Onlayn ictimai-siyasi qəzet
Qərbin Cənubi Qafqazda ikinci Ukrayna yaratmaq cəhdi; “Bizi yenə müharibəyə təhrik edərlərsə, 7 günə İrəvanda olacağıq...”
Xəbər verildiyi kimi, iyulun 21-də Ermənistan Kəlbəcər istiqamətindən Azərbaycanın mövqelərini atəşə tutan zamanı yeni silahlardan istifadə edib. Məlumatlara görə, atəş ABŞ, Fransa və Avropa Birliyini (AB) təmsil edən hərbi müşavirlərin iştirakı, daha doğrusu, ortaqlığı ilə həyata keçirilib.
Bildirilir ki, AB missiyası bu yaxınlarda Ermənistana verilmiş öldürücü silahları döyüş şəraitində sınaqdan keçirmək qərarına gəlib. Lakin erməni revanşistlərin budəfəki Kəlbəcər təxribatı çox genişmiqyaslı və dramatik nəticələr verə bilər. Üstəlik, Ermənistan son bir ildə ilk dəfə ağır silahlardan istifadə edib. Amma ən vacib və ən təhlükəlisi başqadır. Mötəbər mənbələrdən əldə edilən məlumata görə, Azərbaycan mövqelərinin atəşə tutulması ABŞ, Fransa və AB-ni təmsil edən hərbi müşavirlərin iştirakı, daha doğrusu, ortaqlığı ilə həyata keçirilib. Belə ki, onlar bu yaxınlarda Ermənistana verilmiş öldürücü silahları döyüş şəraitində sınaqdan keçirmək qərarına gəliblər.
Bu, sözsüz ki, AB-nin monitorinq missiyasının ifşasıdır. Eyni zamanda sülhə, sülh danışıqlarına növbəti xain zərbədir. Bu azmış kimi, iyulun 22-də Avropa İttifaqı Ermənistana ilk dəfə olaraq silah üçün pul ayırıb - 10 milyon avro. Hərbi köməyi Avropa Sülh Fondu maliyyələşdirəcək. Rəsmi Bakının olaya sərt reaksiyası isə özünü çox gözlətməyib.
“Fransa tərəfindən Ermənistanın "Bastion" çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür".
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. XİN rəsmisi Ermənistana sözügedən hərbi yardımın və belə yardımın gələcəkdə artmasına çağırışların Azərbaycan ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətə xidmət edəcəyini söyləyib. “Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edir, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözləyirik. Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək”, - Hacızadə əlavə edib.
Bəs Ermənistan və havadarları nəyə nail olmaq istəyir? Kapitulyant ölkə kimə qarşı silahlandırılır?
Azər Badamov
Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Qərb Cənubi Qafqazda ikinci Ukrayna yaratmaq istəyir: “Qərb hər vasitə ilə Cənubi Qafqaz regionunu yenidən münaqişə ocağına çevirməyə çalışır. Bu baxımdan Ermənistana göndərilmiş AB, ABŞ və Fransanı təmsil edən hərbi müşavirlərin qarşısında müəyyən vəzifələr qoyulub. Bu vəzifələr Azərbaycanı günahkar çıxartmaq üçün birtərəfli qaydada Azərbaycanla sərhəddə gərginliyin yaradılmasına nail olmaqdır. Fransanın Ermənistanı Sezar özüyeriyən qoubitsalar və "Biostion" hərbi avtomobillərlə silahlandırması, ABŞ hərbiçiləri tərəfindən Ermənistan ordusuna təlimlərin keçilməsi və nəhayət, 22 iyulda Ermənistana silahların alınması üçün 10 milyon dollar pulun ayrılması hazırlanmış planın tərkib hissəsidir. Maraqlısı odur ki, Qərbin müşahidəçi missiyasının nəzarəti altında 21 iyulda atəşkəs pozulur və 22 iyulda Avropa İttifaqı Ermənistana 10 milyon dollar ayırır. Təbii ki, bu məsələlər arasında bir bağlılığın olduğunu hər kəs görür. Yəni Ermənistan Azərbaycanla sərhəddə gərginlik yaradacağı təqdirdə AB Ermənistana hərbi dəstək göstərir. Özü də həmin dəstək AB Sülh Fondu tərəfindən göndərilir.
Sual olunur ki, Ermənistana silah almaq üçün maddi dəstək verən bu fond hansı sülhdən danışa bilər? Əksinə, Sülh Fondu adı bu təşkilatın maskasıdır. Sadəcə, bu maska altında onlar yeni münaqişə zonaları yaratmağa çalışırlar. Ermənistana hərbi yardımın göstərilməsi AB-nin heç də sülh niyyətindən irəli gəlmir. Birlik sözdə sülhün meydana gəlməsinə dəstək verməyə hazır olduğunu bildirsə də, hərəkətləri tamamilə deyilənlərin əksinədir.
Qərb çalışır ki, Cənubi Qafqazda ikinci Ukrayna yaratsın. Ermənistan isə bunu başa düşmür. Bu baxımdan Ermənistan silahlanaraq yenidən öz çirkin niyyətlərini reallaşdırmağa çalışarsa, onların taleyini Ukraynanın taleyi gözləyir. Onlar başa düşməlidirlər ki, Azərbaycan yerində dayanıb saymır. Biz də hərbi gücümüzü artırırıq və yenidən müharibə baş verərsə, Ermənistanı nə Fransa, nə də AB xilas edə bilməyəcək. 2020-ci ildə 44 gündə 10 min kvadrat kilometr ərazimizi işğaldan azad etmişdiksə, indi bizi yenidən müharibəyə təhrik edərlərsə, 7 gün ərzində İrəvanda olacağıq. Biz müharibə istəmirik. Amma bizi yenidən buna vadar edərlərsə, nəticəsi Ermənistan üçün çox ağır olacaq. Qərb isə Ermənistanda baş verən dəhşətləri görüb ancaq kənarda dayanaraq seyr etməklə kifayətlənəcək".
Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmməd qeyd etdi ki, hazırda regionda siyasi gərginlik hökm sürür: “Azərbaycanla Ermənistan arasında hər an sülh müqaviləsinin imzalanacağını gözləyənlər var. Hesab edirəm ki, iki ölkə arasında normallaşmanın baş verməsini istəməyən qüvvələr var və onlar buna mane olacaqlar. Açığı, yazılarımda da qeyd edirdim ki, tərəflər arasında qısa zamanda sülhün olması gözlənilən deyil. Əksinə, gərginliyin artması daha realdır. Ermənistanın baş naziri Nikol Paşinyanın bir aya sülh bağlamaq olar bəyanatı elə o səslənən vaxt da inandırıcı deyildi. Çünki Azərbaycanın konkret tələbi var - Ermənistan konstitusiyası dəyişdirilməlidir.
Azərbaycanın digər tələbləri isə ATƏT-in Minsk Qrupunun ləğv edilməsi və qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasıdır. Hesab edirəm ki, hər iki tərəfin ən asan qəbul edəcəyi tələb ATƏT-in Minsk Qrupu ilə bağlıdır. Qərbi azərbaycanlıların qaytarılması isə Azərbaycan üçün həm də sığortadır. Yəni Ermənistan dövləti Qarabağa ermənilərin köçürülməsini tələb etsə, bu tələbə əməl etməli olacaqlar.
Digər tərəfdən, bu, Azərbaycanın strateji maraqlarından xəbər verir. Ermənistanın silahlandırılması prosesi davam edir. Bu, Fransa və Hindistan vasitəsilə həyata keçirilir. Bundan əlavə, Ermənistan ordusu ABŞ ordusu ilə ciddi şəkildə əməkdaşlıq edir. Hətta Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndəsi olacaq. Bu o anlama gəlir ki, ordunun tərkibində ABŞ-dan olan təlimatçılar fəaliyyət göstərəcək. Yəni ABŞ və Fransa Ermənistanda nəinki siyasi, həm də hərbi cəhətdən möhkəmlənməkdədir. Bu, təkcə Azərbaycana qarşı yox, həm də region dövlətlərinə qarşı da ola bilər. Çünki Rusiya tərəfi açıq şəkildə bildirir ki, ABŞ Ermənistana qonşu dövlətlərin orduları barədə kəşfiyyat məlumatları toplamaqla məşğuldur.
Ermənistanı Rusiyadan qoparmağa çalışan Qərb Ermənistanı təkcə Azərbaycana qarşı yox, həm də Rusiyanın ehtimal olunan hərbi müdaxiləsinə qarşı müdafiə qabiliyyətinin artırılmasına çalışır. Ermənistanın öz gücü hesabına 2020-ci ilin sentyabr ayı səviyyəsinə gəlməsi qısa zamanda mümkün deyildi. Buna ancaq böyük güclərin dəstəyi ilə nail olmaq olardı. Hesab edirəm ki, Ermənistanın silahlandırılması Cənubi Qafqaza təhdid yaradır. Əgər regionda hərbi toqquşma baş verərsə, bu, Cənubi Qafqaza fəlakət gətirəcək. Ona görə də Azərbaycanla yanaşı, digər dövlətlər də bu məsələdə həssas davranmalıdır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ