İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlıların yeni komandanı Ermənistana niyə getdi?-Hərbi ekspertdən hazırlıq iddiası

 

“Rusiya sülhməramlı kontingentin komandanı general-mayor Andrey Volkovun qeyri-qanuni hərəkətləri təkcə Azərbaycanda deyil, Ermənistanda da etirazlara səbəb olurdu. Ona qarşı nifrət var idi. Bu baxımdan Rusiyanın RSK-nın komandanlığına yeni rəhbər təyin etməsi etirazların qarşısını müəyyən qədər almaq məqsədi daşıyır”.

Bu fikirləri Musavat.com-a hərbi ekspert Telman Qasımov deyib. O bildirib ki, Azərbaycan tərəfi ilə danışıqların aparılacağı, yeni yaradılmış postların ləğv olunacağı barədə informasiyaların yayılması Ermənistandakı ab-havanı stabilləşdirmək üçündür: “Məlumdur ki, Ermənistanda Rusiyanın nüfuzu getdikcə aşağı düşür. Ermənilər yeni müttəfiq kimi İranı görürlər, bu səbəbdən də iranmeyilli fikirlər yaranır. Rusiya bunu görür”.

Ekspert hesab edir ki, Rusiya Paşinyana qarşı planlar hazırlayır: “Paşinyanın vəzifəsindən uzaqlaşdırılması, onun Ruben Vardanyanla əvəz olunması kimi planlar var. Bu baxımdan Volkovdan daha təcrübəli şəxsin ora göndərilməsi Rusiya üçün səmərəli oldu. Məlumata görə, yeni komandanın həyat yoldaşı erməni əsillidir. Güman edirəm ki, bu da vəziyyəti neytrallaşdırır, erməniləri sakitləşdirir. İstər Qarabağda, istərsə də Ermənistandakı proseslər Rusiyanın ciddi hazırlıq içində olduğunu göstərir”.

Qeyd edək ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı, general-polkovnik Aleksandr Lentsov regiona gəlib.

Musavat.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, A.Lentsov  bu gün İrəvanda Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb.

Xatırladaq ki, A.Lentsov aprelin 26-sı Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin yeni komandanı təyin edilib. O bu vəzifədə Andrey Volkovu əvəz edib. Lentsov yeni vəzifəsindən əvvəl Rusiya müdafiə nazirinin müşaviri olub.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR