvana gələn və pasport nəzarəti məntəqəsində dayanan Hindistan vətəndaşlarını əsas götürərək belə bir nəticə çıxarırdılar ki, induslar Ermənistanı işğal ediblər.
Hətta “hər şey əldən gedir, tezliklə Ermənistanda yalnız induslar yaşayacaq” kimi uzaqgedən nəticələr çıxaran, haray-həşir salanlar da vardı.
Təbii ki, şəkilin real olduğunu təkzib edənlər, ona başqa cür izah verənlər də tapılırdı. Bunlar işin içində olanlar idi, dəqiq bilirdilər ki, indusların Ermənistana axını hansı səbəbdən baş verir. Bu, dilə gətiriləsi, publik olaraq paylaşılası xəbər olmadığından onlar faktı ört-basdır etməyə çalışırdılar.
Məsələnin mahiyyətindən xəbərsiz olan ermənilər bilə bilməzdilər ki, əslində bu şəxslər muzdlu döyüşçü olmağa, “zülm görən erməniləri qurtarmağa gələnlər”dir.
Bilindiyi kimi, Hindistan əhalisinin syaına görə, dünyada birincidir. Bu ölkənin 1,4 milyard əhalisi var. Bəlkə də bu yazı yazılıb bitənə qədər daha 3 milyon (Ermənistanın əhalisi qədər) və ya 10 milyon (bizim qədər) artacaqlar.
Bu qədər əhalinin 900 milyonu kasıbdır. Bu kasıblıq isə Avropadakı “kasıblıq”dan deyil. Hindistanda kasıb olmaq cibində 5 rupisi olmamaq, yeməyə çörək tapmamaq, altına baş soxmaq üçün damdan, tavandan məhrum olmaq deməkdir. Yüzminlərlə adam küçədə yatır. Ölkədə milyonlarla dilənçi var. İndusların ayağı yer tutanı ölkədən qaçır, dünyanın hər tərəfində ən ağır işlərdə çalışırlar. Varlı ərəb ölkələrinin qara fəhlələri əsasən induslardan ibarətdir. Son illərdə onlar Rusiyaya və digər postsovet ölkələrə də ayaq açıblar. Hansı dövlət onlara qapı açırsa, iş təklif edirsə, həvəslə və kütləvi şəkildə ora axışırlar.
Məsələyə “ac qılınca çapar” atalar məsələnin hikməti ilə yanaşsaq, indusların Ermənistanda asanlıqla muzdlu döyüşçüyə çevrilməsi problem deyil. Bu məsələdə yeganə problem döyüşçü olmaq istəyənlərin sayının çox, onlar üçün nəzərdə tutulan limitin məhdud olması ola bilər.
Ötən ilin dekabrında indusların Ermənistanda kütləviləşməsində problem görməyən erməni mediasında onların sayının 100-200 min olduğuna dair söhbətlər yalan adlandırılırdı.
İrəvandakı Hindistan diplomatları Ermənistanda 6-8 min Hindistan vətəndaşının olduğuni bildirir, onların da əksəriyyətinin tələbə olduğunu bəyan edirdi.
Bu mövzuda yazan saytların birində belə bir abzas vardı: “Ermənistanda yaşayan induslar artıq qeyd edildiyi kimi, ya tələbədirlər, ya da Ermənistana xeyir gətirən savadlı və tərbiyəli oğlan və qızlardır. Ermənistanda oğurluq edən, qarət edən və ya öldürən heç olmasa bir indus görmüsünüzmü? Əminəm ki, yox. Hamısı çox işləyir, bəziləri Yandex çatdırılmasında, bəziləri kənd təsərrüfatında, bəziləri öz kafe və kiçik mağazalarını açanlardır. Üstəlik, 44 günlük müharibə zamanı Ermənistandakı induslar cəbhəyə yardım edir, humanitar yardım toplayır, ordu üçün mühafizə torları tikir, yaralılar və qaçqınlar üçün pul yığırdılar”.
Daha sonra belə bir abzas: “Amma daha vacibi odur ki, onlar Pakistanın simasında İslam fundamentalizminin nə olduğunu çox yaxşı bilirlər və Hindistanın özündə də öz acı təcrübələrində radikal İslam terrorizminə bələddirlər. Onların Azərbaycana və onun rəhbəri Əliyevə qarşı heç bir xoş hissləri yoxdur, azərbaycanlılar onlar üçün mentalitet və vərdiş baxımından eyni düşmən pakistanlılardır”.
Elə buradanca aydın olur ki, Ermənistanda komalaşan induslar Azərbaycana qarşı düşmən münasibətdədirlər və çoxu gəncdir. Muzdluya daha nə lazımdır? O, ideoloji baxımdan döyüşə hazırdır, pulunu və silahını ver, bas qabağa.
Ermənilər də məhz belə edirlər.
Təbii ki, onlar “bəli, biz Hindistandan muzdlu əsgər gətirmişik” deməyəcəklər. Ona görə də Ermənistanın Sosial Əmək Nazirliyi Ermənistana gələn indusları əmək miqrantları kimi qeydə alır. Bu barədə yayılan məlumatda bildirilir:
“Hazırda tərəflər əmək və məşğulluq sahəsində birgə memorandumun bağlanması imkanlarını müzakirə edirlər. Gündəliyə ölkədə mövcud vakansiyaların siyahısının yer aldığı platformanın yaradılması da daxildir”.
Artıq Hindistandan Ermənistana 60 mindən çox vətəndaşın gəldiyi etiraf olunur. O da bildirilir ki, Dehli və İrəvan arasında birbaşa aviareys açılsa, hindistanlıların sayı kəskin artacaq.
Ermənistanın Respublika İşəgötürənlər İttifaqının sədri Qaqik Makaryan deyib insanlar iş tapa bilmədikləri və ya çox cüzi maaş aldıqları Hindistan bölgələrindən gəlirlər. Onlar orada 25 -100 dollar arasında pul qazanırmış, sanki Ermənistanda “yel əsib, qoz tökülüb” və induslar 5 qat artıq pul qazanacaqlar. Ermənistanda belə iş varsa, ermənilər niyə dünyanın dörd yanına axışır?
Belə anlaşılır ki, Ermənistanda daha qazanclı işlər var, sadəcə, təhlükəlidir, güllə qabağında olmaqdır və ermənilər canlarını çox istədikləri üçün o “iş”dən imtina edirlər.
Bir sözlə, Hindistan Ermənistana təkcə bahalı, güclü silahlar verməklə qalmır, həm də o silahları əlində tutaraq üstümüzə gələsi döyüşçülər verir. Hindistanın sülhsevər lideri Mahatma Qandinin müasir varisləri üstümüzə silahla gəlir. Necə deyərlər, gələcəkləri varsa, görəcəkləri də var.
Araz Altaylı, Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ